Türk parlamentari: Heydər Əliyevin 100 illik yubileyi Türkiyədə də qeyd ediləcək
Digər xəbərlər

Türk parlamentari: Heydər Əliyevin 100 illik yubileyi Türkiyədə də qeyd ediləcək

Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri fevralın 4-də Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş dövlətlərimiz arasında möhkəm əlaqələrdən danışıb. O, nümayəndə heyətinin ölkəmizə səfəri zamanı keçirdiyi bütün görüşlərdən aldığı xoş təəssüratları çatdırıb. 2023-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini vurğulayan türk parlamentari bu əlamətdar hadisə ilə əlaqədar Türkiyədə də bir sıra tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Şamil Ayrım Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra imzalanmış Şuşa Bəyannaməsinin müttəfiqliyimizin bariz nümunəsi olduğunu bildirib. O, Azərbaycanın torpaqlarının azad olması uğrunda apardığı mübarizəni təqdir edərək, Türkiyənin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib.

Türkiyə nümayəndə heyətinin üzvləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca Türkiyə və Azərbaycan arasında ölkələrarası və parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Qonaqlar təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən, bu istiqamətdə atılacaq addımlardan söhbət açıblar.

Söhbət zamanı qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Respublika”.