Zəfər Günün mübarək, Vətən!
Region

Zəfər Günün mübarək, Vətən!

2020-ci il 27 sentyabr. Həmin gün Vətən müharibəsinin başlandığı tarix kimi yaddaşlara yazıldı. 44 gün davam edən haqq savaşının hər günü bir tarixə döndü, kəndlərimiz, şəhərlərimiz azad edildikcə Zəfərə, qələbəyə doğru addım-addım yaxınlaşdıq. Hər bir savaşın dönüş nöqtəsi olur. Qəhrəman Azərbaycan Ordusu Şuşa şəhərini azad etməklə həm də müharibənin taleyini həll etmiş oldu. Beləliklə, baş tacımız Şuşanın işğaldan azad olunduğu 8 Noyabr - Zəfər Günü kimi tarixə döndü. Artıq iki ildir ki, bu gün respublikanın hər yerində silsilə tədbirlər keçirilir.

Bölgələrdə bu münasibətlə keçirilən tədbirlərdən hazırlanan yazıları oxuculara qədim edirik.

Gəncə

Azərbaycan Texnologiya Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə 8 Noyabr - Zəfər Gününə həsr olunan "Müasir elmin aktual çağırışları və nailiyyətləri" adlı respublika elmi-praktik konfransı keçirilib. Tədbirdən əvvəl universitetin ərazisində ucaldılan Şəhidlər abidəsi ziyarət edilib. Daha sonra Bayraq Meydanında təşkil olunan tələbələrin əl işlərindən ibarət "Zəfərə imza atdıq" adlı rəsm sərgisinə baxış keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Y.Ömərov konfransın mövzusunun aktuallığına diqqət çəkərək məcmuələr toplusuna 200-ə yaxın tezisin daxil olduğunu bildirib. Qeyd edib ki, konfrans alim və tədqiqatçıların 8 istiqamət üzrə elmi müzakirələr aparılmaları üçün yaxşı platformadır.

Sonra Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, AMEA-nın Gəncə Regional bölməsinin sədri, akademik Fuad Əliyev, Mərəndi Şərab Zavodunun icraçı direktoru professor Vüqar Mikayılov, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Rahid Ələkbərli, Azəralüminium Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

***

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfərin mübarək, Vətən!" mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abbasov, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbədən danışılıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi, ordumuzun qüdrəti ilə ədalətin bərpa edilməsindən bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda formalaşdığını bir daha təsdiqləyir. Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları Vətən müharibəsi qəhrəmanlarının keçdiyi şərəfli döyüş yollarından bəhs edib, göstərdikləri şücaətdən danışıblar. Onlar ölkədə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

***

2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edərək işğal altında olan ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Zəfər Günü ilə bağlı Azərbaycan Texnologiya Universitetində silsilə tədbirlər təşkil olunub. Zəfər Günü ərəfəsində təhsil müəssisəsində keçirilən respublika elmi-praktik konfransı, fləşmob, spartakiada və rəsm sərgisi ilə yadda qalıb. Azərbaycan Texnologiya Universitetinin minə yaxın tələbəsi Gəncə Şəhər Heydər Əliyev Park Kompleksində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan "Dəmir Yumruq" simvolunu əks etdirən fləşmob nümayiş etdirib. Tədbirdə Şanlı Zəfər Gününün, Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatının, unikal Şuşa əməliyyatının önəmi xüsusi qeyd edilib. Vətən müharibəsi şəhidlərinin, o cümlədən Azərbaycan Texnologiya Universitetinin şəhid məzunlarının xatirəsi anılıb.

Silsilə tədbirlər çərçivəsində universitetin İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə "Azərbaycanda yerli özünüidarəetmənin müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda elmi-praktik seminar keçirilib. Tədbir zamanı ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmədə rolu adlı qısametrajlı film nümayiş olunub. Daha sonra tələbələr bələdiyyə və idarəetmə sahəsində müxtəlif məruzələrlə çıxış ediblər.

"Zəfərə imza atdıq" mövzusunda keçirilən rəsm müsabiqəsində universitet tələbələrinin 100-dən çox bir-birindən maraqlı rəsm əsərləri sərgilənib. Sərgilənən rəsm əsərləri münsiflər tərəfindən qiymətləndirilib. I, II və III yerləri tutan tələbələr universitet rəhbərliyi tərəfindən diplomla təltif edilib, digər iştirakçılara isə müsabiqədə iştirak etdikləri üçün təşəkkürnamə verilib.

Mingəçevir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq-quruculuq işləri sürətlə davam edir. Şəhərin küçə və meydanları, park və xiyabanları, yaşayış binaları, istirahət məskənləri qaydaya salınır, əsaslı təmir edilir. Sakinlərin istək və arzuları nəzərə alınaraq yeni-yeni istirahət zonaları yaradılır. Belə istirahət zonalarından biri də şəhərin Heydər Əliyev prospekti ərazisində, Yüksək Texnologiyalar Parkı yaxınlığında küçənin sağ və sol hissəsi boyunca salınıb. 8 Noyabr - Zəfər Günü münasibətilə hazırlanan istirahət zonası zəfər bayramına töhfədir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəxsi təşəbbüsü ilə salınan istirahət zonasında tərtibat işlərini Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin kollektivi Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin yaxından dəstəyi ilə həyata keçirib. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov bildirir: - İkinci Qarabağ müharibəsi tarixə səs salan böyük Zəfərlə yekunlaşdı. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz 44 günlük Vətən müharibəsində düşmənə layiqli cavab verərək yerini göstərdi. Onu iti qovan kimi torpaqlarımızdan qovub çıxartdı. Bu tarixi qələbə, xalqımızın yaddaşına yazılan zəfərdir. Bu tarixi günü əbədiləşdirmək məqsədilə Mingəçevirdə yeni istirahət zonası yaratmaq qərarına gəldik. Bu istirahət zonasında çoxlu sayda dekorativ ağac, eləcə də şam, sərv ilə yanaşı, müxtəlif gül kolları əkilmişdir. Bir sözlə, insanların istirahəti üçün ərazidə hər cür şərait yaradılmışdır. İstirahət zonasının girişində və çıxışında yeni plakatlar quraşdırılmışdır. Bu isə o deməkdir ki, park başdan-başa Zəfər Gününə bir hədiyyədir.

Tərtər

Tərtərdə tarixi Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir. Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi ilə birlikdə "Zəfərin mübarək, Vətən" adlı tədbir keçirib.

Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranlar, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndərin abidəsini, sonra isə Şəhidlərin Abidə Kompleksini ziyarət ediblər.

Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər günündən, Rəşadətli Azərbaycan Ordusunun müharibədə qazandığı qələbədən, ordumuzun döyüş taktikasından, 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünü təmin edən şəhidlərimizdən, öz sağlamlıqlarını Vətənə qurban verən qazilərimizdən bəhs edib.

Sonra söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayevə verilib. O, öz çıxışında Azərbaycan xalqının torpaqlarının işğalı ilə heç vaxt barışmadığını, öz ordusunun nələrə qadir olduğunu 44 günlük Vətən müharibəsində sübut etdiyindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb.

Tədbirdə Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev və "Azərbaycan Bayrağı" ordenli Vətən müharibəsi əlili Elnur Salahov çıxış ediblər. Məktəblilər vətənə, şəhidlərə aid şeirlər söyləyiblər.

Sonda Vətən müharibəsi iştirakçılarına "Vətən müharibəsi veteranı" medalları təqdim olunub.

Hacıqabul

Hacıqabul rayonunun Ailəvi İstirahət Mərkəzində 2 ay ərzində 200 nəfər gənci əhatə edən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər kuboku" intellektual oyunun final mərhələsi keçirildi. Final mərhələsində ümumtəhsil məktəblərindən 4,6,8 saylı, Rəncbər kənd və Navahı qəsəbə 1 saylı tam orta məktəblərinin komandaları iştirak etdilər.

Zəfər Kubokunun qalibi Hacıqabul şəhər 8 saylı Humanitar təmayüllü məktəb-liseyin komandası oldu. 2-ci və 3-cü yerləri isə şəhər 6 saylı və Rəncbər kənd tam orta məktəbinin komandaları qazandı.

1-ci, 2-ci və 3-cü yerə layiq görülən komandaların üzvləri təşkilatçılar tərəfindən təsis edilən müvafiq diplomlar və medallarla təltif olundular. "Zəfər kuboku" Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi, Hacıqabul Rayon Gənclər və İdman İdarəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi.

İntellektual oyunun iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olan igid həmyerlilərinin müqəddəs ruhunu daima əziz tutub doğma Azərbaycana layiqli övlad olacaqlarına, təkcə idmanda deyil, həyatın bütün sahələrində əsl vətəndaş mövqeyi nümayiş etdirəcəklərinə söz verdilər.

Xocavənd

Vətən müharibəsində yüzlərlə xocavəndli gənc torpaqlarımızın işğaldan azad edilməsi uğrunda igidlik və fədakarlıq göstərib. Bu torpaq Milli Qəhrəman yetişdirib. Torpaqlarımızın azad edilməsi uğrunda şəhid olan xocavəndlilərin xatirəsi uca tutulur, onların adı ehtiramla yad edilir.

Xocavənd Rayon Mədəniyyət Evində Zəfər Günü ilə əlaqədar "Şanlı tariximiz - Zəfər günü" adlı tədbir keçirilib. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub. Tədbirdə 44 gün davam edən və ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi qeyd edilib. Bildirilib ki, 8 Noyabr günü Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, qəhrəman şəhidlərimizin fədakarlığının nəticəsidir. Tədbirin sonunda məktəblilərin ifasında Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən şeirlər dinlənilib.

Lənkəran

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə bölgənin mədəniyyət müəssisələrində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar rəngarəng tədbirlər keçirilir. "Zəfər salnaməsi" adlı növbəti tədbir Lənkəran Şəhər Mədəniyyət Mərkəzində təşkil olunmuşdu.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Zəfər Günü haqqında söhbət açaraq dedi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün əziz, müqəddəs bir məkandır, mədəniyyətimizin beşiyi, paytaxtıdır. Otuz ilə yaxın düşmənin işğal altında saxladığı qədim Şuşa 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, qətiyyətli sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına mənfur erməni işğalçılarından azad edildi.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisi Elxan Nəcəfov tədbirdə çıxış edərək bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik məharəti, yüksək diplomatik bacarığı, şanlı ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şücaəti sayəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Artıq Şuşada, Qarabağın digər rayonlarında həyat yenidən canlanmağa başlayır. Zəfər Günü müqəddəs, unudulmaz tarix kimi xalqımızın yaddaşında əbədi qalacaq.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxışında qeyd etdi ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə çağdaş tariximizin ən parlaq səhifəsidir.

Sonra rayonun mədəniyyət işçilərinin hazırladığı "Zəfər salnaməsi" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu. Musiqi kollektivləri şən, oynaq mahnılar, rəqslərlə tədbiri daha da rövnəqləndirdilər.

Tədbir iştirakçıları istedadlı gənclərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə də yaxından tanış oldular.

Laçın

44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın sarsılmaz birliyi qarşısında Ermənistan və onun havadarları məğlub oldu. Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının dəstəyi ilə 48 saylı Ərazi Partiya Təşkilatı və Laçın rayon 1 nömrəli tam orta məktəbinin keçirdiyi "44 günlük Vətən müharibəsinin Zəfəri" mövzusunda tədbirdə səsləndirilib. Partiya veteranlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Laçın rayon 1 nömrəli tam orta məktəbinin şagirdlərinin 8 Noyabr - Zəfər Gününə həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Laçın rayon təşkilatının 48 saylı Ərazi Partiya Təşkilatının sədri, Laçın rayon 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılova 8 Noyabr - Zəfər Günü barədə məlumat verdikdən sonra şagirdlərin hazırladıqları kompozisiyalar təqdim edilib. Tədbirdə çıxış edən şəhid ailələri, qazilər, rayon ziyalıları, partiya fəalları Vətən müharibəsindən bəhs edərək 2020-ci il sentyabrın 27-də düşmənin təxribatlarına tutarlı cavab verən rəşadətli Ordumuzun bütün cəbhə boyu ardıcıl Qələbələrindən danışıblar.

Füzuli

İşğal və müharibə ağrıları yaşamış Füzuli rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir. Tədbirlərin davamı olaraq Horadiz şəhərində yerləşən Bayraq meydanında ağacəkmə aksiyası keçirilib.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı Füzuli rayonundan olan İkinci Qarabağ müharibəsi şəhidlərinin də hər birinin adına ağac əkilib. Yeni əkilən tinglərə aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Füzuli rayonundan 78 nəfər şəhid olub, onlardan biri də Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Amil oğlu Zalovdur. Şəhidlərin adına əkilən ağaclar onların əbədiyaşar xatirələrinə ən böyük ehtiramdır.

***

İki il bundan əvvəl tarixi Qələbəyə aparan yol xalqımızın çoxəsrlik tarixindən, əcdadlarımızın ruhundan, sarsılmaz birliyindən, əyilməzliyindən əskər və zabitlərimizin fədakarlığından, mənəvi dəyərlərdən, igidlik dastanı yazanların şücaətindən keçdi. Dost da, düşmən də Xalq-İqtidar birliyinin əzəmətinin şahidi oldu.

Həmin günlərdə keçmiş təmas xəttində yaşayan füzulililər uşaqdan böyüyə kimi yeri-göyü lərzəyə salan mərmilərin, raketlərin partlayışlarından, quduz canavar kimi ulayan güllələrin vıyıltısından qorxmadılar, çəkinmədilər, ordu bölmələrimizin arxasında mərdliklə dayandılar, yüzlərlə könüllü döyüşlərə atıldı.

Bu günlərdə Füzuli Rayon İcra Hakimiyyətində 8 Noyabr - Zəfər Günü münasibətilə idarə və müəssisələrdə dövlət qulluğuda çalışan Vətən müharibəsi şəhidi ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Məlumat üçün qeyd edək ki, rayonda şəhid ailələri üzvlərindən və qazilərdən 7 nəfər dövlət strukturlarında ixtisaslarına uyğun işlə təmin edilib. Görüşdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun göstərdiyi şücaətdən, ölkəmizdə ən yüksək mərhələyə çatan Prezident-Xalq-Ordu birliyinin təntənəsindən, işğal altındakı torpaqlarımızın azad edilməsində əldə edilən tarixi qələbədən ətraflı söz açıb. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin şanlı səhifəsi olduğunu diqqətə çatdıran rayon rəhbəri, bu qəhrəmanlıq salnaməsini qanları, canları ilə yazan şəhidlərimizin ailələrinin, qazilərin, veteranların hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Görüş iştirakçıları onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Xaçmaz

Xaçmazda "Zəfər günü" çərçivəsində keçirilən tədbirlər davam edir. Oktyabr ayının əvvəlindən rayonda ağacəkmə aksiyasına start verilib. Xaçmaz və Xudat şəhərlərinin küçə, park və xiyabanlarında, Yalama-Gəndob yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində, Quba-Xaçmaz, Xaçmaz-Xudat və digər yollarda ağac əkilir, yaşıllıqlar salınır. Həftə sonu ağacəkmə aksiyasında rayon icra hakimiyyəti başda olmaqla, bütün idarə və müəssisələrin kollektivləri iştirak edirlər. İndiyədək 2500-ə qədər ağac əkilmişdir. Yaşıl aksiyada rayon Təhsil şöbəsi, Mərkəzi Xəstəxana, Suvarma Sistemləri İdarəsi, Mədəniyyət idarələri, Kommunal Müəssisələri Kombinatı, yerli icra nümayəndəlikləri, bələdiyyələr və könüllülər daha çox fərqlənirlər. Rayon icra hakimiyyətindən verilən məlumata görə Zəfər gününədək rayonda yerli iqlim şəraitinə uyğun dekorativ ağaclardan ibarət 3 min ədəd ting, xeyli bəzək kolları və gül əkiləcəkdir.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparır, yol kənarlarını alaq otlarından, daşlardan təmizləyir, yeni əkilən ağacları suvarır, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərirlər.

“Respublika”.