Üçrəngli bayrağınla məsud yaşa...
Sosial həyat

Üçrəngli bayrağınla məsud yaşa...

"Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir". Ulu öndər söyləmişdi bu fikirləri. Sonra da bəyan etmişdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal edilmiş torpaqlarının azad olunmasını, ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir... Birləşməliydi ki, 30 illik işğala son qoysun, düşmənin layiqli cavabını versin, tapdalanmış qürurumuzu dirçəltsin, mənliyimizi, kimliyimizi özümüzə qaytarsın...

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ilk növbədə, dövlət rəmzləri müəyyənləşdirildi. Həmin il iyun ayının 21-də hökumət bayraq haqqında qərar verdi. Qərarda deyilirdi: "Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin".

Bu bayraq ağrəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli ilk dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişilməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi.

Azərbaycan hökumətinin qərarlar dəftərindən Milli bayraq haqqında 1918-ci il 9 noyabr tarixli çıxarışında yazılırdı: "Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin".

Bəs, bu, haradan qaynaqlanırdı, belə bir qərar necə qəbul edilmişdi. Amerika veksilloloqu Vitni Simitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. O, hələ 1907-ci il iyul ayının 10-da Bakıda nəşrinə başladığı "Füyuzat" jurnalındakı məqaləsində ilk dəfə "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi fikirlər səsləndirmiş, sonradan mütəfəkkir Ziya Göyalp yazmışdı: "Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdur... Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa hakimiyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımız üçrəngli bir ümdənin timsalıdır".

Üzeyir Hacıbəyov isə Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur".

Təəssüf ki, demokratik respublika kimi,

üçrəngli bayrağımızın da ömrü çox qısa oldu, Xalq Cümhuriyyətinin süqutundan sonra, o da endirildi.

Lakin Azərbaycanın müstəqilliyinə inanan, onun uğrunda mübarizə aparan ziyalılarımız o günün bir də gələcəyinə ümid edirdilər. Müstəqil dövlətin qurucularından biri olan M.Ə.Rəsulzadə elə bu inamla söyləmişdi: "Bir kərə yüksələn bayraq, bir daha enməz!". XIX əsrin sonlarında yaranmış vəziyyət Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi. Üçrəngli bayrağımız bir daha yüksəldi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olundu. Sonralar ümummilli lider bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edildi. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan olundu. 2003-cü il noyabrın 9-da Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı oldu. 2010-cu il sentyabrın 1-də İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı keçirildi. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı ucaldıldı.

Cənab İlham Əliyev 2009-cu il noyabrın 18-də, həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərdi. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik etdi və dəyişikliyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olundu. Bu tarixdən etibarən Bayraq Günü Azərbaycan ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar arasında daha təmtəraqlı qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən, milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşına qürur və güvənc verir.

Prezident İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyirdi: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!". Əslində, bu, bir vəd idi, torpaqlarımızın azad ediləcəyinə verilən vəd. Və bu vədi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. 2020-ci il sentyabrın 27-də xalq üçrəngli bayrağımız altında bir yumruqtək birləşdi, işğal altında olan torpaqlarımıza azadlıq gətirdi. İndi o yerlərdə dalğalanır Azərbaycan bayrağı, dövlətimizin varlığının təsdiqi kimi. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!

Zümrüd QURBANQIZI,

"Respublika".