Ulu Öndərə və Şuşaya ali ehtiramın ifadəsi
Siyasət

Ulu Öndərə və Şuşaya ali ehtiramın ifadəsi

Tarixin yaxşı mənada təkrarlanması necə xoşdur

"...Qarabağı azad görmək Heydər Əliyevin bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra, atamın məzarını ziyarət etdim ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!".

May ayının 10-da Azərbaycan Prezidentinin Şuşadan xalqa müraciətində ifadə etdiyi bu fikir əslində, həm Azərbaycan xalqının öz ümummilli liderinə hesabatı idi. Axı, bu qələbəni Prezident - xalq birliyi təmin etmişdi. Ulu öndərin bütün fəaliyyəti dövründə həmişə arxalandığı, güvəndiyi, xoşbəxt gələcəyi üçün çalışdığı qədirbilən xalqının onun ideyalarına sadiqliyinin nümunəsi idi, o tarixi məruzə...

2021-ci il yanvarın 15- İlham Əliyevin ilk dəfə azad Şuşaya səfəri zamanı söylədiyi fikirlər, xoş xatirələrin işığında bir daha canlandırdığı maraqlı məqamlar o dövrün insanlarında kövrək hisslər yaradırdı. Dövlət başçısı 39 il əvvəl ulu öndər Heydər Əliyevin digər dövlət xadimləri ilə birgə şair Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirakını xatırladır, tarixin belə təkrarlanmasından bəlkə qürur hissi keçirirdi...

39 il sonra Vaqifin məqbərəsinin qarşısında çıxış edən Prezident İlham Əliyev o günləri belə xatırlamışdı: "...Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən durmuşdum. Bu, tarixi videokadrlarda var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı gözəl, əzəmətli məqbərə ucaldılmışdı".

1982-ci ilin avqustunda Şuşaya gələn Heydər Əliyevin iştirakı ilə şair Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdu. Bütün bu tarixi faktlardan da aydın görünür ki, Şuşa ulu öndər Heydər Əliyev üçün yalnız Azərbaycanın hansısa şəhəri yox, ümumilikdə azərbaycançılığın, milli ruhun, tarixi, mənəvi dəyərlərin birləşdiyi müqəddəs məkan idi.

1982-ci il yanvarın 14- ulu öndər Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsi ilə yanaşı, Poeziya Evinin açılışını etmiş, Şuşanın tarix muzeyindəki eksponatlarla tanış olmuşdu. Muzeydə toplanmış nadir nümunələr keçmişin maddi mədəniyyətini, şəhər quruculuğunda fəal iştirak edən zəhmətkeşlərin, Şuşada yetişmiş, Azərbaycanın mədəniyyət salnaməsinə şanlı səhifələr yazmış ədəbiyyat incəsənət ustalarının həyatını əks etdirirdi. Heydər Əliyev deyirdi: "Biz muzeyin ekspozisiyası ilə maraqla tanış olduq. Ekspozisiya məharətlə tərtib edilmişdir, şəhərin tarixindən bugünkü həyatından, ümumən respublikanın müvəffəqiyyətlərindən kifayət qədər ətraflı bəhs edir. Siz gərək onu bundan sonra da zənginləşdirəsiniz ki, ekspozisiya Şuşanın keçmişini, onun insanlarının nailiyyətlərini təbliğ edə bilsin".

Həmin gün XVIII əsrin əsaslı surətdə bərpa edilmiş binalarından birində rəsm qalereyası da açıldı. Üçmərtəbəli binanın salonlarında Azərbaycanın təsviri sənət ustalarının, o cümlədən Qarabağ rəssamlarının əsərləri nümayiş etdirildi.

Ulu öndər sərgi ilə tanış olandan sonra: "rəsm qalereyasının açılması, şübhəsiz, yaxşı təşəbbüsdür, şəhər sakinlərinin estetik tərbiyəsinə kömək edəcəkdir. Bununla birlikdə onun fondlarını yerli rəssamların əsərləri hesabına daha da zənginləşdirmək lazımdır. Bu, onları daha da həvəsləndirər", - demişdi.

Heydər Əliyevin respublikaya ilk hakimiyyəti dövründə Azərbaycan KP MK-nın respublika hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində şəhərin yenidən qurulması, abadlaşdırılması, orada müasir yaşayış binalarının, mehmanxanaların, sağlamlıq ocaqlarının tikilməsi üçün xeyli görülmüşdü. Su təchizatı problemi həll edilmiş, eyni zamanda, arxitektura cəhətdən ən qiymətli məhəllələr, ayrı-ayrı tarix memarlıq abidələri bərpa edilirdi. Ümummilli lider səfərlər çərçivəsində Şuşanı gəzərək bu işlərin gedişi ilə tanış olur, qeydlər edir, təkliflər söyləyirdi. Deyirdi ki, yeni binalar tikməklə yanaşı, qədim şəhərin qorunub saxlanılmasına, tarixi abidələrə xüsusi fikir vermək lazımdır. Şuşa qədirbilən şairlər, musiqiçilər, rəssamlar məskəni kimi məşhur olmuşdur. Buranın havasında poeziya musiqi duyulur, təbiət özü yaradıcılığa ruhlandırır, ilham gətirir. Azərbaycan mədəniyyətinin hamisi, Şuşanın vurğunu o zaman demişdi: "Zənnimcə, burada mədəniyyət ustaları üçün yaradıcılıq evi tikmək məqsədəuyğun olardı".

Bəli, ümummilli liderin Azərbaycanla bağlı arzuları çox idi, Şuşa isə onun nəzərində xüsusilə fərqlənirdi... Təəssüf ki, bu arzuların çoxu elə arzu olaraq qaldı. 1982-ci ilin möhtəşəm Şuşa səfərindən düz 10 il sonra, 1992-ci il mayın 8- Azərbaycanın bu qədim şəhəri, mədəniyyətimizin beşiyi Şuşanı ermənilər ələ keçirdi bununla da bütün yuxarı Qarabağ zəbt olundu, Qarabağın qara günləri başladı... Ulu öndərin sevgi ilə qurub yaratdığı Şuşa darmadağın edildi. Bu, onun üçün böyük zərbə idi.

Ümummilli lider təkrar hakimiyyətə qayıtdıqdan sonra Qarabağın, Şuşanın azad edilməsi istiqamətində çox çalışdı, xalqına ümid verdi, onun inamını özünə qaytardı, gözəl Qarabağımızın, Şuşamızın azad ediləcəyinə, o yerlərə bir daha, özü əbədi dönəcəyimizə varlığı qədər inandı, doğru zamanın gəlməsini gözlədi... Həyat, ömür isə gözləmirdi...

Bu arzunu onun siyasi varisi Prezident İlham Əliyev gerçəkləşdirdi.

Şuşa indi tarixi əzəmətinə qovuşur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ulu öndərin amallarını layiqincə yaşadan Heydər Əliyev Fondu tərəfindən Şuşadakı tarixi irsimiz bərpa olunur, musiqi festivalları, poeziya günləri keçirilir. Şuşa beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.

Qalib Lider cənab İlham Əliyevin qətiyyətlə nail olduğu Şuşanın timsalında Azərbaycanın əldə etdiyi bütün bu uğurlar isə heç şübhəsiz 100 illik yubileyini qeyd etdiyimiz ulu öndərin vaxtilə yürütdüyü uzaqgörən siyasətin nəticəsidir.

Bəli, vaxtilə dağılmış Şuşanı ulu öndərin dirçəltdiyi kimi, 28 illik işğal dövründə xarabalığa çevrilən mədəniyyət paytaxtımız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Tarixin yaxşı mənada təkrarlanması isə xoşdur...

Zümrüd QURBANQIZI,

"Respublika".