Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Abdulla Şaiq

"Keçi", "Xoruz", "Bənövşə"... Yəqin ki, bu şeirləri kiçikdən-böyüyə xatırlamayan yoxdur. Uşaqlıq illərində şeir dünyası ilə ilk tanışlığımızdır onlar... Hamımızın sevərək oxuduğu, mənasını düşündükcə sevinc hissi yaşadığımız bu şeirlərin müəllifi şair Abdulla Şaiqdir. Bu ad çoxlarımızda xoş xatirə oyadır. Onun "Tülkü həccə gedir", "Tıq-tıq xanım" kimi pyesləri əsasında səhnələşdirilən cizgi filmləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır. Repressiyadan tələbələri və Mirzə İbrahimovun köməkliyi ilə xilas edilən, Səməd Vurğunun bacanağı olan bu şairin həyatı şeirləri kimi rəngarəng olmayıb...

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə Tiflisin Şeytanbazar məhəlləsində Mustafa və Mehri xanımın ailəsində dünyaya gəlib. Böyük qardaşı Yusifdən sonra ailənin ikinci övladı olan Abdulla Şaiqin əkiz tayı, bacısı doğulandan az sonra ölüb.

Atası Axund Mustafa Süleyman oğlu dövrünün sayılıb seçilən ruhanisi olub. O, Tiflis şəhəri üzrə qazi müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləyib.

Abdulla Şaiqlə Səməd Vurğun həm yaxın dost, həm də bacanaq olublar. Deyilənlərə görə, Abdulla Şaiq övladlığa götürdüyü Himmət Əlizadənin toyuna Səməd Vurğunu da dəvət edir. Səməd Vurğun gələcək həyat yoldaşı on dörd yaşlı Xavəri həmin məclisdə görüb Abdulla Şaiqdən qızın kimliyini xəbər alır. Şaiq isə baldızımdır, amma övladımız kimidir cavabını verir. Ertəsi gün isə Səməd Vurğun Xavərlə evlənmək arzusunu Şaiqə bildirir. Ailə qəti surətdə etiraz edir. Lakin Abdulla Şaiq öz evində Səməd Vurğunla Xavəri görüşdürür. Səməd Vurğun özündən on iki yaş balaca olan Xavərə bildirir ki, əgər ona ərə gəlməsə, özünü öldürəcək. Bir müddət sonra Abdulla Şaiqin köməkliyi ilə Xavərin anasından razılıq alan Səməd Vurğun onunla ailə qurur.

Şairin rəssamlıq bacarığı da olub. O, Füzulidən ilhamlanaraq bir sıra qəzəllər də yazıb. İlk qəzəl yaradıcılığına isə Xorasanda olarkən başlayıb. Şair Şahzadə xanım Mirzəbəyova ilə ailə qurub. Bu izdivacdan onun üç oğlu, bir qızı dünyaya gəlib.

Deyilənə görə, Abdulla Şaiq kifayət qədər dindar adam olub. Lakin sovet rejiminə görə dini baxışlarını ört-basdır edib. Ondan fərqli olaraq qardaşı Yusif Ziya dini təhsilini davam etdirib və axund rütbəsi alıb. Yusif Ziyanın acı taleyi olub. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Nəriman Nərimanov onu Naxçıvana hərbi komissar təyin edir. Amma Yusif Ziya orada çox işləyə bilmir, hiss edir ki, şura hökuməti ilə ulduzu barışmayacaq, Nərimanova müraciət edir, ölkədən getmək üçün icazə istəyir. Beləliklə, Yusif Ziya əvvəl Türkiyəyə, sonra Orta Asiyaya yollanıb basmaçıların sırasında Qırmızı Orduya qarşı vuruşur və döyüşlərin birində həlak olur.

Qardaşına görə Abdulla Şaiq çox böyük təzyiqlərə məruz qalıb. Müəyyən dövrə qədər ev dustaqlığı yaşayıb. Ona heç yerdə iş verməyiblər. Ailəni ac qalmaqdan Şaiqin xanımının qızılları xilas edib. Xanımı hər dəfə bir qızılını sataraq ailəni xilas edib.

Qırxıncı illərin sonlarında Abdulla Şaiq xəstə yatağında olanda onu oğlu ilə birgə KQB-yə çağırırlar. Şaiq xəstə olduğu üçün gedə bilmir. Ona xəbər göndərirlər ki, qardaşı ölməyib sağdır, Almaniyada Sovet Azərbaycanına qarşı təxribat işləri aparır. Lakin Abdulla Şaiq bildirir ki, qardaşı ilə heç bir əlaqəsi olmayıb. Qardaşının qanlı köynəyini və üstündə qanı olan Quranı o, dünyasını dəyişən il ona göndəriblər. Abdulla Şaiq həmin Quranı ölənə qədər özündə saxlayıb, sonra isə bacısına verilməsini vəsiyyət edib.

Repressiya illərində bütün dostları həbs edildiyi halda, Abdulla Şaiqə toxunan olmur. Hətta ən yaxın dostu Hüseyn Cavid də repressiya olunur. Abdulla Şaiqin nəvəsi müsahibələrinin birində deyib: "Atam danışırdı ki, bir gün səhər qapı döyüldü, anam qapını açdı. Bir nəfər dedi ki, Hüseyn Cavidi Sibirə aparırlar, vağzaldadı, mənə tapşırdı, Şaiqin evinə get, isti pal-paltar göndərsin. Atam deyir ki, bundan sonra baban məni Müşkinaz xalagilə göndərdi. Mən hər şeyi ona danışdım. Müşkinaz xala da bizim evə gəldi, birlikdə bağlama hazırladılar. Şaiq sovqatı götürüb özü tək gedir vağzala. Neçə saat gözləyir. Heç kəs gəlmir. Sən demə, bu, təxribat imiş. Abdulla Şaiqi Hüseyn Cavid bəhanəsi ilə ora aparmaq istəyirmişlər. Bir neçə gündən sonra Yazıçılar İttifaqında iclas keçirilir, bu məsələ də müzakirə olunur.

Şaiqi 37-ci ilin qanlı günlərindən tələbələri xilas ediblər. Tələbəsi Ruhulla Axundov hələ repressiya olunmazdan əvvəl xalq komissarı işləyirdi. O, Abdulla Şaiqi Şuşaya dərs deməyə göndərir ki, gözdən iraq olsun. Mirzə İbrahimov isə özünün ön sözü ilə Abdulla Şaiqin əsərlərini nəşr etdirir və onu sırf sovet yazıçısı kimi təqdim edir. Beləcə, Abdulla Şaiq repressiyadan xilas olur.

78 yaşında Bakıda vəfat edən şair Fəxri Xiyabanda dəfn edilib. Ədibin ev muzeyindəki kəfkirli saat onun ölümü günü oğlu tərəfindən dayandırılıb...

Haruki Murakami

Elə şair-yazıçılar var ki, illər keçsə də yaddaşımızda həmişə cavan qalırlar, Lermontov, Müşfiq, Lorka kimi. Aydındır, bu, onların faciəvi taleləri, gənc yaşda həyata əlvida deməkləri ilə bağlıdır. Ancaq elə şair-yazıçılar da var ki, ömürləri yarıda qırılmayıb, uzun ömür sürüblər. Buna baxmayaraq, yenə də yaddaşımızda cavandırlar, qocalmayıblar. Yaponiyanın məşhur yazıçısı Haruki Murakami də belə yazıçılardandır. Nə qədər yaşlansa da yaddaşımızda qocalmaq bilmir. Bəlkə də bu, onun zərərli vərdişlərinin olmaması, sağlam həyat tərzi keçirməsindən qaynaqlanır.

Yazıçı Kioto şəhərində dünyaya gəlib. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəllimi olan Haruki hələ gənc yaşlarından ədəbiyyata meyil göstərib. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu söyləyib. Gənc yazıçı cavanlığının böyük bir hissəsini Kobe şəhərində keçirib.

Caz musiqisinin böyük pərəstişkarı olan Murakami əvvəllər "Jazz-Bar" işlədirmiş. Elə bu dönəmlərdə də yazıçı olmağa qərar verir və hər axşam müştərilər dağılışandan sonra qələm-kağız götürüb yazmağa başlayır. Murakami müsahibələrinin birində deyib ki, onun yazıçı olmasının səbəbi caz musiqisinə olan sevgisindən qaynaqlanır.

Yazıçı hər gün səhər tezdən durub qaçmağa və sonra gəlib yazı masasının arxasına keçib yazmağa adət edib. İçki və siqaretdən isə ümumiyyətlə uzaq durub. Şair cavanlıq sirrini belə açıqlayıb: "Uzun müddət yazının öhdəsindən gəlmək üçün sağlam ruh və bədən lazımdır. Uzun bir roman yazmaq və bu zaman vərdişə arxalanmaq daha çox yaşamaq cəhdidir. Fiziki güc yaradıcı təxəyyül qədər əhəmiyyətlidir".

Murakami dəfələrlə marafon yürüşlərinə qatılıb. Şair qaçışa ilham mənbəyi kimi baxır. Deyir ki, məhz qaçış zamanı ağlına yeni-yeni hekayələr, personajlar gəlir. O, bu təcrübələrini "Qaçış barədə danışdığım zaman nədən danışıram" adlı esselər kitabında toplayıb.

Sinif yoldaşı ilə ailə həyatı quran yazıçının övladı yoxdur. Lakin buna baxmayaraq, cütlük çox xoşbəxtdir. Hətta müsahibələrinin birində müxbirin: "Ən böyük nailiyyətiniz nədir?", - sualına qısa olaraq: "Mənim sevimli pişiyim, sadiq qadınım və gözəl əsərlər yaratmaq qabiliyyətim var", - deyə cavab vermişdir. Yazıçının "Norveç meşəsi" əsərində Murakaminin həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqsızlıqlar, cəmiyyətin əyər-əskikləri açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirmişdir. Bundan başqa, Murakaminin gözəl musiqi və kulinariya bilicisi olmasını da xüsusi vurğulamaq lazımdır. Belə ki, əsərlərində onun xüsusi yemək reseptləri qəhrəmanların dilindən bir çox hallarda təqdim olunur. Bu da öz növbəsində Murakaminin uzun müddət "Jazz-Bar" sahibi olaraq xanımı Yoko ilə birlikdə keçirdiyi dönəmin nəticəsi kimi özünü büruzə verir.

Hazırda Haruki Murakami ABŞ-ın bir çox mötəbər universitetlərində mühazirələrlə çıxış edir və dünya oxucularına öz töhfələrini verir. Onun əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub. Dünya miqyasında milyonlarla oxucunun qəlbinə yol tapmış, daxili aləmi ilə daim barışıqda olan yazıçı heç vaxt şöhrət arzusunda olmadığını hər zaman bildirmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".