Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Ağdama səfər ediblər
Region

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Ağdama səfər ediblər

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunan Ağdama səfər ediblər.

AZƏRTAC xəbər verir ki, TDƏŞ nümayəndələrini Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər iştirakçıları ilk olaraq Qarabağ Xanlarının türbələri və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara məlumat verərək bildirib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Daha sonra erməni vəhşiliyinin qurbanı olmuş digər türbələr və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın dağıdılmış qəbirüstü abidəsi və məzarı göstərilib, Ağdamda mövcud olmuş və dünyada təkcə Böyük Britaniyada analoqu olan Çörək muzeyi ziyarət olunub.

Qonaqlar Ağdam şəhər Cümə məscidinə də baş çəkərək ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov TDƏŞ nümayəndələrinə Ağdam şəhərinin Baş planı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyub, park-meşədə ağac əkib. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.

Ağdam Sənaye Parkı barədə də qonaqları məlumatlandıran Emin Hüseynov qeyd edib ki, Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TİR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.

Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələrinin Ağdama səfəri başa çatıb.

AZƏRTAC