Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu artır
MÜSAHİBƏLƏR

Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu artır

Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolunun artması və dövlət başçısı cənab İlham Əliyevin yüksək səviyyəli forumlara dəvət olunması ölkəmizin nüfuzunun yüksəlməsində xüsusi önəm daşıyır. Azərbaycanın postpandemiya və postmüharibə dövründə dünya ictimaiyyətinin əsas müzakirə obyektinə çevrilməsini, kollektiv Qərb və Şərq bloku arasındakı soyuq münasibətlərin yüksələn xətlə inkişaf etdiyini nəzərə alaraq deyə bilərik ki, odlar yurdu Avropanın enerji təhlükəsizliyi məsələsində və Avrasiyanın nəqliyyat-logistika xəritəsində əsas rola malikdir.

Bu mövzuda fikirlərini bizimlə bölüşən politoloq Fərid Şəfiyev bildirir ki, Azərbaycanın siyasəti bir çox faktorlardan asılıdır. Ölkəmiz çoxşaxəli xarici siyasət yürüdür. Onun əsas dəst-xətti Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı olub, daha sonra postmünaqişə dövrü və ondan irəli gələn məsələlərdir. Qlobal nizam-intizam məsələsinə gəldikdə isə, ilk olaraq qeyd etmək istərdim ki, Azərbaycan həmişə multilateralizmin, yəni beynəlxalq qurumların fəaliyyətinin, hüququn möhkəmlənməsinin, inkişafın dəstəkçisi olub. Bu da təbii haldır, çünki bizim torpaqlar uzun müddət işğal altında idi. Ona görə də həmişə beynəlxalq forumlarda fəal iş aparmışıq. Xüsusən Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bunu vurğulayıb.

Biz üzvlərinin sayına görə dünyanın ikinci təsisatı olan Qoşulmama Hərəkatına ölkə olaraq böyük töhfələr vermişik. İnstitutlaşma məsələsini də qeyd etmək istərdim. Qoşulmama Hərəkatı çərçivəsində son 3 il ərzində məhz Azərbaycanın təşəbbüsü ilə Parlament və Gənclər Şəbəkəsi yaradılıb. COVID-19 pandemiyası ilə bağlı dünya ölkələrinə yardımlar etməyimiz təqdirəlayiqdir. Bununla yanaşı, ölkəmiz qlobal səviyyədə və regionun enerji təhlükəsizliyinə də fayda verir. Burada bizim enerji layihələrindən söhbət gedir. Azərbaycan həmçinin nəqliyyat-logistika sahəsində və Orta Dəhlizin inkişafında xüsusi rola malikdir.

Beləliklə, multilateralizm, nəqliyyat və enerji təhlükəsizliyi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini təşkil edir və Prezident İlham Əliyev də buna xüsusi önəm verir. Biz ümumiyyətlə, qlobal təhlükəsizliyə də töhfə veririk. Bizim sülhməramlılar Kosova, İraq və Əfqanıstanda fəaliyyət göstərib, antiterror əməliyyatlarında yaxından iştirak ediblər. Əlavə olaraq deyə bilərəm ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə də evsahibliyi edir. Bu günlərdə dövlət başçısının şəxsi təşəbbüsü ilə paytaxtda X Qlobal Bakı Forumu keçirildi. Mütəmadi olaraq keçirilən seminar, konfrans, forumlar çərçivəsində qlobal məsələlər müzakirə olunur.

Musa BAĞIRLI,

"Respublika".