DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA RƏSMISI: İRANIN PUA ZAVODLARI DARMADAĞIN EDILMƏLIDIR

“Rusiyaya pilotsuz uçuş aparatları tədarük edən İran zavodları darmadağın edilməlidir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak bəyan edib.

“Rusiya üçün raketlərin, pilotsuz uçuş aparatlarının tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutuna laqeyd yanaşır. İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından imtina edib daha destruktiv alətlərə - zavodların darmadağın, tədarükçülərin həbs edilməsinə keçmək vacibdir”, - deyə müşavir vurğulayıb.

Ukrayna rəsmiləri hesab edirlər ki, İran Rusiyaya “Mohajer-6” və “Shahed-136” PUA-ları satır.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi Ukrayna müharibəsinin başlamasından bir neçə ay əvvəl Rusiyaya PUA satdıqlarını etiraf edib.

 

İTALIYANIN BAŞ NAZIRINI İRAQDA İRLANDIYA BAYRAĞI ILƏ QARŞILADILAR

İtaliyanın baş naziri Corciya Meloni İraqa səfər edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, İtaliya hökumətinin başçısı səfəri çərçivəsində paytaxt Bağdadda iraqlı həmkarı Məhəmməd Sudani ilə görüşüb. İkitərəfli münasibətlərin və regional məsələlərin müzakirə edildiyi görüşdən sonra iki lider birgə mətbuat konfransı keçirib.

İraq baş naziri İtaliyanın İŞİD terror təşkilatı ilə mübarizədə mühüm rol oynadığını vurğulayaraq, iki ölkə arasında güclü əlaqələrin olduğunu bildirib.

Öz növbəsində İtaliyanın baş naziri Corciya Meloni ölkəsinin İŞİD-lə mübarizədə İraqa dəstəkdə ön sıralarda olduğunu vurğulayıb.

Eyni zamanda, İraqda fəaliyyət göstərən İtalyan şirkətləri vasitəsilə bu ölkənin yanında olduqlarını söyləyən C.Meloni İŞİD-lə mübarizədə əldə edilən uğurlardan qürur duyduqlarını qeyd edib.

Birgə mətbuat konfransında İtaliya bayrağının əvəzinə İrlandiya bayrağının istifadəsi diqqətdən yayınmayıb. Görüntü sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

 

ÖZBƏKISTANDA VIRUSA QARŞI DƏRMAN 15 UŞAĞIN HƏYATINA SON QOYUB

Özbəkistanda 15 uşaq Hindistanda istehsal olunan kəskin respirator virus infeksiyalarına qarşı dərmanı qəbul etdikdən sonra dünyasını dəyişib. “Report” xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Bildirilir ki, söhbət sirop və tablet şəklində satılan “Doc-1 Max” dərmanından gedir. Son iki ayda 21 xəstə ağırlaşmalardan şikayət edib. Əksəriyyətində anuriya (sidiyin ifraz edilməməsi xəstəliyi) olub.

“17 uşaqda xəstəlik son dərəcə ağır keçib, onlar bir neçə seans hemodializdən keçməli olublar. 15 ölüm hadisəsi qeydə alınıb”, - deyə Səmərqənd Regional Uşaq Tibb Mərkəzinin direktorunun Səhiyyə Nazirliyinə yazdığı məktubda vurğulanır.

Məlumat üçün qeyd edək ki, dekabrın 22-dən Özbəkistanda bu dərmanın satışı dayandırılıb, komissiya hadisənin səbəblərini araşdırır.

 

MILYARDER “THE WALL STREET JOURNAL” QƏZETINİN NAŞİRİNİ ALA BILƏR

Amerikalı milyarder Maykl Blumberq dünyanın aparıcı maliyyə informasiya agentliklərindən biri və “The Wall Street Journal” qəzetinin naşiri “Dow Jones” şirkətini almaq imkanını araşdırır. “Trend” agentliyinin xəbərinə görə, bu barədə “Axios” portalı məlumat yayıb. Bildirilir ki, “Dow Jones”un alınmasından sonra “Bloomberg” şirkəti maliyyə informasiya bazarında ən böyük oyunçuya çevrilə bilər.

Lakin Maykl Blumberq şirkəti almaq barədə onun sahibi Rupert Merdoka müraciət etməyib, habelə bu imkanı dəyərləndirmək üçün rəsmi üçüncü şəxsləri, məsələn, bankirləri işə cəlb etməyib.

Məlumata əsasən, Maykl Blumberq “The Washington Post” qəzetini almaq barədə də düşünür. Lakin bu sövdələşmədə nəşrin sahibi Ceff Bezosun maraqlı olması vacibdir.

Qeyd edək ki, “Bloomberg” transmilli media holdinqdir. Dünyanın aparıcı maliyyə və iqtisadi məlumat provayderlərindən biri hesab edilən maliyyə xəbərləri xidmətinə, nəşriyyata, internet portalına, bir neçə telekanala və radiostansiyaya sahibdir. İllik gəliri təxminən 10 milyard dollardır.

 

MIXEIL SAAKAŞVILININ SƏHHƏTI ILƏ BAĞLI ÇAĞIRIŞ

Gürcüstanın 130-dan çox keçmiş yüksək vəzifəli rəsmisi hakimiyyəti ölkənin üçüncü prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvilini müalicə üçün xaricə göndərməyə çağırış ediblər. “Teleqraf.com”un verdiyi xəbərə görə, çağırışda Saakaşvilinin ölümünün son dərəcə zərərli daxili və xarici siyasi nəticələri olacağı bildirilir.

Bəyanatda qeyd edilir ki, ölümcül nəticə Gürcüstandakı mövcud qütbləşməni nəinki dərinləşdirəcək, həm də bunu yaxın gələcəkdə aradan qaldırmaq mümkün olmayacaq.

Bəyanata imza atan Gürcüstanın dördüncü prezidenti Georgi Marqvelaşvili deyib: “Həm gürcü, həm də amerikalı tibb ekspertlərindən ibarət müstəqil qrupun qiymətləndirmələri birmənalı şəkildə təsdiqləyir ki, Gürcüstanda Mixeil Saakaşvilinin həyatını xilas etmək mümkün olmayacaq və proses işgəncəli ölümlə başa çatacaq”.

 

ABŞ ƏHALISININ 70 FAIZDƏN ÇOXU QARLI HAVANIN FƏSADLARI ILƏ ÜZLƏŞIB

ABŞ-ın 240 milyona yaxın sakini - əhalinin 70 faizindən çoxu şiddətli qar fırtınasının fəsadları ilə üzləşib. “Report”un xəbərinə görə, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.

Bildirilir ki, ABŞ-da qar çovğunu nəticəsində azı 9 nəfər həlak olub. Ölkənin bəzi şəhərlərində havanın temperaturu mənfi 40 dərəcədən aşağı düşüb. İqlimi adətən mülayim olan Texas ştatının Dallas şəhərində temperatur mənfi 23 dərəcəyə enib.

Məlumata əsasən, ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 5400-dən çox reys ləğv edilib. Çovğun səbəbindən ölkədə 590 mindən çox ev və müəssisə işıqsız qalıb.

Milli Meteoroloji Xidmət həftə sonu bəzi ştatlarda temperaturun mənfi 45 dərəcə Selsiyə düşəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

İRANDA LÜKSEMBURQ VƏTƏNDAŞI BARƏSINDƏ EDAM HÖKMÜ VERILIB

İran məhkəməsi Lüksemburq vətəndaşı barəsində edam hökmü çıxarıb. “Report” agentliyinin məlumatına görə, bu barədə Lüksemburqun Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik bu hökmü sərt şəkildə qınayaraq Avropa İttifaqının İrandakı etiraz aksiyalarına dəstək səylərini alqışlayıb.

Məlumata görə, ölkənin xarici işlər naziri Jan Asselborn məsələni iranlı həmkarı Hüseyn Əmir Abdullahianla müzakirə edib.

Bildirilir ki, son etiraz aksiyaları zamanı Avropa İttifaqı ölkələrinin vətəndaşları İranda həbs edilib. İttifaqın açıqlamasına əsasən, bu həbslərdə rəsmi Tehranın məqsədi Qərb ölkələri ilə siyasi sövdələşmə aparmaqdır.

Verilən xəbərə görə, İranda həbsdə olan belçikalı humanitar sahənin əməkdaşı Olivier Vandekastel isə 28 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, son bir ayda İranda 76 nəfərin edam olunduğuna dair məlumatlar yayılıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.