Təhlükəsizliyin keşiyində
Siyasət

Təhlükəsizliyin keşiyində

1991-ci ildə Azərbaycan öz istiqlalını bərpa edəndən sonra dövlət idarəçiliyi sistemində səriştəsiz və savadsız şəxslərin yer alması nəticəsində bir müddət pərakəndəlik, dağınıqlıq yaranmışdır. Belə bir vəziyyətdə xalqımız ikinci dəfə qazandığı dövlət müstəqilliyini itirmək, Azərbaycan bir ölkə olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə qaşılaşmışdır. Hakimiyyətdaxili mübarizələr, anarxiya, xaos Azərbaycanı uçurum qarşısına gətirib çıxarmışdır.

Yalnız 1993-cü ilin 15 iyununda xalqın təkidli xahişi ilə Azərbaycanın böyük oğlu, dünya səviyyəsində tanınan müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə dövlətimiz və xalqımız böyük bəlalardan qurtuldu, sabitlik, inkişaf və tərəqqi yoluna çıxdı.

Heydər Əliyev kimi dahi şəxsiyyətlər həmişə xalqın və dövlətin həyatında ən mürəkkəb, taleyüklü məsələləri həll etmək üçün zəruri anlarda meydana çıxır. Ulu öndər Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən qurtarmaq, dünyəvi, hüquqi, demokratik dövlət qurmaq, cəmiyyətimizi inkişaf etdirmək kimi mühüm vəzifələri yerinə yetirmək naminə hakimiyyət sükanı arxasına keçdi.

Dövlət Mühafizə Xidmətinin çağdaş tarixinin ən şanlı və unudulmaz anları da məhz ümummilli lider Heydər Əliyevin adı və gərgin fəaliyyəti ilə bağlıdır. 23 avqust 1993-cü il tarixdə ulu öndər imzaladığı Fərman ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiya birləşdirilərək, onların bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılmışdır. 1993-cü ilin 20 sentyabr tarixli digər Fərmanla isə Baş Mühafizə İdarəsinin Əsasnaməsi və yeni strukturu təsdiq edilmişdir.

Məhz 1993-cü ildən sonra Xidmətin həyatı mühüm hadisələrlə yadda qalmış, onun strukturu, kadr ehtiyatı və maddi-texniki bazası əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, fəaliyyət dairəsi genişləndirilmişdir.

Ümummili liderimizin 6 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlandırıldı və 31 may 2003-cü il tarixli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin yeni Əsasnaməsi təsdiq edildi.

Xidmətin nümunəvi fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, Heydər Əliyev həmin vaxt özünün başqa bir Fərmanı ilə bu quruma böyük etimad göstərərək milli iqtisadiyyatımızın şah damarı olan ixrac neft və qaz boru kəmərlərinin mühafizəsini də Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsini yaratmaqla bu quruma həvalə etdi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında baş vermiş hadisələrdə Azərbaycanda müəyyən qüvvələr sabitliyi pozmaq, dövlət çevrilişi etmək kimi qanunsuz və çirkin əməllərə əl atmışlar. Həmin mənfur niyyətlərin qarşısının alınmasında, gənc dövlətçiliyimizin qorunmasında Xüsusi Dövlət Mühafizə Xidmətinin bütün şəxsi heyətinin cəsarət nümayiş etdirməsi, öz Prezidentinə, xalqına, Vətəninə sadiq olması, bu ağır və mürəkkəb günlərdə layiqli və qüsursuz xidmətlər göstərməsi xüsusilə qeyd edilməlidir.

Azərbaycanda baş verə biləcək terror aktlarının qarşısının alınmasında da Xüsusi Mühafizə Xidmətinin böyük rolu vardır. Ümumiyyətlə, demək lazımdır ki, istər Azərbaycan Prezidentinin, istərsə də xarici dövlət başçılarının ölkəmizə səfəri, həmçinin, mühüm dövlət tədbirlərinin həyata keçirilməsi zamanı Xidmətin şəxsi heyəti zəruri qabaqlayıcı fəaliyyəti ilə təhlükəsizliyin qorunmasında xüsusi fəallıq göstərmiş, digər təxribatçılıq cəhdlərinin qarşısını almışdır.

Xidmətin bu fəaliyyəti ona görə uğurlu olmuşdur ki, ümummilli lider Heydər Əliyev daim Xüsusi Dövlət Mühafizə Xidmətinin işləri ilə yaxından maraqlanmış, ona etibar etmiş, böyük etimad göstərmiş və dəfələrlə öz çıxışlarında onun əməkdaşlarına, şəxsi heyətinə inandığını, arxalandığını bildirmişdir. “Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram”, - ulu öndərin bu sözləri dediklərimizin əyani təsdiqidir. Bununla yanaşı, Heydər Əliyev həm də öz dəyərli tövsiyələrini, məsləhətlərini verməklə, müvafiq tələblərini söyləməklə Xidmət əməkdaşlarına yüksək peşəkarlıqla öz fəaliyyətini qurmaqda köməklik edirdi. Ümummilli lider deyirdi: “Sizin vəzifələriniz mürəkkəbdir. Onları layiqincə yerinə yetirmək üçün birinci növbədə peşəkarlığınızı və biliyinizi gündən-günə artırmalısınız, dünya təcrübəsini, başqa ölkələrin mühafizə orqanlarının, qvardiyalarının işini öyrənməlisiniz. Öz fəaliyyətinizi müasir dünyanın müvafiq orqanlarının peşəkarlıq səviyyəsinə qaldırmalısınız”. Bu müdrik sözləri rəhbər tutaraq, Xidmətin hərbi qulluqçuları peşə hazırlıqlarının artırılması məqsədilə əllərindən gələni edir, öz bilik və bacarıqlarını daim yüksəldirlər.

Azərbaycan üçün ən çətin günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndər Heydər Əliyevi qorudu, deməli, həm dövlətçiliyimizi, həm də müstəqilliyimizi, gələcəyimizi qorudu.

1998-ci ilin oktyabr ayında İsrailin Qüds şəhərində keçirilən mühafizə xidmətləri rəhbərlərinin 4-cü beynəlxalq konfransında Xüsusi Dövlət Mühafizə Xidməti Beynəlxalq Şəxsi Mühafizə Xidmətlərin Assosiasiyasına üzv qəbul edilmiş və həmin vaxtdan etibarən Assosiasiyanın bütün konfranslarının işində öz nümayəndəliyi vasitəsilə təmsil olunur.

Xidmət yüksək səviyyədə döyüş qabiliyyəti olan, hər an dövlət başçısının verdiyi tapşırıqları yerinə yetirməyə qadir böyük bir peşəkar qurumdur. Qürurla qeyd etmək lazımdır ki, burada sağlam əqidəli hərbi qulluqçular yer alır. Gənc əsgərlərin Milli Qvardiyaya hərbi xidmətə çağırışını düzgün təşkil edib keçirmək həmişə Xüsusi Dövlət Mühafizə Xidmətinin ən vacib vəzifələrindən biri olub. Yeniyetmələrin seçilməsi onlar çağırış yaşına çatmazdan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin köməyi ilə aparılır. Xidmətin hərbi və tibb mütəxəssisləri xüsusi hazırlanmış test proqramları əsasında ən layiqli gəncləri Milli Qvardiyaya həqiqi hərbi xidmət keçmək üçün seçirlər.

Ulu öndərin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində son illər Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təşkili və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş qabiliyyətinin və hazırlığının yüksəldilməsi istiqamətində aparılan işlər şəxsi heyəti Azərbaycan dövlətçiliyinə, onun Prezidentinə layiq olan səviyyəyə gətirib çıxarmışdır.

30 oktyabr 2007-ci ildə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə ən müasir standartlara cavab verən Xüsusi Dövlət Mühafizə Xidmətinin Tədris Mərkəzinin açılışı olmuşdur.

16 mart 2010-cu il tarixdə Prezident cənab İlham Əliyevin iştirakı ilə Xidmətin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin idarəetmə mərkəzinin inzibati binasının açılışı olmuşdur.

Şəxsi heyətin tibb təminatını daha da yaxşılaşdırmaq, eləcə də şəxsi heyətin stasionar və sağlamlaşdırıcı müalicəsinin təşkili məqsədilə Tibb İdarəsinin nəzdində Müalicə-Diaqnostika Mərkəzi 4 iyun 2011-ci ildə istifadəyə verilmişdir. Bundan əlavə, əməkdaşların səmərəli istirahətinin təmin edilməsi üçün Xaçmaz royununun Nabran qəsəbəsində “Ulduz” istirahət mərkəzi fəaliyyət göstərir.

2013-cü ildə Xidmətin hərbi şəhərciyində şəxsi heyətin məşq və təlimləri, idmançıların yarışlarının təşkili üçün bütün beynəlxalq standartlara cavab verən İdman Olimpiya Kompleksi istifadəyə verilmişdir.

Cənab Prezidentin 9 fevral 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Feldyeger Rabitəsi İdarəsi yaradılmışdır. İdarənin hərbi qulluqçuları Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusi əhəmiyyətli, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik və digər göndərişlərin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılmasını təmin edir.

2020-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalamışdır. Fərmana əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin bazasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılmışdır.

Bu gün əminliklə deyə bilərik ki, xalqımız öz şərəfli və məsuliyyətli vəzifələrinə ciddi yanaşan, Azərbaycanın mənafeyi, dövlətçiliyi naminə çalışan Prezident cənab İlham Əliyevin, mühüm dövlət tədbirlərinin, dövlət əhəmiyyətli strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasında var qüvvəsini əsirgəməyən, lazım gələrsə, bu yolda həyatlarından belə keçməyə hazır olan qəhrəman övladları ilə qürur duyur. 

 

Emin QASIMOV,

“Respublika”.

 

P.S. Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 21 avqust 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının bir qrupu “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Bu münasibətlə Xidmətin əməkdaşlarını təbrik edir, fədakar və şərəfli fəaliyyətlərində yeni-yeni uğular arzulayırıq.