Yeni əsrin qurucuları
Digər xəbərlər

Yeni əsrin qurucuları

1999-cu il fevralın 2-də gənclərin 2-ci forumu keçirilib

Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərin, dövlətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştiraka cəlb edilməsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra gənclərə dövlətin diqqət və qayğısı daha da artdı. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Məhz bunun məntiqi nəticəsi olaraq 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1 fevral 1997-ci ildə  bir qrup gənclə görüşən ümummilli lider Heydər Əliyev “2 Fevral- Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin dövrdən etibarən 2 Fevral -Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Azərbaycan Gəncləri Gününün təsis edilməsinin birinci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən ümummilli lider deyib: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq  Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti - sizin gənclərimizin qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır...”.

Bir neçə il sonra isə respublika gənclərinin ikinci forumu baş tutdu və bu əlamətdar hadisədən sonra Azərbaycanda həyata keçirilən işlərdə gənclərin fəaliyyəti daha da artdı. Gənclərin ikinci forumunda çıxış edən ulu öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin iştirakı ilə bağlı tövsiyələr vermişdi. “Mən hesab edirəm ki, gənclərin II forumu üç il müddətində görülən işlərə yekun vuraraq, eyni zamanda gələcəyə yollar açdı. Biz XXI əsrə doğru gedirik. XXI əsr gənclərin əsridir. XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrüdür. Əziz gənclər, siz Azərbaycanın XXI əsrinin qurucularısınız. Bu yolda sizə uğurlar olsun, eşq olsun!”

Bu sahədə aparılan islahatlar  gənclərin idmana marağının artması, onların dünya və beynəlxalq yarışlarda iştirak etməsinə zəmin yaratdı. Azərbaycan gəncləri ilk dəfə 1996-cı ildə müstəqil dövlətimizin təmsilçiləri kimi Olimpiya oyunlarına qatıldı. Gənclərin idmana marağının artması üçün Bakıda, Gəncədə, Naxçıvanda  Olimpiya İdman kompleksləri tikildi.

 Azərbaycanda hər il Gənclər Günündə təhsil, mədəniyyət, idman sahəsində uğur qazanan gənclərin dövlət tərəfindən təltif edilməsi, pul mükafatlarının verilməsi onları daha da həvəsləndirib, yeni uğurlar qazanmaları üçün təkan verib. Gənclər haqqında qəbul olunan qanunlar, fərman və sərəncamlar  gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Gənc nəslin vətənpərvər ruhda böyüməsi, xarici ölkələrdə təhsil alması, sosial qayğılarına diqqət yetirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən olub. Qarabağ münaqişəsinin həllində Azərbaycan gənclərinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Müharibə dövründə gənc nəslin könüllü olaraq ordu sıralarına yazılması, düşmən tapdağı altında olan torpaqları azad etməsi Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişməsindən xəbər verir. İşğal altında olan torpaqların erməni separatçılarından tənzimlənməsi uğrunda neçə-neçə gənclərimiz bu yolda canından keçib, şəhid və qazi adını alıb. Ərazi bütövlüyünü bərpa edən qazi və şəhidlərimiz dövlət tərəfindən medallarla, mənzil, avtomobil və fəxri adlarla təltif olunur.

Prezident İlham Əliyev ümummilli lider tərəfindən təməli qoyulan gənclər siyasətini uğurla davam etdirir. Bu siyasi kursa sadiq qalaraq dövlət başçısı 2007-ci ili “Gənclər ili” elan etdi. 2011-ci ildə Gənclər Fondu yaradıldı. 2013-cü il də  elm, təhsil, mədəniyyət və digər sahələrdə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis oldu. Bu mükafat elm, təhsil, mədəniyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə verilir. Dövlət səviyyəsində gənclərə verilən dəstək onlar arasında işgüzar mühitin formalaşmasına və inkişafına böyük töhfələr verir.

Musa BAĞIRLI,

“Respublika”.