Zəfər günü paytaxtda ağacəkmə aksiyası
Sosial həyat

Zəfər günü paytaxtda ağacəkmə aksiyası

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində paytaxtımızın rayonlarında genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.  

Bu il ilk dəfə qeyd edilən Zəfər Günündə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və qurumun idarələrinin əməkdaşlarının iştirakı ilə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən aksiya    paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə təşkil olunub.

Əsas məqsəd Bakı şəhərində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi olan bu aksiya zamanı ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni, əsas etibarilə Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkildi. Aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.  Əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri də həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Aksiya paytaxtımızın yaşıllaşdırılması və daha da gözəlləşməsinə bir töhfə olmuşdur.

Kamil İSMAYIL,

“Respublika”.