DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AVROPA ITTIFAQI “TALIBAN”IN QƏLƏBƏSINI ETIRAF EDIB

Avropa İttifaqı “Taliban” hərəkatının müharibədə qalib gəldiyini qəbul edərək, humanitar və miqrasiya böhranlarının qarşısını almaq üçün Əfqanıstanın yeni hakimiyyəti ilə dialoqa başlamağı zəruri hesab edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel bəyan edib.

“Taliban” müharibəni qazandı, buna görə də miqrasiya və humanitar böhranların qarşısını almaq üçün Kabildəki yeni hakimiyyətlə danışmalıyıq”, - deyə Jozep Borrel vurğulayıb.

Ali komissarın sözlərinə görə, Avropa İttifaqı Əfqanıstandan qaçqın axını ilə üzləşən bölgə ölkələrini dəstəkləyəcək. O əlavə edib ki, Avropa İttifaqı həmçinin heç bir şərt olmadan Əfqanıstana humanitar yardım göstərməyə hazrıdır.

 

MERKEL PUTINLƏ MÜZAKIRƏLƏR ÜÇÜN RUSIYAYA SƏFƏR EDƏCƏK

Almaniya kansleri Angela Merkelin Rusiyaya səfəri zamanı ölkə prezidenti Vladimir Putinlə müzakirə edəcəyi mövzular bəlli olub. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətindən məlumat verilib.

Bildirilir ki, avqustun 20-də baş tutacaq ikitərəfli görüşdə Əfqanıstandakı son vəziyyət, Ukraynanın şərqindəki münaqişə və Belarusla bağlı məsələlər müzakirə ediləcək.

Bununla yanaşı, qeyd edilir ki, Angela Merkel avqustun 22-də həmçinin Ukraynaya səfər edəcək və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

 

İSRAILDƏ ŞIDDƏTLI MEŞƏ YANĞINLARI SÖNDÜRÜLÜB

İsraildə bir neçə gündür davam edən şiddətli meşə yanğınları söndürülüb. “APA”nın məlumatına görə, bu barədə İsrailin İctimai Təhlükəsizlik Nazirliyinin sözçüsü Omer Bar-Lev bildirib. Onun sözlərinə görə, ölkənin qərbində meşəlik ərazidə üç gündür davam edən yanğını söndürmək mümkün olub.

Bildirilir ki, yanğın avqustun 15-də başlayıb, yanğınsöndürmə briqadalarının səylərinə və yanğınsöndürmə təyyarələrinin istifadəsinə baxmayaraq, yayılmağa davam edib. Polisin verdiyi məlumata görə, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hərbçilər helikopterlərlə təxliyəyə dəstək verib.

İsrailin XİN başçıs Yair Lapid yanğınla mübarizəyə dəstək üçün Yunanıstan, Kipr, Fransa, İtaliya və digər ölkələrə müraciət edib və daha sonra nazir “Twitter” hesabından paylaşdığı məlumatda bildirib ki, artıq beynəlxalq dəstəyə ehtiyac yoxdur və yanğınlar nəzarətə alınıb.

 

UKRAYNADA NAZIRLIK MAAŞLARI RƏQƏMSAL VALYUTADA VERƏCƏK

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi əməkdaşlarının əməkhaqlarını Mərkəzi Bank tərəfindən hazırlanan rəqəmsal qrivnada verməyə hazırlaşır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu nazirliyin başçısı Mixail Fyodorov bəyan edib. Onun sözlərinə görə, bu təşəbbüs nazirliyin nəzərdən keçirdiyi pilot layihələrdən biridir.

Qeyd edilir ki, bu ilin iyunun 30-da Ukraynanın Ali Radası ölkənin Mərkəzi Bankı tərəfindən rəqəmsal valyuta buraxılışının ümumi prinsiplərini müəyyən edən qanun qəbul edib. Həmin qanun iyul ayında ölkə başçısı tərəfindən imzalanıb.

 

“BÖYÜK YEDDILIYIN” GƏLƏN HƏFTƏ ONLAYN SAMMITI KEÇIRILƏCƏK

ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı telefon söhbətinin gedişatında “G7” ölkələrinin (“Böyük yeddilik”) gələn həftə Əfqanıstanda vəziyyətə həsr edilmiş onlayn-sammitini keçirməklə bağlı razılq əldə ediblər. “Report”un verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar ümumi strategiyanı və yanaşmanı müzakirə etmək üçün gələn həftə “G7” liderlərinin virtual görüşünü keçirməyi razılaşdırdılar”, - deyə açıqlamada qeyd edilir.

Qeyd edək ki, Britaniyanın baş naziri Boris Consonla ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı zamanı Əfqanıstanda yaranmış vəziyyət müzakirə edilib.

 

ABŞ-DA ÜÇÜNCÜ DOZA ILƏ VAKSINASIYA PLANLAŞDIRILIR

ABŞ administrasiyası ölkə vətəndaşlarına ilk iki komponentlə peyvəndləmədən 8 ay sonra üçüncü - buster dozası ilə vaksinasiyanı tövsiyə etməyi planlaşdırır. “Report”un məlumatına görə, bu barədə “The New York Times” xəbər yayıb.

Bildirilir ki, yaxın günlərdə əlavə tədbirlərin tətbiqi ictimaiyyətə açıqlanacaq. Güman edilir ki, “BioNTech” və “Pfizer” konsorsiumunun, həmçinin “Moderna” şirkətinin preparatları ilə peyvənd olunmuş ABŞ vətəndaşlarına infeksiyanın “delta” ştammından qorunmaq üçün üçüncü doza vaksin vurdurmaq tövsiyə olunacaq.

Verilən xəbərə əsasən, buster doza ilə peyvəndləmənin sentyabr ayının ortalarında və ya sonlarında başlanılacağı gözlənilir.

 

MÜHƏRRIKI NASAZ OLAN GƏMIDƏ 47 MIQRANT ACLIQDAN VƏFAT EDIB

Kanar adalarına çatmağa çalışan onlarca miqrant gəmidə aclıqdan və susuzluqdan dünyasını dəyişib. “APA”nın verdiyi xəbərə görə, bu barədə “El Pais” qəzeti Beynəlxalq Miqrasiya Təşkilatına istinadən məlumat yayıb.

Müxtəlif Afrika ölkələrindən olan 54 miqrantı daşıyan gəmi avqustun 2-də Mərakeş sahillərindən hərəkət edib. Bir neçə gün  sonra Atlantik okeanında  gəminin mühərriki sıradan çıxıb və gəmidə olan qida, eləcə də su ehtiyatı tükəndiyindən miqrantlar bir-birinin ardınca ölməyə başlayıb.

Verilən xəbərə görə, bir neçə gün öncə gəmi Mavritaniya sahillərində, Nuadibu şəhəri yaxınlığında sahildə aşkar edilib. Sahil Mühafizəsinin əməkdaşları gəmidə yalnız 7 nəfərin - bir qadın və altı kişinin sağ qaldığını müəyyən ediblər. Qalan 47 nəfər isə vəfat edib.

 

“FACEBOOK” “COVID-19”LA BAĞLI 18 MILYON PAYLAŞIMI SILIB

“Facebook” sosial şəbəkəsi koronavirusla bağlı yalan məlumatların yer aldığı 18 milyon paylaşımı silib. “Report”un verdiyi xəbərə görə, bunu sosial şəbəkənin qurucusu Mark Zukerberq “CBS” telekanalına müsahibəsində bildirib.

“Platformamızda təhlükəli yanlış məlumat görsək, onu silirik. Belə yalan məlumatlar yaymaq bizim siyasətimizə ziddir”, - deyə Mark Zukerberq etiraf edib.

Məlumat üçün qeyd edək ki, iyulun 16-da ABŞ prezidenti Cozef Bayden sosial şəbəkə hesablarında koronavirusla bağlı yanlış məlumat yayan şəxslərin insan ölümünə səbəb olduqlarını açıqlamışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.