STRATEJİ TƏRƏFDAŞLIQ VƏ MÜTTƏFİQLİK ZİRVƏSİ
Siyasət

STRATEJİ TƏRƏFDAŞLIQ VƏ MÜTTƏFİQLİK ZİRVƏSİ

Azərbaycan və Türkiyə liderləri arasında səmimi dostluq və əməkdaşlıq münasibətləri bunu mümkün etdi

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində əlaqələr tarixinin yeni yüksək zirvəsinə yüksəlmişdir. Burada şübhəsiz, iki ölkənin dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlərin də yüksək səviyyədə olması xüsusi rol oynayır.

44 günlük Vətən müharibəsinin başa çatmasından 2 ilə yaxın vaxt keçir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz parlaq Zəfər qazanıb, Azərbaycan işğal olunmuş tarixi Qarabağ torpaqlarını erməni faşistlərdən azad edib. Qeyd etmək lazımdır ki, bu müharibə həm də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin hansı zirvələrdə olduğunu nümayiş etdirdi. Türkiyə müxtəlif beynəlxalq platformalarda Azərbaycana diplomatik və siyasi dəstək vermiş, Türkiyənin müdafiə sənayesi Azərbaycana məhsullar, əsasən də PUA-lar tədarük etmiş, müharibə başa çatdıqdan sonra iki ölkə arasında birgə hərbi təlimlər keçirilmiş, iqtisadi əlaqələr gücləndirilmiş, diplomatik səfərlər daha çox olmuşdur. Bütün bunlar iki ölkə arasında münasibətləri yüksək səviyyəyə çatdırdı. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər lap əvvəldən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra gənc Azərbaycan dövlətinin diplomatik gündəmində ən mühüm məsələlərdən biri olub və davamlı olaraq müsbət tendensiya ilə inkişaf edib. Türkiyə Azərbaycanın 1991-ci il avqustun 30-da elan edilmiş müstəqilliyini tanıyan ilk dövlətdir. Xalqımızın təkidli xahişləri ilə yenidən Azərbaycanda ali hakimiyyətə qayıdan Heydər Əliyevin müdrik siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, Türkiyə ilə münasibətlərdə də müsbət dönüş yarandı. Və o gündən həm siyasi liderlər səviyyəsində, həm də iki ölkənin xalqları arasında münasibətlər "iki dövlət, bir millət" prinsipi əsasında inkişaf etdi.

Ulu öndərin strateji siyasi kursunun layiqli davamçısı, dövlət başçımız cənab İlham Əliyev Azərbaycanla Türkiyə arasında münasibətlərin daim yüksələn xətlə inkişaf etməsi üçün böyük işlər görmüşdür.

2010-cu il avqustun 16-da iki ölkə arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Saziş imzalanmış, 15 sentyabr 2010-cu ildə isə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əsası qoyulmuşdur. "İki ölkənin milli təhlükəsizliyinin təmin edilməsi, iqtisadi komponentlərin gücləndirilməsi və ümumi maraqların müdafiəsi" prinsipi əsasında bağlanan sazişi hər iki ölkənin parlamentləri təsdiqləyib. Bu müqavilənin digər oxşar sənədlərdən fərqləndirici xüsusiyyəti müttəfiqlik haqqında müddəa idi: "Tərəflərdən biri üçüncü ölkə və ya ölkələr qrupu tərəfindən silahlı hücuma və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər öz şəxsi və ya öhdəliklərini yerinə yetirmək üçün BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş qrup özünümüdafiə hüququ mövcud imkanlar, o cümlədən hərbi imkanlar və manevrlər çərçivəsində qarşılıqlı yardım haqqında razılığa gəlir".

Beləliklə, ikitərəfli münasibətlərin hüquqi bazası, iki ölkə prezidentlərinin şəxsi münasibətlərinin səviyyəsinə əsaslanan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmində isə ikitərəfli münasibətlərin inzibati çərçivəsi müəyyən edilmişdi. Türkiyə və Azərbaycan bir çox ikitərəfli bəyannamələr, sazişlər və təşəbbüslər imzalayıb, həmçinin üçüncü ölkələrlə birgə sazişlərin tərəfi olublar. 2021-ci il iyunun 15-də 2010-cu il sazişindən sonra ölkələr arasında münasibətlərdə ən mühüm sənəd olan Şuşa Bəyannaməsi qəbul edildi. Məhz bu, ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə çatdırdı və 2022-ci il fevralın 1-3-də hər iki ölkənin parlamentlərinin təsdiqindən sonra qüvvəyə mindi. Bəyannamə ikitərəfli münasibətləri bir çox aspektlər üzrə dərinləşdirdi və hər iki ölkənin daxil olduğu beynəlxalq və regional təşkilatlarda - BMT, ATƏT, Avropa Şurası, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (yeni adı Türk Dövlətləri Təşkilatı) və İƏT-də Azərbaycanla Türkiyənin bir-birini qarşılıqlı surətdə dəstəkləməsi imkanlarını daha da genişləndirdi. Bəyannamədə tərəflərdən hər hansı birinin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və ya təhlükəsizliyi üçüncü ölkə və ya ölkələr qrupu tərəfindən təhlükə altına salındığı və ya hücuma məruz qaldığı hallarda ən yüksək səviyyədə əməkdaşlıq təminatlarını ehtiva edir. Bu prinsipə görə, belə bir hücumda ümumi qərarların qəbul edilməsi nəzərdə tutulur ki, buna əsasən hər iki ölkə öz güc strukturlarının və silahlı qüvvələrinin fəaliyyətini əlaqələndirir.

Bundan başqa, bəyannamədə iki ölkənin silahlı qüvvələri arasında şəxsi heyətin mübadiləsi, birgə təlimlərin və təlim kurslarının keçirilməsi, Silahlı Qüvvələrin birgə iş vərdişlərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, yüksək texnoloji silah və sursatların idarə olunması sahəsində sıx əməkdaşlıq nəzərdə tutulub. Başqa sözlə, Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrinin qurulmasının siyasi və hüquqi mexanizmlərini sadələşdirdi. Şuşa Bəyannaməsi imzalanana qədər Azərbaycan Türkiyənin ASELSAN, ROKETSAN, BAYKAR kimi müdafiə sənayesi firmalarından lazerlə idarə olunan sistemlər, artilleriya sistemləri, uzaqmənzilli raket sistemləri və pilotsuz uçuş aparatları kimi silahlar alıb. Hərbi ekspertlər və müdafiə analitikləri bildiriblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasında pilotsuz uçuş aparatlarından, o cümlədən döyüş aparatlarından səmərəli istifadə etməklə Ermənistan üzərində əldə edilən hava üstünlüyünün böyük rolu olub.

Azərbaycan Prezidenti cənab İlham Əliyev "France 24" telekanalına müsahibəsində bildirmişdi ki, Türkiyənin döyüş pilotsuz təyyarələri sayəsində silahlı qüvvələrimiz ermənilərin dəyəri 1 milyard dollardan çox olan silahlarını məhv etməyə nail olmuşdur. Qarabağ müharibəsi başlamazdan əvvəl Türkiyə və Azərbaycan bir çox birgə təlimlər keçirib, sonuncusu “TurAz qartalı” adlanır və 2020-ci ildə Azərbaycanın 5 şəhərində baş tutmuşdu. Müharibədən sonra "Aralıq dənizi fırtınası" adlı genişmiqyaslı birgə təlimlər də keçirilib. 2000-ci ildən bəri çox sayda keçirilən birgə hərbi təlimlər 2020-ci ildən etibarən daha tez-tez və geniş formada keçirilməyə başladı. 5-8 oktyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasında "Sarsılmaz qardaşlıq-2021" birgə hərbi təlimlər keçirilmişdir. Həmin ilin sentyabrında Azərbaycanın paytaxtı Bakıda keçirilən təlimlərə Pakistan da qoşulmuşdu. Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərin xüsusi və yaddaqalan nümunəsi Türkiyənin şərq sərhədində yerləşən Qarsda keçirilən və mayın 26-da başa çatan "Heydər Əliyev-2022" təlimidir. Burada birgə təlimlərdən, müttəfiq zəmanətlərindən müdafiə texnologiyalarının mübadiləsinə qədər hər bir hərbi məsələdə Azərbaycan və Türkiyə ikitərəfli münasibətlərin tarixinin ən yüksək səviyyəsinə çatıb. Lakin ikitərəfli münasibətlər təkcə hərbi və diplomatik əlaqələrlə məhdudlaşmırdı, burada iqtisadi və mədəni əlaqələrin də böyük rolu oldu.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də Türkiyəyə işgüzar səfərə gəlib. Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Təməli 2017-ci il aprelin 3-də qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Şübhəsiz, Prezident cənab İlham Əliyevin Rize-Artvin aeroportunun açılışında iştirakı Türkiyənin inkişafı üçün atılan addıma verdiyi dəstək oldu. Rize-Artvin Hava Limanının açılması xüsusilə Şərqi Qaradəniz regionunun iqtisadi, ticari inkişafı üçün çox önəmli bir addımdır. Bu addımın da dövlət başçımız cənab İlham Əliyev ilə birlikdə gerçəkləşdirilməsi həm Şərqi Qaradəniz, həm də Cənubi Qafqaz baxımından xüsusi bir siyasi mesaj idi.

Sirr deyil ki, Qarabağda tikilən və tikiləcək infrastrukturlar Azərbaycanı regionda güclü və stabil ölkəyə çevirəcək. İlk olaraq Füzulidə mülki və ağır yük təyyarələri qəbul edən beynəlxalq aeroport tikilib istismara verildi. Növbəti beynəlxalq aeroportumuzun açılışı Zəngilanın alınması tarixinə təsadüf etdi. 20 oktyabr 2022-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan möhtəşəm açılışı oldu. Füzulidə olduğu kimi, burada da hava limanından əlavə, həm də infrastruktur da yaradıldı. Şərqi Zəngəzurda açılan ilk aeroportdan sonra növbəti beynəlxalq aeroportların tikintisi Laçın və daha sonra Kəlbəcərdə nəzərdə tutulur. Həmin aeroportlar gələcəkdə beynəlxalq mülki və yükdaşıma xidmətlərində beynəlxalq arenada əsas rollardan birini oynayacaq. Beləliklə, Azərbaycan erməni vəhşilərinin xaraba qoyduğu ərazilərini yenidən qurmağa, gözəlləşdirməyə, dirçəltməyə davam edir. Şəhərlərin yenidən qurulması həmin ərazilərdə dünya təcrübəsinə uyğun inkişaf elementlərini özündə toplayan infrastruktur, texnologiyalar və s. nümunəvi iqtisadi rayonların yaranmasına yaxşı zəmin yaradır.

Diplomatik, hərbi və ticarət əlaqələri Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri təşəbbüslər formatından ümumi maraqlara əsaslanan konkret davamlı əməkdaşlıq səviyyəsinə gətirib. Bu yaxın münasibət bəzi ölkələrdə - İranda narahatlıq yaratsa da, onlar bilməlidir ki, bunun üçün heç əsas yoxdur, çünki iki dövlət arasında əlaqələr üçüncü dövlətlərin maraqlarına xələl gətirməmək şərtilə inkişaf edir.

Emin QASIMOV,

"Respublika".