Ciddi və qlobal problem
Sosial həyat

Ciddi və qlobal problem

Bu gün bütün dünyada "ağ ölüm" kimi tanınan narkomaniya bəşəriyyət üçün böyük bəladır. İrqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri, bütövlükdə cəmiyyəti narahat edən ağrılı bir problemdir. Böyük bir təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan qorxulu xəstəlik kimi hər kəsi düşündürür. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi olaraq beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları beynəlxalq narkobiznes hesabına həyata keçirilir.

Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit ölkə olduğuna görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problemlərdən biri də ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələr və psixotrop maddələrdir. Müstəqilliyimizin ilk illərindən başlayaraq dövlətimiz narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparmaqdadır. Azərbaycan 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv olduqdan sonra narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə "Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına", "Psixotrop maddələr haqqında" 1971-ci il Konvensiyasına və "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür.

Narkomanlıq cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, insanların həyat və sağlamlıqlarına ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz buna görə, ümummilli liderimiz Heydər Əliyev bunu cəmiyyətin "sosial bəlası" adlandırmışdır. Ulu öndər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan edərək 1996-cı il avqust ayının 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Fərman imzalamış, bununla da cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 28 iyun 2005-ci ildə isə "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Qanun qəbul olunmuşdur. Bu qanunla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar yaranan ictimai münasibətlər tənzimlənmiş, Azərbaycan Respublikası ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar möhkəm qanunvericilik bazası yaradılmışdır.

Azərbaycan Respublikası tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində nüfuzlu beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə əməkdaşlıq münasibətləri qurulub inkişaf etdirilmişdir. Ölkəmiz 2019-cu ildə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransa (IDEC) evsahibliyi etmiş, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda dünyanın 115 ölkəsindən 432 nümayəndə iştirak etmişdir. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə mübarizə ilə əlaqədar 2000-2006-cı, 2007-2012-ci və 2013-2018-ci illəri əhatə edən üç Dövlət Proqramı uğurla icra edilmiş və hazırda da 2019-2024-cü illəri nəzərdə tutan 4-cü Proqramın icrası davam edir. Bu gün hər bir dövlət orqanı, eləcə də prokurorluq orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində ciddi səy göstərərək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, narkomanlığın, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparır.

Qusar Rayon Prokurorluğu tərəfindən də mütəmadi olaraq vətəndaşlar arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Rayon ərazisində yetkinlik yaşına çatmayan şəxslər arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, təhsil müəssisələrinin rəhbərlərinin, müəllimlərin, vətəndaşların narkomanlığa qarşı mübarizəsinin gücləndirilməsi istiqamətində rayon prokurorluq əməkdaşlarının birgə iştirakı ilə tədbirlər təşkil olunur, izahat-təbliğat işləri aparılır.

Kənan İSMAYILZADƏ,

Qusar Rayon Prokurorluğunun müstəntiqi,

II dərəcəli hüquqşünas.