Region

"ŞUŞA İLİ" İLƏ ƏLAQƏDAR TƏDBİR

Astarada "Şuşa İli"nə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Rayon icra hakimiyyətinin rəsmiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, qazilər, müharibə iştirakçıları, gənclər, ictimaiyyətin nümayəndələri tədbirdə iştirak edib.

Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməklə, xalqımıza böyük qələbə sevincini yaşatdı. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq tarixinə Zəfər Günü kimi yazıldı.

Möhtərəm Prezidentimizin Sərəncamı ilə 2022-ci il ölkəmizdə "Şuşa İli" elan olunub. Bununla əlaqədar Astara rayonunun bütün idarə, müəssisə və təşkilatlarında, mədəni-maarif müəssisələrində müxtəlif məzmunlu tədbirlər keçirilib.

İşğaldan azad edilmiş bütün rayonlarda olduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyi olan Şuşa şəhərində də tikinti, abadlıq, quruculuq işləri geniş vüsət alıb. Şəhərin siması sürətlə dəyişir, yeniləşir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".