DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ PREZIDENTI YERLI PEYVƏNDIN ADINI AÇIQLADI

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı məlum olub. “TRT” telekanalının verdiyi xəbərə görə,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan könüllülərə yerli peyvəndin üçüncü fazasının ilk dozasının vurulduğu Ankara Şəhər Xəstəxanasındakı mərasimə video-konfrans vasitəsilə qatlıb.

Dövlət başçısı çıxışı zamanı deyib: “Ölkəmizi bu pendemiya bəlasından tez bir zamanda qurtarmaq üçün yerli peyvəndimizin olması böyük əhəmiyyət kəsb edir.  Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə yeni bir dövrün qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”.

Eyni zamanda, Ərdoğan qeyd edib ki, Almaniya və Çindən alınan peyvəndlər sayəsində Türkiyə vaksinasiya tempinə görə qabaqcıl yerlərdədir.

Bununla yanaşı, prezident Rəcəb Tayyib Ərdoğan yerli “COVID-19” peyvəndinin adının “TURKOVAC” olduğunu da elan edib.

 

AŞPA-DAN PANDEMIYA BÖHRANI ILƏ BAĞLI XƏBƏRDARLIQ

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “COVID-19 pandemiyası səbəbindən baş verən sosial-iqtisadi böhrandan çıxış” adlı qətnamə qəbul edib. “Report” agentliyinin xəbərinə görə, sənəddə pandemiya səbəbindən dövlətlərin üzərinə düşən vəzifənin iki dəfə artdığı barədə xəbərdarlıq edilib.

Eyni zamanda, qətnamədə bildirilib ki, ölkələr bir tərəfdən tibbi böhrana qarşı mübarizələrini davam etdirməli, digər tərəfdən pandemiyanın ağır nəticələrinin aradan qaldırılmasına çalışmalıdırlar.

Sənəddə həmçinin pandemiyanın qadınlarla kişilər arasında mövcud olan bərabərsizliyi daha da artırdığı vurğulanıb.

“Pandemiya səbəbindən işini itirənlər arasında qadınlar kişilərə nisbətən çoxluq təşkil edir. Son zamanlar ailələrin mənzil təminatında böyük çətinliklər baş verib və bu məsələdə irqi ayrı-seçkilik hallarının daha da artdığı müşahidə olunub. Gənclərin işlə təminatı məsələsində də pandemiyanın mənfi təsirləri aydın hiss olunur”, - deyə sənəddə qeyd olunur.

 

GÜRCÜSTANIN TURIZM GƏLIRLƏRI KƏSKIN ARTIB

Bu ilin may ayında Gürcüstan turizmdən 73,8 milyon dollar həcmində gəlir əldə edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Bankının analitik hesabatında qeyd olunur.

Məlumata əsasən, gəlirdə illik müqayisədə 8,1 dəfə artım qeydə alınıb. Yanvar-may aylarında isə turizm sektoru Gürcüstan iqtisadiyyatına 177,3 milyon dollar gəlir gətirib.

Qeyd edilir ki, ötən ay Gürcüstan 96,5 min nəfəri turist olmaqla 112,7 min beynəlxalq ziyarətçi qəbul edib. Bu ölkəyə səfərə yollananların sayı ötən ilin eyni dövrünə nisbətdə 3,1 dəfə artıb.

 

ABŞ ƏRAZISININ 38 FAIZINDƏ QURAQLIQ HÖKM SÜRÜR

ABŞ-ın qərbində istiliyin rekord səviyyəyə yüksəlməsi quraqlıq təhlükəsini dərinləşdirib. Ölkənin qərbinin təxminən yarısının quraqlıqdan təsirləndiyi yerlərdə təcili tədbirlər görülməzsə, su qıtlığı daha böyük problemə çevriləcək. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, ölkənin 38 faizi quraqlıq səbəbindən ciddi əziyyət çəkir. Quraqlığın səbəb olduğu su qıtlığından bilvasitə təsirlənənlərin sayı 94 milyon nəfərdən çoxdur.

Eyni zamanda, isti hava dalğasıyla quraqlıq şərtlərinin birləşməsi çayların və su qaynaqlarının daha çox qurumasına, anbarlardakı su səviyyəsinin azalmasına səbəb olub.

Bildirilir ki, ABŞ-ın ən böyük su ehtiyatı sayılan Mid  gölündə indiyə qədər ən aşağı su səviyyəsi qeydə alınıb.

Son bir il ərzində yağışın azlığı ilə yanaşı, qlobal iqlim dəyişikliyinin də quraqlığın yaranmasına ciddi səbəb olduğu bildirilir.

 

İRANLA BAĞLI VYANA DANIŞIQLARI NƏTICƏSIZ BAŞA ÇATIB

İranla bağlanmış nüvə sazişini xilas etmək üçün aparılan Vyana danışıqlarının altıncı raundu yekun nəticə əldə olunmadan başa çatıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, diplomatik dairələr danışıqlarda bir sıra mühüm məsələlər üzrə razılıq əldə olunduğunu bildirsələr də, bununla belə ən çətin və əsas mövzular hələ də həllini gözləyir.

Avropa İttifaqı tərəfindən danışıqlarda iştirak edən Enrike Mora mətbuata verdiyi açıqlamada yekun razılaşmaya aydın şəkildə yaxınlaşmanın mümkün olduğunu, lakin danışıqların hələ yekun mərhələyə çatmadığını qeyd edib.

Eyni zamanda, Enrike Mora əmindir ki, nümayəndə heyətləri öz ölkələrindən sazişi yekunlaşdırmağa dair aydın təlimat və ideyalarla danışıqların növbəti raunduna geri dönəcəklər.

Məlumata əsasən, nüvə sazişinin xilası istiqamətində aparılan danışıqların ən çətin məqamı İrana qarşı ABŞ sanksiyalarının aradan qaldırılması ilə İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması arasında həssas balansı yarada bilməkdir. Danışıqların növbəti raundunun tarixi hələlik açıqlanmayıb.

 

KORONAVIRUSUN HINDISTAN ŞTAMMI 92 ÖLKƏDƏ YAYILIB

İlk dəfə Hindistanda aşkarlanan “Delta” koronavirus ştammı bu günə qədər 92 ölkədə qeydə alınıb. “APA”nın verdiyi xəbərə görə, bunu ÜST nümayəndəsi Maria van Kerkxove brifinqdə çıxışı zamanı bəyan edib.

Eyni zamanda, xüsusi narahatlığını ifadə edən ÜST nümayəndəsi Hindistan ştammının daha sürətlə yayıldığını bildirib.

Maria van Kerkxove deyib: “Bəzi peyvəndlər “Delta” variantına qarşı daha az təsirli olur, lakin hər halda ağır xəstəliklərin və ölümün qarşısını alır”.

Bununla yanaşı, ÜST rəsmisinin sözlərinə görə, gələcəkdə koronavirusun digər mutasiyaları istisna edilmir ki, bu da peyvəndlərin effektivliyini azalda bilər.

 

ABŞ-IN HƏRBI HEYƏTI TÜRKIYƏYƏ SƏFƏR EDƏCƏK

ABŞ-ın Müdafiə Nazirliyinin texniki heyətinin iyunun 24-də Türkiyəyə səfər edəcəyi gözlənilir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “CNN”  telekanalı yayıb.

Bildirilir ki, NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” proqramını başa çatdırması barədə açıqlamasından sonra bu ölkədəki vəziyyətin əhəmiyyəti artıb. Bu məsələ iyunun 16-da Alyansın Brüsseldə keçirilən zirvə toplantısında bəyan edilib.

Vurğulanıb ki, ABŞ-ın texniki heyəti Türkiyənin Əfqanıstandakı hərbçilərinin gələcək xidmətini və Kabildəki Həmid Karzai Beynəlxalq Hava Limanının mühafizəsini müzakirə edəcəyi gözlənilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə bildirmişdi ki, türk hərbçiləri Əfqanıstanda dəstəksiz qalmayacaq.

Xatırladaq ki, ABŞ başda olmaqla NATO bu ilin may ayından sentyabradək hərbçilərini Əfqanıstandan çıxaracağını elan edib.

 

MOSKVADA RESTORANLARA GIRIŞ “COVID” PASPORTU ILƏ MÜMKÜN OLACAQ

Rusiya paytaxtında iyunun 28-dən kafe və restoranlara giriş yalnız “COVID” pasportu ilə mümkün olacaq. “APA”nın xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin bəyan edib.

“Artıq bir neçə aydır ki, Avropa və Asiyanın bir çox şəhərlərində analoji qaydalar tətbiq edilir. Əgər yeni, arzuolunmaz “lokdaun”dan qaçmaq istəyiriksə, o zaman onların təcrübəsini tətbiq etməyin vaxtıdır”, - deyə Sergey Sobyanin vurğulayıb.

Eyni zamanda, Moskva meri kafe və restoranlara peyvənd edilmiş, son altı ayda “COVID-19”a yoluxub sağalan, 72 saat əvvəl tətbiq edilmiş mənfi nəticəli PCR testi olan şəxslərin buraxılacağını açıqlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.