Taxılçılıqda yüksək məhsuldarlıq
İQTİSADİYYAT

Taxılçılıqda yüksək məhsuldarlıq

Azərbaycanda taxıla və taxıl məhsullarına tələbat böyükdür. Məsələn, "ikinci çörək" adlandırılan kartofa illik istehlak norması (adambaşına) 50, pomidora 21, kələmə 15, soğana 10 kiloqram olduğu halda, taxıla tələbat 185 kiloqramdır.

Elə buna görə də ölkədə taxılçılığı inkişaf etdirmək (əkin sahələrini genişləndirmək, yüksək məhsuldar sortlar əldə etmək və yetişdirmək, fermerlərə subsidiyalar verməklə və s.) dövlətin strateji vəzifəsi sayılır. Prezident İlham Əliyev sahənin inkişaf etdirilməsini həmişə diqqətdə saxlayır və qayğı göstərir.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də bu məsələ diqqət mərkəzində olub. Dövlət başçısı kənd təsərrüfatının ötən il 2 faiz artdığını bildirib və deyib ki, bu sahə daha çox artacaq. İşğaldan azad edilmiş bölgələrdə sahənin bərpası və inkişafı işlərinə artıq başlanılıb.

Müşavirədə dövlət başçısına məlumat verilib ki, taxıl üzrə məhsuldarlıq ölkədə 31,2 sentner təşkil edib. Suvarma problemi yaşanmayan bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb, hətta fermer təsərrüfatlarında 60 sentnerə qalxıb. Əlbəttə, işğalçı Ermənistanla müharibə apardığımızı, pandemiyanın tüğyan etməsini, üstəlik kənd təsərrüfatında susuzluq probleminin yaşandığını nəzərə alsaq, nəticələri müsbət dəyərləndirmək olar.

Deməli, bu il taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün gözəl bünövrə yaranıb. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin payızında ölkədə 966,6 min hektar sahədə taxıl əkilmiş və tarlalarda bol məhsul yetişdirilmişdir.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu il sentyabrın 1-dək taxıl sahələrinin 99,5 faizinin məhsulu biçilib. 3 milyon 60 min 649, 2 ton məhsul əldə olunub ki, bu da hər hektardan 31,8 sentner taxıl deməkdir. Doğrudur, taxılın tam biçilib başa çatdırılması barədə hələ ki, rəsmi məlumat yoxdur, amma biçilməmiş qalan sahənin yekun rəqəmə ciddi təsiri olmayacağı şəksizdir.

İqtisadi rayonlar (İR) içərisində ən yüksək məhsuldarlığa nail olan Mil-Muğandır (Beyləqan, İmişli, Saatlı, Sabirabad inzibati rayonları). İR üzrə hər hektardan 40,1 sentner.

İnzibati rayonlar arasında ən çox taxıl toplayan Şəki (194,8 min ton) və Cəlilabaddır (184,6 min ton). Sonrakı sıraları Kürdəmir (136,4 min ton), Neftçala (124,5 min ton), Füzuli (118,7 min ton), Ağsu (116 min tona yaxın), İsmayıllı (107,6 min ton), Sabirabad (106 min ton) və Ağcabədi (105,6 min ton) rayonları tutur. Bunlar ölkənin taxıl nəhəngləridir.

Rayonlar içərisində ən yüksək məhsuldarlığa Bərdə nail olub. Hər hektardan 44 sentner. Ağdam, Tərtər, Saatlı rayonları da məhsuldarlığı 40 setnerdən yuxarı qaldırıblar.

N.CAVADOV,

"Respublika".