Tarixdə bir ilk: “Bakı-2015” Avropa Oyunları
İdman

Tarixdə bir ilk: “Bakı-2015” Avropa Oyunları

Azərbaycan bununla dünya ictimaiyyəti qarşısında mövqeyini daha da möhkəmləndirdi

2015-ci il Birinci Avropa Oyunlarının həyəcanını yəqin ki, çoxları unutmayıb. Bakını küçəbəküçə dolaşan məşəl estafetini hamı səbirsizliklə izləyirdi. Avropa  Oyunlarının rəmzi olan məşəl uzun sürən səyahətdən sonra Bakıya gətirildi. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah” da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq  60 rayonun sakinlərinə bu oyunların ruhunu çatdırdı. Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra  iyunun 7-də Ağ Şəhər Bulvarına, Dövlət Bayrağı Meydanına oradan Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanına gətirildi. Burada onu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi. Sonrakı mərhələdə məşəl respublikanın tanınmış, şəxsiyyətləri tərəfindən müxtəlif etaplardan keçirildi. Ümumiyyətlə, şəhər boyunca məşəl 16 kilometr məsafədə 100 məşqçi tərəfindən daşındı.

2015-ci il Birinci Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də Bakı Olimpiya Stadionunda baş tutdu. Açılış mərasimi xanəndə Alim Qasımovun canlı muğam ifası ilə başladı, sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi. Stadiona daxil olan minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtürdü. Onların ətəkləri Azərbaycan xalçalarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənmişdi. Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın Dövlət Bayrağının obrazı yarandı. Səhnədən səmaya fişənglər atıldı... möhtəşəm idman yarışına start verildi.

O gün qoca Şərqin qapısı, dünyaya günəş kimi doğan Azərbaycan öz işığı ilə bütün qəlbləri isitdi, bir daha sübut etdi ki, bu məmləkət bütün dünyaya açıqdır. Sübut etdi ki, o, bəşəriyyətə sülh və barış istəyir...

Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarı ilə 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə verildi, Avropa oyunları tarixində ilk dəfə Bakı şəhərində keçirildi.

2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli fərmanı ilə Təşkilat Komitəsi yaradıldı, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edildi.

Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə apardı, Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olundu. 2015-ci il Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü olimpiya, 6-sı qeyri-olimpiya idman növü idi. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışırdı. Medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutdu. Onlar Birinci Avropa Oyunlarında 79 qızıl, 40 gümüş, 45 bürünc, ümumilikdə 164 medal qazandı. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Mübarizəyə 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medala sahib oldu. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəf idi. Üçüncü sırada isə Böyük Britaniya qərarlaşaraq 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və Birinci Avropa Oyunlarını 47  medalla başa  vurdu.

“Bakı-2015” Birinci  Avropa Oyunları təkcə idman yarışı deyil, əsl bayram tədbiri idi. Belə ki, oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Serbiya prezidenti Tomislav Nikoliç, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan prezidenti Emoməli Rəhmon, Monteneqro prezidenti Filipp Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin  sədri Mladen İvaniç, Monako şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və digər ölkələrin yüksək səviyyəli şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edirdilər.

Bəşəriyyəti birləşdirən əsas dəyərlərdən biri kimi idman sağlam düşüncəli gələcək nəslin formalaşmasında mühüm rol oynayan amildir. Hər il müxtəlif formatlarda və fərqli növlərdə çoxlu sayda beynəlxalq idman tədbiri keçirilir. Ən irimiqyaslı idman tədbirləri Olimpiya Oyunları və müəyyən qitələrdə keçirilən oyunlar hesab olunur. 1951-ci ildən bəri Amerika qitəsi ölkələrini əhatə edən Panamerika Oyunları və Asiya ölkələrini birləşdirən Asiya Oyunları keçirilsə də, köhnə qitənin ölkələrini birləşdirən oyunlar yox idi.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyinə şübhə ilə yanaşan bəzi Qərb dairələrinin təəccübünə rəğmən çox qısa zaman ərzində oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı.

On yeddi gün ərzində davam edən multi-idman yarışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu görənlərdən bəziləri bunu sevinclə, bəziləri etinasızlıqla, bəziləri isə məyusluqla qarşıladılar. Bütün çətinliklərə və Qərb mətbuatının bəzi nümayəndələrinin qərəzli mövqeyinə baxmayaraq, bu olduqca əhəmiyyətli tədbirin öhdəsindən ən yaxşı şəkildə gəlindi. Oyunların yüksək səviyyədə təşkil olunduğunu tək biz yox, beynəlxalq ekspertlər, müxtəlif ölkələrin Olimpiya komitələrinin rəhbər şəxsləri, yarışlarda iştirak edən idmançıların  özləri və bu beynəlxalq tədbiri işıqlandıran jurnalistlər də təsdiq edirdilər.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov “Bakı-2015” ilk Avropa Oyunlarının yekunları və təşkilatçılıq barədə təəssüratlarını bölüşərkən Bakıdakı arenaları London Olimpiadasının idman qurğuları ilə müqayisə edib və oyunların təşkilinə cəlb olunmuş könüllülərin fəaliyyətini yüksək qiymətləndirib. A.Jukov Avropa Oyunlarının proqramında qeyri-olimpiya idman növlərinin yer almasını da düzgün qərar adlandırıb: “Əlbəttə ki, Birinci Avropa Oyunlarının proqramına qeyri-olimpiya idman növlərinin də daxil edilməsi düzgün qərardır. Azarkeşlər bu idman növləri ilə daha yaxından tanış olmaq, müsbət məqamları qiymətləndirmək və yeni yarışları izləmək imkanı qazanırlar. Misal üçün, Rusiya sambo idman növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsinə çalışır. Bu səbəbdən, sambonun Asiya və Avropa Oyunları kimi vacib yarışların tərkib hissəsi olmasını yüksək qiymətləndirirəm. Fikrimcə, yarışlar çox maraqlı keçdi və xoş təəssüratlar yaratdı”-deyə o, bildirib.

“ Belarus seqodnya” internet portalında dərc olunan “Təşəkkürlər Bakı!” sərlövhəli məqalədə Birinci Avropa Oyunlarının tarixin ən gözəl səhifələrindən birinə çevriləcəyi qeyd olunurdu. İsrailin “Times of İsrael” qəzetində dərc olunmuş, “Avropa Oyunları dostluğu və tolerantlığı əks etdirir” sərlövhəli məqalədə Azərbaycanda yəhudilərə qarşı tolerantlığın ən yüksək nümunəsinin sərgiləndiyi vurğulanırdı. Müəllif yazırdı: “Qafqazda böyük önəm daşıyan Azərbaycanın cəsarətli addımları çoxları tərəfindən həsəd və qərəzlə qarşılanır. Azərbaycanın neft-qaz resursları, eləcə də buradan çəkiləcək qaz kəməri Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq. Beynəlxalq terrorizmə qarşı mübarizədə də Azərbaycan mühüm rol oynayır. ABŞ Dövlət Departamentinin ekstrimizm,  terrorçuluq, çirkli pulların yuyulmasına dair hesabatında da Azərbaycan uğurlu tərəfdaş kimi  göstərilib. Ölkə bu məsələlərdə ABŞ-ın və NATO-nun həqiqətən də uğurlu tərəfdaşıdır”.

Birinci Avropa Oyunları çərçivəsində keçirilən qadınların boks yarışlarında qızıl medal qazanan britaniyalı idmançı Nikola Adams oyunlarla bağlı təəssüratlarını bölüşərkən tarixin bir hissəsi olan bu möhtəşəm yarışlarda qalib gəlməkdən çox məmnun olduğunu qeyd edib.

Macarıstanın nüfuzlu “The Budapesh Times” jurnalında dərc olunan məqalədə Birinci Avropa Oyunları təşkil edilməyənə qədər Avropanın bu səviyyədə beynəlxalq idman yarışları keçirilməyən yeganə qitə olduğu bildirilir.

Qırğızıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Əməkdar məşqçi Aleksandr Voinov oyunlarla bağlı fikrini bildirərkən qeyd edib ki, bu möhtəşəm idman tədbirinin keçirilməsi üçün yaradılan infrastruktur gələcəkdə də ölkənin idman uğurlarının artmasına xidmət edəcək. Vitse-prezident bildirib ki, Azərbaycan idmançılarının uğurları onların 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Olimpiya oyunlarında da yüksək nəticələr göstərəcəklərinə sübutdur. İdmanın inkişafına yönəldilən dövlət siyasəti Azərbaycanda yeni-yeni yarışların keçirilməsinə imkan yaradacaq və yeni idman qəhrəmanları yetişəcək. Bu da gələcək üçün daha güclü və sağlam nəsil yetişdirmək deməkdir.

Ukraynanın gənclər və idman naziri İqor Jdanov Birinci Avropa Oyunlarını böyük idman bayramı adlandıraraq atletlərin rahatlığı üçün çox yaxşı şəraitin yaradıldığını qeyd edib.

İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin internet versiyasında Valentin Otterlinin Avropa Oyunlarından Olimpiya oyunlarına doğru” sərlövhəli məqaləsi dərc olunmuşdu. Müəllif oyunlar üçün inşa edilmiş idman arenalarının möhtəşəm olduğunu bildirir, qeyd edirdi ki, Bakı Atçılıq Mərkəzinin bəlkə də dünyada tayı- bərabəri yoxdur.

Oyunların ən azı açılış mərasimi qədər möhtəşəm təşkil olunan bağlanış mərasimindən sonra beynəlxalq mətbuatın diqqəti yenidən ölkəmizə yönəldi. Əksər xarici mətbu orqanlarda verilən məqalələrdə bağlanış mərasiminin möhtəşəmliyi qeyd olunurdu. İspaniyanın “produccion. notitarde.com” saytında yayılmış məqalədə bağlanış mərasimindəki çıxışlar yüksək qiymətləndirilib, səhnə tamaşaları “çox təsirli” adlandırılırdı. Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib.

Fransanın “ladepeche.fr” saytı Birinci Avropa Oyunlarını xarakterizə edərək “Olimpiya oyunlarının ideal surəti” ifadəsini işlədib. Sayt yazırdı ki, Bakı oyunların təşkili ilə digər böyük idman tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdi.

“Sports max.tv” idman portalı bağlanış mərasiminin möhtəşəmliyini qeyd edərək Bakı Olimpiya Stadionunda keçirilən tədbirə dünya şöhrətli ulduzların da qatıldığını vurğulayırdı. Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirləri də  yer almışdı: “Azərbaycanın gələcəyi parlaqdır.  Avropa oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir”.

Bu və digər çoxsaylı misallar xarici mətbuatın Birinci Avropa Oyunlarına verdiyi önəmi bir daha təsdiq edir. Azərbaycan tarixdə ilk belə tədbirə ev sahibliyi etməklə dünya ictimaiyyəti qarşısındakı mövqeyini daha da möhkəmləndirdi, müstəqil və güclü bir ölkə olduğunu sübut etdi.

2015-ci il 28 iyun. Bakı Olimpiya Stadionu yenə də izdihamlıdır, bağlanış mərasiminə yenə də çoxlu sayda tamaşaçı gəlib. İdman mütəxəssislərinin, analitiklərin gəldiyi qənaət belədir: “Bakı-2015” Olimpiya Oyunları gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkin deyir: “Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi...”

Bəli, iyunun 17 günü möhtəşəm idman bayramı və Birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.

Zümrüd QURBANQIZI,

“Respublika”.