Yaddaşlarda yaşayan xoş xatirələr
Sosial həyat

Yaddaşlarda yaşayan xoş xatirələr

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycan ötən əsrin sonlarında çox ağır sınaqlardan şərəflə keçib, müstəqilliyini itirmək təhlükəsindən sovuşub, vətəndaş müharibəsinin qarşısı alınıb, respublikamızda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisində misilsiz nailiyyətlər qazanılıb. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki misilsiz xidmətləri tariximizin ən şərəfli səhifələrindən biridir. Cəsarətlə deyə bilərik ki, bütün türk dünyasının lideri Heydər Əliyev şəxsiyyətinə, onun dühasına olan xalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən-nəslə ötürüləcək.

Görkəmli siyasi xadim Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi zaman tez-tez respublikanın bölgələrinə səfərlər edir, əmək adamları ilə görüşür, bölgələrin inkişafına xüsusi diqqət yetirirdi. Həmin illərdə dahi şəxsiyyət Ağdam rayonuna daha çox diqqət və qayğı göstərirdi. Bu, heç də səbəbsiz deyildi. Çünki Ağdam ermənilərin sıx məskunlaşdığı ərazilərə yaxın idi. Ötən əsrin 70-80-ci illərində Ağdam rayonu çox sürətlə inkişaf edib. Ulu öndər tez-tez bu rayona səfər edir, Ağdamın həm də sənaye şəhərinə çevrilməsinə xüsusi diqqət ayırırdı. Həmin dövrdə Ağdamda onlarla zavod, fabrik, xalça emalatxanaları fəaliyyət göstərirdi.

Keçmiş sovet dönəmində Ağdamda istehsal olunan şərabların sorağı ölkənin hər yerindən gəlirdi, bu şəraba tələbat günü-gündən artırdı. Məhz buna görə də Ağdamda onlarla şərab emalı zavodu var idi. Bu sahənin işçiləri, bir sözlə, üzümçülər yüksək əməkhaqqı və mükafat alırdılar. Rayonda eyni zamanda pambıqçılıq, baramaçılıq da inkişaf edirdi. Ağdam rayonu respublikada pambıq istehsalına görə ikinci yerdə idi. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində rayondakı üzümçülərin və pambıqçıların bir çoxu keçmiş SSRİ-nin ən yüksək fəxri adına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə əmək adamı orden və medallarla təltif olunmuşdur.

Belə insanlardan biri də Xındırıstan kənd sakini Əliabbas Eyvazovdur. O danışır ki, ulu öndər Heydər Əliyev 1972-ci ildə kəndimizə gəlmişdi, pambıq tarlalarını gəzdi, əməkçilərlə söhbət etdi, onların qayğıları ilə maraqlandı. Sonra isə kənd təsərrüfatı texnikaları parkına baş çəkdi və orada çalışanlarla bir-bir görüşdü. Həmin vaxt mən orta məktəbi yenicə bitirib çilingər köməkçisi işləyirdim. Ulu öndər bir kənarda dayanan ustama və mənə müraciət edib, "bəs siz niyə mənimlə görüşmürsünüz", - deyə soruşdu. Ustam əllərini göstərib "əllərimiz mazutludur, yoldaş Əliyev, ona görə", - dedi.

Ulu öndər mehribanlıqla gülümsəyib, "elə əsl sıxılmalı sizin əllərinizdir, zəhmətkeş əlləri", - dedi və bizə yaxınlaşdı. Əlimizi sıxıb işimizlə, güzəranımızla maraqlandı, bizə uğurlar arzuladı. İnanın ki, həmin görüş, bu böyük insanın sadəliyi, mehribanlığı məndə xoş təəssürat oyatdı və uzun illərdir ki, o görüş şirin xatirə kimi yaddaşıma həkk olunub. Həmin görüşdən 50 ilə yaxın vaxt keçib. El-oba arasında bu söhbətlər indi də dillərdə dolaşır.

Ağcabədidən olan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Suqra Mədətovanı həmyerliləri yaxşı tanıyır, sadə zəhmət adamının həyat yolu torpaqla, zəhmətlə bağlı olub, indinin özündə də Heydər Əliyevlə görüşünü təbəssümlə xatırlayır. Danışır ki, Heydər Əliyev işləyənin qədrini bilir, çəkilən zəhməti lazımınca qiymətləndirirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi işləyəndə onun diqqət və qayğısı sayəsində mən "SSRİ Dövlət mükafatı laureatı", "Azərbaycanın fəxri pambıq ustası", "Sosialist Əməyi Qəhrəmanı" fəxri adlara layiq görülmüşəm. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra keçmiş əmək qəhrəmanlarını unutmadı və dahi insanın göstərişi ilə mənə Prezident təqaüdü ayrıldı. Mən o dahi rəhbərə Ulu Tanrıdan rəhmət diləyirəm. Ömür kitabımın hər səhifəsindəki uğurlarda demək olar ki, onun böyük rolu var. Ulu öndər Heydər Əliyevin hər dəfə Ağcabədi rayonuna gəlişi bayrama çevrilərdi. Çox səmimi insan idi. Hər kəslə dostcasına görüşərdi. Kənd camaatı onu ehtiramla, hörmətlə, məhəbbətlə qarşılayardı. Heydər Əliyev səfərləri zamanı rayon zəhmətkeşlərinin problemləri ilə yaxından maraqlanırdı. O qədər sadə, mehriban idi ki, insanları səbirlə dinləyir və onların problemlərini həll edirdi.

Laçın rayonundan olan əmək adamı Şərqiyyə Vəliyeva ömründə baş vermiş ən əlamətdar günü heç zaman unutmadığını deyir və bu barədə fəxrlə, məhəbbətlə söz açır. Deyir ki, bir gün xəbər yayıldı ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi Heydər Əliyev Laçın rayonuna gəlib. Ömrümdə bu qədər sadə, mehriban insan görməmişəm, kəndimizə gələn hörmətli qonaq hamı ilə əl tutub görüşdü, yaşayışımız, güzəranımızla maraqlandı, xüsusilə sağıcı qadınların əməyinə çox yüksək qiymət verdi. Heydər Əliyevin diqqəti sayəsində həmin dövrün ən yüksək ordenlərinə layiq görüldüm, həyatıma, ailəmə şan-şöhrət gəldi, hörmət-izzətlə yaşadıq. 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev laçınlı məcburi köçkünlərlə görüşəndə əllərimdən tutaraq həyat şəraitimlə maraqlandı, bir-birimizdən hal-əhval tutduq. Bu dahi insanın qayğısını heç zaman unutmayacağam. 2002-ci ildən mənə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Prezident təqaüdü verilir.

Ulu öndərin zəhmət adamları ilə görüşləri bu gün də yaddaşlarda yaşayır, adı minnətdarlıqla xatırlanır. Azərbaycan tarixində Heydər Əliyev zirvəsi xüsusi yer tutur.

Salman ALIOĞLU,

"Respublika".