Vətən eşqi, yurd sevgisi ilə qazanılan  Zəfər
Sosial həyat

Vətən eşqi, yurd sevgisi ilə qazanılan  Zəfər

8 Noyabr - Zəfər Günü. Son iki yüzillik tariximizdən bəri uzun, çətin, keşməkeşli yol gələn, zamanın sərt sınaqlarından çıxan qalibiyyət günümüz. Xalqımızın unudulmaz tarixinə çevrilən, əbədi olaraq yaddaşına yazılan Zəfər salnaməmiz. 44 günlük qısa, lakin şərəfli hərb tariximizin qələbə nidası.

2020-ci il 27 sentyabrda azğın ermənilərin təxribatlarına cavab olaraq milli ordumuz əks-hücum əməliyyatına başladı.

Vətən eşqi, yurd sevgisi ilə alovlandı 44 günlük İkinci Qarabağ müharibəsi. Bu alovun şöləsi ölkəmizin dörd bir yanına yayıldı. İllərdir yağı düşmən əsarətində olan torpaqlarımızı azad etmək üçün öz Ali Baş Komandanından "irəli" əmrini gözləyən qəhrəman əsgərlərimiz canını vətənə qurban deyib, onun müdafiəsinə qalxdılar. Vətən deyib meydana atılan, uğrunda ölümə hazır olan ərənlərimiz hər qarış torpaq üçün canlarını fəda etdilər. Düşmən nəfəsi ilə murdarlanmış, yağı əli ilə viran qoyulmuş yurd yerlərimizə qayıtmaq üçün özləri bir ovuc torpağa döndülər. Vətən üçün doğulanlar, ürəyi vətən üçün döyünənlər elə onun yolunda da şəhidlik zirvəsinə yüksəlib müqəddəsləşdilər.

30 il haqqın, ədalətin zəfər çalacağı günü səbirsizliklə gözləmişdi xalqımız. Heç bir beynəlxalq təşkilata, vasitəçilərə məhəl qoymayan, atəşkəs rejimini dəfələrlə kobudcasına pozan, sərhəddə təxribatlar törədən, ata-baba torpaqlarımızı öz adlarına çıxan mənfur ermənilərin cavabını vermək zamanı artıq gəlib çatmışdı. Dönə-dönə "əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik", - deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 2020-ci il sentyabr ayının 27-də Vətənimizin ərazi bütövlüyünün təmin olunması üçün əks-hücum əməliyyatına başladı. Bu tarixi gün xalqımızı daha sıx birləşdirdi, mübarizə ruhumuzu yüksəltdi. Ərazilərimizin azadlığını qanı, canı bahasına qazanan mərd, qəhrəman oğul və qızlarımız sübut etdilər ki, Azərbaycan xalqının inam və iradəsini, mübarizə əzmini qırmaq, milli mənliyini alçatmaq mümkün deyil. Şanlı Ordumuz 44 gün ərzində böyük şücaət göstərərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən əsarətindən qurtardı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Vətən müharibəsi zəfərlə, xalqımızın Böyük Qələbəsi ilə başa çatdı.

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının öz istiqlalı yolunda milli məfkurəsindən güc alan azadlıq istəyinin dünyaya bəyan edildiyi gündür. Həmin gün bütün dünya müstəqil Azərbaycanın gücünün, qüdrətinin şahidi oldu. Azərbaycan əsgərinin rəşadəti, qəhrəmanlığı dünyada dolaşdı. Şuşa fatehlərinin şücaəti dillərə dastan oldu. Zəfər çaldı xalqımız. Bir qarış torpaq uğrunda gözünü qırpmadan canından keçən minlərlə igid, qəhrəman oğullarımızın rəşadəti sayəsində Vətənimizin başı üzərindən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq Vətənə döndü. Azərbaycan xalqının birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyi qəhrəman Azərbaycan Ordusunun zəfəri oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyəti, dönməzliyi, iradəsi ilə Azərbaycan tarixinin Zəfər səhifəsini yazdı. Xalqımızın mənliyini, kimliyini özünə qaytardı.

44 günlük Vətən müharibəsi 30 illik işğala son qoydu. Əslində, bu illər ərzində iqtisadiyyatını gücləndirmək, dünyaya inteqrasiya olmaqla Azərbaycan addım-addım möhtəşəm Zəfərinə doğru irəliləmişdi. Ölkə başçısı İlham Əliyev düşünülmüş siyasətlə Azərbaycanın milli ordusunun yenidən qurulması, hərbi arsenalının gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirməklə ayrı-ayrı silahlı birləşmələr formatından çıxıb dünyanın 50 ən güclü ordusu sıralarında qərarlaşan milli ordumuzu yaratdı. Və illərlə formalaşdırılmış, milli-vətənpərvərlik ruhunda yaradılmış bu müzəffər ordu yurdumuzu düşmən əsarətindən azad etdi. Qorxaq, özgə torpaqlarını zəbt edən, işğalçılıq siyasəti yürüdən erməni silahlılarını döyüş meydanında məhv edən Azərbaycan əsgəri şanlı qələbəmizi gerçəkləşdirdi. "Saxlaram gözlərim üstə onu mən, Ölərəm, əldən əgər getsə vətən", - deyən uğrunda canından keçdiyi, dağını, daşını, torpağını hər şeydən əziz sanan mərd, qəhrəman oğullarımız ölümün gözünə dik baxdılar, alçaq niyyətli ermənilərə tarixləri boyu unuda bilməyəcəkləri dərs verdilər.

8 Noyabr... Azərbaycan xalqının mərdliyinin, mübarizliyinin Zəfəri. Xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsi. Vətən sevdalı Azərbaycan oğullarının rəşadətinin, qorxmazlığının nümunəsi, xalq-dövlət-ordu birliyinin möhtəşəm Zəfəri. İllər keçəcək, qərinələr, əsrlər ötəcək. Xalqımızın neçə-neçə xoş günləri, firavan sabahları açılacaq. 2020-ci ilin 8 noyabrı isə bu xoşbəxt günlərin fövqündə dayanacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".