And yeri
Region

And yeri

Lənkəran rayonunun Daştatük  kəndində indi əzizlənən, sevgi dolu ürəklə  çəkilən ad Ülfət Qabil oğlu Babazadədir. Bu mərd, igid oğul 44 günlük Vətən müharibəsində hünər göstərərək tarix yazdı. 19 yaşında canından artıq sevdiyi Vətəni üçün çəkinmədən  özünü qurban etdi. Erməni dığaların əsarəti altında olan torpaqları azad görmək qəhrəmanın arzusu idi. Ondan sonra bizlərə igidlik xatirəsi qaldı. O, dövlət tərəfindən layiq görüldüyü “ Vətən uğrunda”, “ Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları  ilə fəxr edirlər.

Ülfət orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda əsas amalı millət, dövlət yolunda vicdanla çalışmaq, el-obada yaxşı işlər görmək, ömrünü halallıqla keçirtmək olur. Ürəyi sevdalı yeniyetmə Cəlilabaddakı Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi hərbi xidmətə göndərilir. Burada əsgər Ülfətin vətənpərvərliyi, təlimlər zamanı qeyri-adi döyüş bacarıq və qabiliyyətləri, Vətənə, torpağa sədaqəti aydın şəkildə özünü göstərir. Düşmənə nifrəti, qəzəbi isə onu daha da qətiyyətli edir.

Qarabağ uğrunda Vətən müharibəsi başlayan kimi Ülfət Babazadə cəbhə xəttinə yollanır. Erməni dığaları ilə ölüm-dirim savaşına atılır. Odun-alovun içindən zəfərlə çıxır. Cəbrayılın, Zəngilanın, Suqovuşanın hər qarış torpağı naminə qəhrəmanlıqla vuruşur. Düşmənin texnika və çoxlu sayda canlı qüvvəsini məhv edir. İgid əsgər Şuşa şəhərini işğalçılardan azad etməkdə  xüsusi hünər göstərir. Çox heyf ki, 2020-ci il noyabrın 8-də yağı tərəfindən atılan güllədən özünü yayındıra bilmir. Şəhid olur.

Ülfət Babazadənin sinəsinə əbədi baş qoyduğu torpağı kənd məzarlığıdır. Vətən adlı bu müqəddəs yer indi bütün Daştatük camaatının and yerinə çevrilib. 

Zəfər ORUCOĞLU.