Digər xəbərlər

"TARİXİN ZƏFƏR YOLU" kitabının təqdimatı

Ötən gün Xətai rayonunda yerləşən 28 saylı Laçın rayon məktəbində   yazıçı-jurnalist Subut Mehdiyevin  "Tarixin zəfər yolu" kitabının təqdimatı oldu.  Bu "Zəfər tarixinin qəhrəmanları" layihəsi çərçivəsində oxucuların ixtiyarına verilən növbəti kitab idi. Tədbirin orta məktəbdə keçirilməsi kitabın məzmun və qayəsinin nə qədər əhəmiyyətli olmasından  xəbər verirdi. Zəfər tarixi haqqında yazılan kitabların məqsəd və məramı gənc nəsillərə vətən sevgisinin aşılanmasıdır.

28 saylı Laçın rayon məktəbinin tərbiyəvi işlər üzrə direktor müavini Sevinc Əliyeva tədbiri giriş sözü ilə açdıqdan sonra  bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anıldı, dövlət himni səsləndirildi.  Daha sonra kitabın müəllifi Subut  Mehdiyevə söz verildi. Müəllif  iştirakçılara kitab haqqında məlumat verdi.

"Tarixin zəfər yolu" kitabında Ali Baş Komandan İlham Əliyevin Laçının Qarabağın açarı olduğu və strateji əhəmiyyəti, mineral su ehtiyatları, təbiətinin ekoloji faydalılığı barədə tarixi çıxışı yer alır. Kitabda eyni zamanda tarixçi-alim Şikar Qasımovun Laçının tarixi barədə geniş araşdırma yazısı öz əksini tapır. Daha mühüm və vacib məqamlardan biri də odur ki, kitabda millət vəkili Mahir Abbasın  Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxil olmuş Laçının region və Qarabağ, bütövlükdə  isə Azərbaycan üçün hansı iqtisadi yükü daşıması barədə yazısı vardır. Həmçinin Babək Aslanovun rəhbərliyi ilə cəmlənmiş 30 nəfər bələdçi-kəşfiyyatçının fədakarlığı barədə məlumatlar kitabda yer almışdır. Kitabda həm Birinci Qarabağ, həm də 44 günlük Vətən savaşında döyüşmüş qəhrəman döyüşçülərimiz haqqında da geniş və ətraflı məlumat var.

Millət vəkili Müşfiq Məmmədli çıxış edərək tarixdə   qalan böyük şəxsiyyətlərin xalqına yönəlik xidmətlərindən danışdı. Millət vəkili qeyd etdi ki,  tarixi zəfərin əhəmiyyəti bu gün çox böyükdür.  Bu şanlı zəfər xalqımızın milli kimliyini özünə qaytardı. O, kitabın müəllifinə də təşəkkürünü bildirərək belə vacib layihələrin əhəmiyyətinin böyük olduğunu bir daha vurğuladı.

"Laçın yurdu" jurnalının baş redaktoru Arif Məmmədli, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri   Aynurə  Həsənova öz çıxışlarında bu gün  şanlı zəfərimizin əldə  olunmasında Azərbaycan Ordusunun keçdiyi tarixi və şərəfli döyüş  yolundan söhbət açmış və bu şərəfli tarixin yaşadılması baxımından kitabın əhəmiyyətindən danışdı. Daha sonra Səhər Manafova çıxış edərək layihənin yaranma zərurətindən və görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verdi.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri  Babək Aslanov çıxış edərək "Tarixin zəfər yolu" kitabının əhəmiyyəti barədə söylənilən fikirlərə əlavə edərək bildirdi ki,  zəfər tariximizin təbliği baxımından  kitab gələcək nəsillərə ən gözəl hədiyyədir.

"Respublika".