Qərbin
Siyasət

Qərbin "cəmləşmə rayonu"

Fransa prezident Emmanuel Makronun rəhbərliyi altında özünün ən pis dövrünü yaşayır desək, yanılmarıq. İyun ayında 17 yaşlı əlcəzairli gənci öldürən polisin şərti azadlığa buraxılması qərarından sonra etirazların yenidən alovlanması, prezident Makronun İsrail-HƏMAS müharibəsinin ilk dövründə İsrailə tam dəstək verib daha sonra rəzil siyasi manevr etməsi və digər xaotik olaylar beynəlxalq aləmin də diqqətini çəkib. Makronu qeyri-ciddi şəxs kimi qiymətləndirən bəzi dairələr onun fikirlərini də əhəmiyyətsiz hesab etməyə başlayıblar. Siyasi manevrlərinin uğursuzluğunu özü də hiss edən Emmanuel Makron isə yenə hədəfini Cənubi Qafqazın lider dövləti olan Azərbaycana tərəf çevirib. Ermənistanı silahlandıran Makronun son alternativi olan Cənubi Qafqaz kartları da tükənmək üzrədir.

Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 17-də öz qərarında ölkəmizin Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyib, Ermənistanın Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib. Həmçinin qərara əsasən Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı həyata keçirdiyi siyasət qəbul edilib. Bu siyasət milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə Azərbaycanın öhdəliyini ehtiva edir. Ümumilikdə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib.

Fransa Xarici İşlər Nazirliyinin məhkəmənin qərarının təhrif edilməsi ilə bağlı açıqlaması bir daha riyakar siyasətdən xəbər verir. Belə ki, başqa ölkənin işinə qarışmaq cəhdləri Makron və onun dəstəsi üçün artıq adi hala çevrilib. Bu yanlış siyasət gələcəkdə Fransa üçün acı sonluqla nəticələnə bilər. Fransada 1958-ci ildən bəri mövcud Beşinci respublika özünün ən pis dövrünü yaşayır. Makrondan əvvəlki prezidentlər - Fransua Olland və Nikola Sarkozi öz xarici siyasətlərində manevrlər etsələr də, əksər vaxtlarda balanslı siyasət yolunu seçmişlər. Makron isə siyasi səriştəsizliyi ilə ədalətli yanaşma prinsipini pozaraq tərəf tutmağa cəhd edir və beləcə Qərb blokunun və ABŞ-ın təsiri ilə öz fikri olmadan hərəkət edir. Bu yanaşma isə Fransa hökumətinin xaricdən azad görünsə də, daxildən xüsusi sifarişlərlə idarə olunduğunu bir daha gündəmə gətirir.

Dünəni bu günündən qanlı olan Fransanın terrorçu dövlətə dəstək verməsi əslində təəccüblü deyil. Afrika ölkələrində törətdiyi qətliamlar və bu gün də davam edən neokolonialist siyasəti haylarla oxşarlıq təşkil edir. Ölkədə antisemitizm və islamofobiya dalğasının hər gün daha da artması Makronun yürütdüyü xarici siyasətin təsiridir. Məhz bu xüsusda Qərb bloku Ermənistanı öz tərəfinə çəkməklə burada "cəmləşmə rayonu" yaratmağa və islamofobik və antisemitizm dalğasını vahid mərkəzdən idarə etməyə çalışır. Bu məqsədlərə çatmaq üçün ən uğurlu marionetin rəsmi İrəvan olduğunu başa düşən Qərb mütəmadi olaraq anti-Azərbaycan kampaniyalarını davam etdirir.

Lakin mövcud ab-hava uzun müddət davam edə bilməz. Belə ki, Qərbin qaz və enerji rezervinin olmaması onun riyakar siyasətində əsaslı geri dönüş edə bilər. Bu gün möhkəm dayaqlar əsasında formalaşmış kimi görünsə də, əslində Qərb bloku ciddi çətinliklər yaşayır. Xarici siyasətdə əvvəlki aktivliyin olmaması yaranmış siyasi və iqtisadi böhranın daha da dərinləşməməsi üçündür. Lakin Fransanın lobbi ruhu əsasında qarayaxma kampaniyaları Qərbin illərdir yalandan da olsa qorumağa çalışdığı bitərərflik ideyasına ciddi zərbə vurur.

Tacir SADIQOV,

"Respublika".