DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA PREZIDENTI YENİ DƏNİZ DOKTRİNASINI TƏSDİQLƏYİB

Rusiya prezidenti Vladimir Putin yeni dəniz doktrinasını təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Rusiya üçün əsas təhlükələr ABŞ-ın okeanlarda hökmranlıq kursu və NATO-nun fəaliyyətinin artmasıdır.

Yeni doktrinaya görə, Rusiyanın NATO ilə münasibətlərində müəyyənedici amil Alyansın infrastrukturunun ölkə sərhədlərinə doğru hərəkətinin qəbuledilməzliyidir.

Eyni zamanda, doktrina Rusiyanın, ilk növbədə, Arktika, Qara, Oxotsk və Berinq dənizlərində milli maraqların sərhədləri və zonalarını müəyyən edir. Bununla yanaşı, Qara dəniz donanmasının qruplaşmalarının gücləndirilməsi, Rusiya bayrağı altında üzən gəmilərin payının artırılması və Baltik dənizində yeni liman komplekslərinin tikilməsi nəzərdə tutulur.

Verilən xəbərə görə, Rusiya dokrtrina çərçivəsində İran, İraq və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı, Hindistanla dəniz əlaqələrini genişləndirməyi planlaşdırır.

 

ABŞ VƏ ISRAIL ARASINDA TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLIB

ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Beni Hansla telefon danışığı həyata keçirib. “APA”nın verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

Verilən xəbərə əsasən, danışıqların yekunlarına dair açıqlama verən mətbuat katibi bildirib ki, tərəflər İran və Fələstin-İsrail münaqişəsini müzakirə ediblər.

Bununla yanaşı, diplomatın sözlərinə görə, Blinken və Hans bir sıra ümumi təhlükəsizlik məsələlərini, o cümlədən İranın yaratdığı təhdidləri, həmçinin ABŞ-ın İsrailin təhlükəsizliyinə dəstəyini müzakirə ediblər.

“Dövlət katibi Blinken administrasiyanın israillilər və fələstinlilərin bərabər təhlükəsizlik, azadlıq və demokratiya şərtlərinə layiq olduğuna inandığını təkrarladı”, - deyə Ned Prays vurğulayıb.

 

“F-35”LƏRIN UÇUŞLARI NASAZLIQ SƏBƏBİNDƏN DAYANDIRILDI

ABŞ Hərbi Hava Qüvvələri “F-35” döyüş təyyarələrindəki katapult oturacaqlarında yaranan problemə görə uçuşlarının dayandırıldığını açıqlayıb. “Teleqraf.com” xəbər verir ki, fövqəladə vəziyyətlərdə pilotun təyyarəni tərk etməsinə imkan verən oturacaqların nəzərdə tutulan şəkildə işləmədiyi məlum olub.

Bildirilir ki, nöqsanın aşkarlanmasından sonra ABŞ hərbi hava və hərbi dəniz qüvvələri təyyarələrin uçuşunu təxirə salıb. Önümüzdəki dövrdə “F-35” döyüş təyyarələrinin yenidən sınaqlardan keçiriləcəyi gözlənilir.

Açıqlamaya əsasən, təyyarədən katapult oturacağını ayırmaq üçün istifadə edilən partlayıcı patronda problem olduğu aşkar edilib.

ABŞ rəsmiləri bu problemin hansı təyyarədə olduğunu desələr də, təhlükəsizlik səbəbi ilə bağlı təyyarələrin sayını açıqlamayıblar.

Məsələ ilə bağlı ABŞ-ın F-35 təyyarələri satdığı ölkələrə də məlumat verildiyi bildirilib. Bu səbəbdən İngiltərə və İsrail də F-35-lərin uçuşunu təxirə salıb. İsrail F-35 təyyarələrinin yalnız xüsusi icazələrlə havaya qalxa biləcəyini açıqlayıb.

 

OPEK-IN YENİ BAŞ KATİBİ VƏZİFƏSİNİN İCRASINA BAŞLAYIB

Avqustun 1-dən Küveytin nümayəndəsi Heysəm əl-Qays rəsmən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi vəzifəsinin icrasına başlayıb. “Trend” agentliyinin məlumatına görə, Heysəm əl-Qays yanvarın əvvəlində OPEK-ə daxil olan ölkələrin nazirlərinin xüsusi videokonfransında baş katib seçilib.

Heysəm əl-Qaysın baş katib kimi ilk tədbirləri OPEK+ çərçivəsində avqustun 2-3-nə planlaşdırılan görüşlər olmalıdır. Bunlar texniki komitənin iclası, monitorinq nazirləri komitəsi və alyans nazirlərinin iclasıdır.

Xatırladaq ki, Heysəm əl-Qays bu vəzifədə nigeriyalı Məhəmməd Barkindonu əvəz edib. 2016-cı ildən bu vəzifədə çalışan və iyulun 5-i vəfat etmiş Məhəmməd Barkindonun səlahiyyət müddəti bu ay başa çatırdı.

 

DÜNYA ÖLKƏLƏRİNİN ARSENALINDAKI NÜVƏ SILAHLARININ SAYI AÇIQLANIB

Hazırda dünya ölkələrinin arsenalında 13 minə yaxın nüvə silahı var. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

Baş katibin sözlərinə görə, dünyada nüvə silahından istifadə təhlükəsi soyuq müharibənin qızğın vaxtından bəri görünməmiş səviyyəyə çatıb.

“Bəşəriyyət Xirosima və Naqasakiyə endirilən zərbələrdən alınan dərsləri unutmaq təhlükəsi ilə üz-üzədir. Geosiyasi gərginlik yeni zirvələrə çatıb”, - deyə baş katib vurğulayıb.

Eyni zamanda, Antonio Quterreş nüvə silahının istifadəsinə qarşı 77 illik normanın təcili olaraq yenidən təsdiqlənməsi və gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

“Bu, bütün üzv ölkələrdən möhkəm öhdəlik tələb etməklə, nüvə müharibəsi riskini azaldır və bizi tərksilah yoluna qaytarır”, - deyə BMT-nin baş katibi əlavə edib.

 

BOLQARISTAN PREZIDENTI ÖLKƏ PARLAMENTINI BURAXIB

Bolqarıstan prezidenti Rumen Radev parlamentin buraxılması barədə fərman imzalayıb. Dövlət başçısı həmçinin oktyabrın 2-nə növbədənkənar parlament seçkiləri təyin edib. “APA”nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, son iki ildə Bolqarıstanda keçiriləcək sayca dördüncü parlament seçkiləri olacaq. Eyni zamanda, prezident sabiq əmək naziri Qalab Donevi avqustun 2-də fəaliyyətə başlaması üçün müvəqqəti hökumətin rəhbəri təyin edib.

Məlumata əsasən, Bolqarıstan Rusiya-Ukrayna müharibəsindən sonra güclü inflyasiya və təbii qaz tədarükü problemləri yaşayır. Qalab Donevin təyinatının başlıca məqsədinin artan enerji və ərzaq qiymətlərinin qaydasına salınması olacağı bildirilir. Bu məqsədlə müvəqqəti hökumətin Kiril Petkov hökuməti dövründə rəsmi Moskva ilə gərginləşən diplomatik əlaqələri qaydasına salması, Rusiyadan qaz idxalını yeniləməyə səy göstərməsi gözlənilir.

İyunda hakimiyyətdən gedən Kiril Petkov Bolqarıstandakı Rusiya diplomatik heyətinin 70 üzvünü casusluq ittihamı ilə ölkədən çıxarıb və Rusiyaya qaz idxalına görə rublla ödəniş etməkdən imtina edib. Nəticədə Moskva Rusiya qazından tam asılı olan ölkəyə mavi yanacaq ixracını dayandırıb.

 

İRAN XİN-I NÜVƏ PROQRAMI ÜZRƏ DANIŞIQLARLA BAĞLI AÇIQLAMA YAYIB

Yaxın vaxtlarda rəsmi Tehran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair danışıqların yeni raundunun keçirilməsinin mümkünlüyünü istisna etmir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani keçirdiyi brifinq zamanı bəyan edib.

Nazirliyin mətbuat katibi qeyd edib ki, yaxın gələcəkdə danışıqlar tarixi ilə bağlı nəticəyə gəlinə bilər və İran razılaşmaya kömək edən hər hansı təşəbbüsü alqışlayır.

Naser Kənani Vyanada nüvə sazişi müzakirələrinin bərpası ilə bağlı suala cavabında bildirib ki, İran danışıqlar prosesində iqtisadi maraqlarını təmin edən hərtərəfli və sabit razılaşmanın əldə edilməsini ağlabatan və məntiqli hesab edir.

İran rəsmisi danışıqların yeni raundunun keçirilməsinin mümkünlüyünü istisna etməyib və vurğulayıb ki, bu məsələ qarşı tərəfin iradəsindən asılıdır. ABŞ sabit razılaşma əldə etməyə hazır olduğunu bildirməli və aktual olmayan mövzuların gündəmə gəlməsinin qarşısını almalıdır.

Məlumat üçün qeyd edək ki, Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, rəsmi Tehranın üzərindəki ABŞ sanksiyalarının aradan qaldırılmasını nəzərdə tutur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.