138 ölkə ilə ticarət əməliyyatları
İqtisadiyyat

138 ölkə ilə ticarət əməliyyatları

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 138 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 84 ölkəyə məhsul ixrac olunmuş, 134 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 6428,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 3981,6 milyon dollarını və ya 61,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 2446,6 milyon dollarını (38,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1535,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,3 faizi İtaliya, 13,6 faizi Türkiyə, 8,2 faizi Rusiya, 7,4 faizi İsrail, 6,7 faizi Çin, 5,5 faizi Hindistan, 3,0 faizi Tailand, 2,4 faizi Almaniya, 1,8 faizi Gürcüstan, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

“Respublika”.