Yüksək sənayeləşmə tempi
İQTİSADİYYAT

Yüksək sənayeləşmə tempi

Azərbaycanda iqtisadi artım tempi aybaay sürətlənir. Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, 2021-ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz böyüyən qeyri-neft sektorunun drayverliyilə 4,8 faiz qeydə alınıb: "BVF Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir. Lakin milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi "Dünya iqtisadi icmalı"nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib".

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Daha sonra məlumatda bildirilir ki, Vüsal Qasımlı bunun əsas səbəbini yüksək sənayeləşmə tempində görür: "Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da orta dünya göstərici, 24,8 faizdən əhəmiyyətli üstündür. Müqayisə üçün deyim ki, sənayenin ÜDM-də payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2 faiz, Avrozonada 21,5 faiz və OECD ölkələrində isə 21,1 faizdir. Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir".

Bəybala BƏYBALAYEV,

"Respublika".