DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

LAVROV: ABŞ MISSIYASININ UĞURSUZ OLDUĞUNU FAKTIKI ETIRAF EDIR

“ABŞ əsgərlərini yalnız Əfqanıstandan çəkmir, bununla, iyirmi illik missiyasının uğursuz olduğunu faktiki olaraq etiraf edir.” “APA”nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Sergey Lavrov bildirib ki, rəsmi Kabil “Taliban”la keçid hökuməti qurmaq istəmir, Vaşinqton isə Əfqanıstandan öz hərbi birliklərini çıxararaq, ölkədəki qarşıdurmanı güc yolu ilə həllə buraxır.

“Taliban özünü daha davakar aparır, çünki mövcud razılaşma daha sabit dövlət strukturlarının formalaşması üçün şərait yaradacaq keçid hökumətinin qurulmasını nəzərdə tuturdu. Təəssüf ki, Kabildəki liderlər keçid hökuməti təşkil etmək istəmirlər, bu addımın onları siyasi fəaliyyətdən kənarlaşdıracağından narahatdırlar. Belə çıxır ki, həm onlar, həm də oradan ayrılan amerikalılar bütün vəziyyəti güc yolu ilə həllə buraxırlar”, - deyə Rusiya XİN başçısı bildirib.

TACIKISTAN-QIRĞIZISTAN SƏRHƏDINDƏ ATIŞMA BAŞ VERIB

Qırğızıstan-Tacikistan sərhədində iyulun 8-də atışma olub. “Report” agentliyinin məlumatına görə, bu barədə xəbəri Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzi yayıb.

Verilən xəbərə əsasən, iyulun 8-də Qırğızıstanın 4 sərhədçisi Tacikistanın Soqdi vilayətinə keçib. Onlar mülki geyimdə olublar. Sərhədçilər həmin ərazidən 9 baş atı Qırğızıstana keçirmək istəyiblər.

Tacikistan sərhədçilərinin onları atəşə tutması nəticəsində iki qırğız sərhədçi yaralanıb. Hadisə yerinə hər iki ölkənin vəzifəli şəxsləri gəlib.

ÜÇ ÖLKƏ SURIYAYA DAIR BIRGƏ BƏYANATLA ÇIXIŞ EDIB

Rusiya, İran və Türkiyə Suriyanın İdlib şəhərində sabitliyin qorunub saxlanmasını, razılaşmalara tam riayət olunmasını vacib hesab edirlər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Astana formatı”nın qarantı olan ölkələrin Suriyaya dair danışıqların növbəti mərhələsindən sonrakı bəyanatında bildirilir.

Məlumata əsasən, iyulun 7-8-də Astana formatında Suriyadaxili danışıqların onaltıncı raundu keçirilib. Görüşdə Suriyada vəziyyət, o cümlədən humanitar, iqtisadi, tibbi yardım, o cümlədən əsirlərin dəyişdirilməsi və girovların azad edilməsi məsələləri müzakirə olunur.

Tərəflər Suriyanın şimal-şərqində uzunmüddətli təhlükəsizlik və sabitliyin əldə olunmasının yalnız ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanması əsasında mümkün olduğu ilə razılaşıblar. “Bu yerlərdə” yeni reallıqların yaradılması cəhdlərini, terroçuluqla mübarizə adı altında qanunsuz özünüidarə təşəbbüslərini inkar edirik”, - deyə bəyanatda bildirilir.

PENTAQONUN GIZLI HESABATINDA UNO-LARIN VARLIĞINA IŞARƏ EDILIB

“ABŞ Müdafiə Nazirliyinin Uçan Naməlum Obyektlər haqqında ötən ay yayımlanan hesabatının gizli versiyasını görmüşəm və orada onların varlığına açıq şəkildə işarə edilib”. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ Milli Kosmik və Aviasiya Agentliyinin (NASA) direktoru Bill Nelson bəyan edib.

Verilən xəbərə görə, NASA-nın direktoru kainatda insanlardan başqa ağıllı varlıqların olduğuna və dünya ilə əlaqə quracaqlarına inandığını qeyd edib.

Eyni zamanda, Bill Nelson deyib: “13,5 milyard yaşında və çox böyük bir kainatımız var. Odur ki, bir Günəşi və bizimki kimi atmosferi olan başqa bir planetin mövcudluğu mümkündürmü? Bu sualın cavabı mənim üçün “bəli”dir. Odur ki, kosmosda ağıllı həyatın olduğunu və oradan bir siqnal alacağımızı düşünürəm”.

FLORIDADA BINANIN ÇÖKMƏSI NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI ARTIB

Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində iki həftə bundan öncə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. “Report” məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib.

Bələdiyyə başçısı bu hadisənin ABŞ tarixində terror hücumu və ya yanğınla bağlı olmayan ən böyük tələfata səbəb olmuş bina uçqunu kimi xarakterizə edib.

Bununla yanaşı, mətbuat konfransında iştirak edən rəsmi şəxslər hadisə yerində axtarış və xilasetmə işlərinin gecə-gündüz davam etdiyini diqqətə çatdırıblar.

RUSIYA TÜRKIYƏYƏ AMFIBIYA TƏYYARƏSI GÖNDƏRIB

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Türkiyəyə yanğınların söndürülməsinə kömək etmək üçün Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyasına məxsus “Be-200” amfibiya təyyarəsi göndərilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamaya əsasən, Sergey Şoygu tərəfindən Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak üçün göndərilən “Be-200” amfibiya təyyarəsi Adanadakı müvəqqəti bazaya uçub.

Qeyd olunur ki, təyyarənin uçuş heyəti bütün vəzifələri yerinə yetirmə məsələsində təcrübəyə malikdir.

Yanğınsöndürmə, zərərçəkmiş bölgələrə təcili yardım çatdırma, suda axtarış və xilasetmə işləri, ambulans, yük daşıma və ətraf mühitin mühafizəsi məqsədləri ilə hazırlanmış “Be-200”, saatda 150-190 kilometr sürətlə 14 saniyədə doldurduğu 12 ton suyu daşıya bilir.

İRANDA ENERJI ÇATIŞMAZLIĞI SƏBƏBINDƏN IŞ GÜNLƏRININ SAYI AZALDILIR

İranda strateji əhəmiyyət daşıyan sahələrin, o cümlədən əhalinin elektrik enerjisi ilə təmin olunması məqsədilə avqustun 22-dək həftənin cümə axşamı günləri dövlət idarələri və təşkilatların fəaliyyəti dayandırılacaq. “Trend”in məlumatına görə, bununla əlaqədar İranın Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda bildirilir ki, İranda elektrik enerjisi çatışmazlığı kəskin şəkildə artıb.

Məlumata əsasən, hazırda İranın elektrik stansiyaları 54 min meqavat saat elektrik istehsal edə bilir. İyulun 5-də ölkədə elektrik istehlakında rekord qeydə alınıb - bir gündə ölkədə 66,2 min meqavat saat elektrik enerjisi istifadə olunub. Bu isə ötən ilin pik vaxtı ilə müqayisədə 8 min meqavat, ötən ilin analoji günü ilə müqayisədə 10 min meqavat çoxdur.

Bununla yanaşı bildirilir ki, ölkə ərazisində istehsalla istehlak arasında yaranan fərqin qapanması üçün elektrik enerjisində fasilələrə yol verilir. Elektrik enerjisində yaranan fasilələr bir sıra şəhərlərdə əhalinin ciddi narazılığına səbəb olub.

TOKIO OLIMPIADASI TAMAŞAÇISIZ KEÇIRILƏCƏK

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri və Yaponiya paytaxtının hakimiyyət nümayəndələrinin onlayn formatda görüşü keçirilib. “APA”nın xəbərinə görə, iclasda koronavirus pandemiyası ilə bağlı durum müzakirə edilib.

Qərara alınıb ki, paytaxtda, həmçinin qonşu Tiba, Kanaqava və Saytamadakı yarışlar tamaşaçısız keçirilsin. Belə qərar Tokioda fövqəladə vəziyyət elan olunduğu üçün verilib.

Fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək. Olimpiada isə iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Qeyd edək ki, yarışın açılış və bağlanış mərasimləri də tamaşaçısız, yalnız xüsusi qonaqların iştirakı ilə baş tutacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.