TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə mətbuat konfransı keçirilib
Siyasət

TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə mətbuat konfransı keçirilib

Sentyabrın 28-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş TÜRKPA-nın 10-cu plenar iclasının yekunlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova mətbuat konfransında çıxış edib.

Təşkilat qarşısında dayanan vəzifələrin icrası baxımından 10-cu plenar iclasın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri deyib ki, gündəlikdəki bütün məsələlər işgüzar şəraitdə geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Tədbirin Türküstan şəhərində keçirilməsinin böyük önəm daşıdığını deyən S.Qafarova Qazaxıstanın birinci Prezidenti - elbaşı Nursultan Nazarbayevin ölkənin tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirib.

Sonda Türküstan Bəyannaməsinin qəbul edildiyini bildirən Sahibə Qafarova deyib ki, sənəddə türk dünyasına aid bir çox önəmli məsələlər, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad olunması və onun ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm məsələ öz əksini tapıb. Sənəddə, həmçinin 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında imzalanmış çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə və bölgədə dayanıqlı sabitliyin təmin edilməsinə yönəlmiş Şuşa Bəyannaməsi təqdirlə qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının türk dünyasının tranzit və ticarət potensialına böyük töhfə verəcəyi vurğulanıb.

Azərbaycan parlamentinin rəhbəri əminliyini bildirib ki, toplantıda qəbul edilən qərarlar türkdilli ölkələrin rifahına xidmət edəcək, dövlətlərarası münasibətləri daha da möhkəmləndirəcək.

Sahibə Qafarova təşkilatın fəaliyyətdə olan sədrinə və həmkarlarına uğurlar arzulayıb.

Sonra jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.

AZƏRTAC