Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirlər
Diaspora

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirlər

ABŞ

Azərbaycanın ABŞ-dakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz, ADA Universitetinin "Bir müəllimin manifesti" proqramı çərçivəsində bu ölkəyə gələrək uzunmüddətli təlimlərdə iştirak edən müəllim heyəti və səfirliyin əməkdaşları iştirak edib.

Mərasimdə səfir Xəzər İbrahim müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb. Bildirilib ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artıbdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi bütün Azərbaycan xalqı üçün olduqca əlamətdar hadisədir.

Səfir Qarabağın, xüsusilə Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu bildirərək, torpaqlarımızın işğaldan azad olunmasının və suverenliyimizin möhkəmlənməsinin Ümummilli Liderin uzaqgörən strategiyasının və Azərbaycan Prezidentinin səylərinin bariz nümunəsi olduğunu vurğulayıb.

Daha sonra tədbirdə müəllim heyətinin bir sıra üzvləri çıxış edərək Ulu Öndər barədə xatirələrini bölüşüb, müəllim peşəsinə verilən önəmə görə dərin minnətdarlıqlarını çatdırıblar.

Tədbir zamanı Ümummilli Liderin büstü önünə güllər qoyulub, həyat və yaradıcılığı haqqında qısametrajlı film nümayiş etdirilib, əziz xatirəsi ehtiramla anılıb.

 

Çexiya

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Çexiyada səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, ölkəmizin Çexiyadakı diaspor təşkilatlarının nümayəndələri, tələbələr və səfirliyin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə səfirlikdə Ulu Öndərlə bağlı yaradılmış guşənin önünə çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Elçin Əmirbəyov müasir dünya tarixində parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində müstəsna xidmətləri və mənalı həyat yolu barədə iştirakçılara ətraflı məlumat verib, onunla bağlı xatirələrini bölüşüb.

Məhz ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutduğu, böyük nüfuza, şaxələndirilmiş iqtisadiyyata və beynəlxalq arenada söz sahibi olan güc mərkəzinə çevrildiyi qeyd olunub.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub, çay süfrəsi ətrafında fikir mübadiləsi aparılıb.

 

İtaliya

Azərbaycanın İtaliyadakı Səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyada yaşayan və təhsil alan soydaşlarımızın da iştirakı ilə reallaşan tədbir ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğunda xidmətlərinə, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafına verdiyi misilsiz töhfələrə həsr edilib.

Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun sədri Azər Kərimli çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi müxtəlif tarixi dövrlərdə ali məramının daim xalqımızı və respublikamızı bütün istiqamətlərdə daha güclü və inamlı etmək istiqamətində yorulmaz fəaliyyətlər göstərmək olduğunu bildirib. Həmişə Azərbaycanın gələcəyi haqqında düşünən ulu öndər Heydər Əliyev hələ sovet dönəmində respublikaya başçılıq edərkən diqqətində saxladığı ən vacib məsələlərdən birinin kadr problemi olduğunu söyləyən deputat A.Kərimli Ümummilli Liderin bu məqsədlə mütəmadi olaraq getdikcə daha çox sayda gənclərin ovaxtkı Sovet İttifaqının aparıcı ali təhsil müəssisələrinə göndərdiyini, elə özünün də həmin tələbələrdən biri olduğunu deyib: "Müdrik rəhbərin bu uzaqgörən tədbirləri sayəsində artıq müstəqillik dövründə Azərbaycan böyük bir dəstə bilikli mütəxəssislər qazandı ki, həmin ixtisasların əksəriyyəti heç respublikada tədris edilmirdi".

A.Kərimli Azərbaycanla İtaliya arasında ildən-ilə dərinləşən dostluq münasibətlərinin və sıx diplomatik əlaqələrin təməlinin də müstəqilliyin bərpasından lap az sonra, məhz Ulu Öndər tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.

Sonra Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclaslarında iştirak etmək üçün Romada səfərdə olan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov "Davam edən Heydər Əliyev yolu" adlı məruzə ilə çıxış edərək sözünü müstəqilliyin hər bir xalqın bütün varlığı boyunca qazandığı ən ali nemət olması həqiqətini bir daha ifadə etməklə başlayıb.

Dövlətçi və siyasətçi fəaliyyətləri dövründə ulu öndər Heydər Əliyevin ən kəskin silahının məhz onun sözü olduğunu, aqil rəhbərin polad məntiqi, iti zəkası, zəngin biliyi ilə qovuşaraq milyonları idarə edən bir gücə çevrilən parlaq nitqinin bir tərəfdən onun xalqa bağlılığından, digər yandan böyük müəllimlərdən dərs almasından bəhs edən akademik Rafael Hüseynov deyib: "Ümummilli lider Heydər Əliyev sözə münasibətdə çox həssas idi. Sözün də, söz əhlinin də həm qiymətini, həm yerini, həm də gücünü bilirdi. Çünki ulu öndər Heydər Əliyev özü də böyük söz adamı idi. Qarşısındakını kimliyindən, yaşından, məqamından, çinindən asılı olmayaraq həmişə axıracan, hövsələ ilə dinləməsi də ilk növbədə, ümummilli lider Heydər Əliyevin sözə hörmətindən irəli gəlirdi. Lap cavanlığından Heydər Əliyev zabit poqonları daşımışdı, generallığacan yüksəlmişdi, üstündə silah gəzdirmək hüququ olmuşdu. Ancaq silahı olanda da, olmayanda da o, silahlı idi. Heydər Əliyevin ən misilsiz, daim tən hədəfə vuran silahı söz idi. Ulu öndər Heydər Əliyev elə mahir siyasət sərkərdəsi idi ki, sözün vasitəsilə qalaq-qalaq silahların, sıra-sıra qoşunların görə bilməyəcəyi işləri görməyi bacardı. Onun sözə sayğısının ayrı bir əlaməti ana dilimizi səlis, rəvan, səriştə ilə, sözü incitmədən, sözə sevgi ilə məftunedici cəlbediciliyə malik nitqində canlandırması idi. Heydər Əliyev natiqliyinin bir özəlliyi də vardı. Onun fenomenal yaddaşı barədə rəvayətlər söylənir. Lakin elə iti yaddaşlı adamlar var ki, anbar kimi hər eşitdiyini alıb saxlayır, üst-üstə qalaqlayır, gərək olanda isə həmin qarmaqarışıqlıqdan istədiyini eşib çıxara da bilmir. Heydər Əliyevin kəskin hafizəsinin bir özəlliyi də unutmamaqdan əlavə, yadında saxladıqlarından hər birini məhz zərurət anında elə bir saniyə öncə əli ilə qoyubmuş kimi, dərhal alıb ondan yararlana bilməsi idi. Həmin iti və ani seçmə bacarığı olan hafizəsinin sayəsində ulu öndər Heydər Əliyev dilimizin rəngarəng söz yatırından bir çox yazıçıdan, qəzetçidən, aktyordan da artıq məharətlə bəhrələnə bilirdi. Bunun arxasında, ilk növbədə, zəhmət, alın təri, daim öz üzərində işləmək vərdişləri dayansa da, unudulmaz Heydər Əliyev təvazö ilə əsas səbəbi başlanğıcdan yaxşı müəllimlərinin olmasında görürdü. Əslində, bu da haqq söz idi. Həmin müəllimlərdən birinin, Hüseyn Cavidin böyük qardaşı - müəllimliyindən savayı mütərcim, araşdırıcı, qəzetçi və nəhayət, yalnız yaşadığı Naxçıvanda deyil, bütün Azərbaycanda sayılan bir ziyalı olmuş Şeyx Məhəmmədin arxivini diqqətlə araşdıraraq belə bir qənaətə gəlmişəm ki, qardaşı Cavidin də ilk müəllimliyini etmiş, sonralar məşhurlaşacaq neçə Azərbaycan ziyalısının yetişməsində əvəzsiz xidmət göstərmiş Şeyx Məhəmməd gerçəkdən tayı-bərabəri olmayan müəllim imiş. O cür müəllimin Heydər Əliyev kimi yetirməsi olması, o cür müəllimdən ana dilinin təməl dərslərini alanın ana dilinin ən ali hamisi və keşikçisinə çevrilməsi də bir qanunauyğunluqdur".

Deputat R.Hüseynov unudulmaz Heydər Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi onillər boyunca daim qurub-yaratdığını, onun şah əsərininsə məhz müasir, güclü Azərbaycan olduğunu deyib: "Heydər Əliyevin ilk ali təhsili memarlıq idi. 1930-40-cı illərdə yetərincə məşhur Sənaye İnstitutuna o, memarlıq ixtisasına yiyələnmək arzusu ilə daxil olmuşdu. Müharibə başlanır və onun bu təhsili yarımçıq qırılır, amma hər halda Heydər Əliyev nəticə etibarilə memar oldu. Memar düşüncə tərzi onun təfəkkür tərzinə çevrildi. Görəcəyi hər bir işin ən xırda ayrıntısınacan layihəsi irəlicədən beynində hazır oldu. Ona görə heç vaxt tələsik, qarasına, sonrası necə olacağın fərqinə varmadan addım atmadı. O, millətinin və məmləkətinin yeni tarixinin memarı oldu, güclü Azərbaycanın, müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, iqtisadiyyatı günü-gündən qüdrətlənən çağdaş Azərbaycanın memarı oldu".

Akademik bu gün dünya boyunca səsi getdikcə daha qüvvətlə ucalan Azərbaycan diasporunun qazandığı belə mütəşəkkilliyin banisinin də Heydər Əliyev olduğunu, Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etməyə başladığı ilk çağlardan səfər etdiyi bütün ölkələrdə mütləq orada yaşayan soydaşlarımızla görüşməyə vaxt ayırdığını, müdam onları Vətən naminə birliyə çağırdığını yada salıb.

R.Hüseynov böyük Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirildiyini, məhz bu yolun Azərbaycanı xoşbəxt sabahlara aparan ən doğru və düz yol olduğuna inamını ifadə edib.

Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu, müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, dövlət institutlarının qurulması, ölkəmizin sosial-iqtisadi tərəqqi və dayanıqlı inkişaf yoluna qədəm qoyması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və beynəlxalq nüfuzunun təmin olunması istiqamətində həyata keçirdiyi strategiyası haqda danışıb. Ümummilli lider Heydər Əliyevin xarici siyasətində Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin qurulması və inkişafına diqqət yetirdiyini deyən səfir bu xüsusda Ulu Öndərin İtaliya ilə əlaqələrə verdiyi önəmi qeyd edib. Diplomat bildirib ki, 1997-ci ildə Ümummilli Liderin İtaliyaya rəsmi səfəri vaxtı keçirdiyi görüşlər və həmin səfər vaxtı imzalanmış sənədlər iki ölkə arasında daim inkişaf edən və çoxölçülü strateji tərəfdaşlığa aparan münasibətlərin bünövrəsini qoyub.

Tədbirin sonunda Ulu Öndərin zəngin həyat təcrübəsinə və dövlətçilik fəaliyyətinə həsr olunmuş və görkəmli Azərbaycan bəstəkarlarının yazmış olduğu mahnılardan ibarət "Şah əsər Azərbaycan" audio albomundan seçmə nəğmələr dinlənilib.

 

Küveyt

Ölkəmizin Küveytdəki səfirliyində Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində "Vətənsevər" Küveyt-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, qardaş Türkiyənin vətəndaşları, Küveyt ictimaiyyətinin nümayəndələri, Azərbaycanda təhsil alan küveytli tələbələr, eləcə də səfirliyin əməkdaşları Ulu Öndərin büstü önünə tər çiçək dəstələri qoyub, onun mənalı ömür yolu və siyasi fəaliyyətinə həsr olunmuş filmə tamaşa edib, fotosərgi və müxtəlif nəşrlərlə tanış olublar.

Tədbirdə çıxış edən səfir Elxan Q

əhrəman Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, dahi lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra dövlətçiliyi məhv olmaqdan xilas edib və dövlət quruculuğu ilə bağlı mühüm addımlar atıb. Prezident İlham Əliyev onun müdrik siyasətini davam etdirib, ata vəsiyyətini yerinə yetirərək Qarabağ torpaqlarının Ermənistan işğalından azad edilməsində misilsiz xidmətlər göstərib.

Səfir Azərbaycanın iqtisadi inkişafından, həyata keçirilən qlobal layihələrdən və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan da bəhs edib. O bildirib ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etməsi ölkəmizin bu təşkilata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür. Xüsusən, COVID-19 pandemiyası dövründə dünyanın bir çox ölkələrinə humanitar yardımların edilməsi və dövlətimizin təşəbbüsü ilə BMT çərçivəsində qətnamə layihələrinin qəbulu Azərbaycanın imicinə müsbət təsir göstərən amillərdir. Ölkəmiz, həmçinin bir çox mötəbər beynəlxalq konfranslara, forumlara və yarışlara ev sahibliyi edir.

E.Qəhrəman işğaldan azad olunmuş torpaqlarımızda aparılan sürətli quruculuq və bərpa işləri barədə də iştirakçılara məlumat verib.

Sonda Ümummilli Liderin və 44 günlük Vətən müharibəsində canlarını qurban verən şəhidlərimizin ruhuna dualar oxunub.

 

Fransa

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki diplomatları, diaspor nümayəndələri, fransız siyasətçilər, tədqiqatçılar, incəsənət nümayəndələri, yerli media və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev və daimi nümayəndə Elman Abdullayev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adı ölkəmizin tarixinə əbədi həkk olunub. 1993-cü ildə Azərbaycanın ən çətin anlarında yenidən hakimiyyətə gələn Heydər Əliyev ömrünün son 10 ilini Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə həsr edib. Ulu Öndər ölkəni iqtisadi və sosial xaosa sürükləmiş müharibə və işğalla üzləşən, siyasi böhranla iflic vəziyyətinə düşən, vətəndaş müharibəsi astanasında olan ölkənin rəhbərliyinə gələrək, onu düşdüyü çətinlikdən çıxararaq dirçəldib.

Azərbaycanın Ümummilli Liderini Şarl de Qoll ilə müqayisə edən diplomatlar xalqları üçün çətin anlarda hakimiyyətə gələn hər iki dövlət rəhbərinin ölkələrinin inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd edilib ki, Ulu Öndər üçtərəfli geosiyasi tarazlığı təmin edərək, Azərbaycanın qərbyönümlü siyasətini müəyyənləşdirib. "Əsrin kontraktı"nı imazalamaqla ölkəni regional və beynəlxalq səviyyədə nüfuzlu aktora, eləcə də Avropanın enerji təhlükəsiziliyinin təminatçısına çevirib. "Əsrin kontraktı" bütün regionun geosiyasi mənzərəsini dəyişərək Cənubi Qafqazı Avropa ilə birləşdirib.

Dünyadakı mövcud təhdidlərə, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, bu gün ölkəmiz sabitlik və inkişaf məkanıdır, dünyəvi müsəlman ölkəsidir, dünyanın digər dövlətləri ilə dialoq və əməkdaşlığa açıqdır. Bugünkü sabitlik və inkişaf Heydər Əliyev siyasətinin, onun iqtisadi və sosial məsələlərə mütərəqqi yanaşmasının, realizminin və müdrikliyinin bəhrələridir.

Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən çıxışında Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Ulu Öndərlə Naxçıvandakı görüşündən söz açıb. Azərbaycanın ən çətin vaxtlarında ölkəmizə səfir təyin olunduğunu deyən Jan Perrən bildirib ki, Heydər Əliyev kimi böyük şəxsiyyəti görmək istəyi onu Naxçıvana aparıb. Həmin dövrdə Naxçıvana gedən ilk səfir olduğunu diqqətə çatdıran diplomat vurğulayıb ki, o vaxt Azərbaycanı çətin vəziyyətdən, parçalanmaq təhlükəsindən yalnız böyük siyasi xadim Heydər Əliyev çıxara bilərdi. O, hakimiyyətə gələndən sonra Azərbaycan tərəqqi etməyə, bütün sahələrdə dirçəlməyə başladı.

Digər çıxış edənlər Ulu Öndərin memarı olduğu inkişaf strategiyasının onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan möhtəşəm nailiyyətlərə imza ataraq, dünya miqyasında böyük nüfuz sahibi olan dövlət kimi tanınır.

Tədbir "İthaf" adlı konsert proqramı ilə davam edib.

Konsertdə Etibar Əsədli (piano), Samuel Fhima (kontrabas), Martin Vangerme (zərb alətləri) müşayiəti ilə Sadiq Ağamalıyev Azərbaycan xalq mahnıları "Sarı gəlin" və Küçələrə su səpmişəm"i, həmçinin Üzeyir Hacıbəylinin "Sənsiz", Fikrət Əmirovun "Lay-lay" əsərlərini ifa edib.

Konsertin sonunda gənc pianoçu Etibar Əsədli Ulu Öndərə həsr etdiyi "İthaf" əsərini səsləndirib.

AZƏRTAC