DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: REGİONDA SÜLHƏ VƏ SABİTLİYƏ ÇALIŞIRIQ

“Türkiyə regionda sülh və sabitliyi təmin etməyə çalışır”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 99-cu ildönümü münasibətilə təbrik mesajında bildirib.

Türkiyənin dövlət başçısının sözlərinə görə, bu təşəbbüslər Suriyadakı humanitar faciədən tutmuş Rusiya-Ukrayna böhranının həllinə qədər bir çox məsələlərə aiddir.

“Qlobal miqyasda ölkəmizin imicini artırır, daxildə isə investisiya təşəbbüslərini davam etdiririk. Müdafiə sənayesi sahəsində öz məhsullarımızı hazırlayan, ixrac edən səviyyəyə çatmışıq. Hər sahədə potensialımızı yüksəldirik”, - deyə prezident vurğulayıb.

Eyni zamanda, Ərdoğan qeyd edib ki, başqa ölkələr Türkiyənin demokratiyasını nümunə götürür, iqtisadiyyatına həsədlə yanaşır, xarici siyasətini diqqətlə izləyir. “Türkiyə bütün təxribat cəhdlərinə baxmayaraq, milli birlik və qardaşlığını qoruyur”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

 

Aİ İSRAİL VƏ LİVAN ARASINDAKI RAZILAŞMANI ALQIŞLAYIB

Avropa İttifaqı (Aİ) İsrail və Livan arasında dəniz sərhədinin delimitasiyası barədə sazişin imzalanmasını alqışlayır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi bəyan edib.

“Bu tarixi saziş iki qonşunun, eləcə də bütövlükdə regionun sabitliyinə və rifahına töhfə verəcək. Aİ tərəfləri konstruktiv əməkdaşlığı davam etdirməyə çağırır”, - deyə rəsmi nümayəndənin açıqlamasında vurğulanır.

Eyni zamanda, açıqlamada ABŞ-ın danışıqlara töhfə verməsi yüksək qiymətləndirilir.

“Aİ həm İsrail, həm də Livanla tərəfdaşlığı inkişaf etdirməyə və hamının xeyrinə olacaq regional əməkdaşlıq səylərini dəstəkləməyə hazırdır”, - deyə açıqlamada qeyd olunur.

 

ABŞ İLK DƏFƏ  UKRAYNANI PEYK ANTENLƏRİ İLƏ TƏMİN EDƏCƏK

ABŞ-ın Ukraynaya hərbi yardım paketinə ilk dəfə olaraq peyk antenləri daxil ediləcək. Onların döyüş meydanında ünsiyyəti yaxşılaşdırmağa kömək edəcəyi gözlənilir. “Report” agentliyi “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Sabrina Sinqx bildirib.

Məlumata əsasən, “Starlink” sistemindən kənarda işləyən dörd peyk rabitə anteni təmin ediləcək. Eyni zamanda, nümayəndənin sözlərinə görə, bu, amerikalı milyarder İlon Maskın “Starlink”in Ukraynadakı fəaliyyətinin maliyyələşdirilməsindən itkilərlə bağlı son açıqlamaları ilə əlaqəli deyil.

Sabrina Sinqx sözügedən antenlərin istənilən peyk sistemləri ilə işləməyə qadir olduğunu da vurğulayıb. Təchizat ehtiyacı onunla əlaqədardır ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri enerji obyektlərinin daim dağıdılması şəraitində döyüş meydanında sabit rabitəyə ehtiyac duyurlar.

 

AEBA “ÇİRKLİ BOMBA” İLƏ BAĞLI MƏLUMATLARI ARAŞDIRACAQ

Yaxın günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynada “çirkli bomba”nın hazırlanması ilə bağlı məlumatları yoxlamağa başlayacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu agentliyin baş direktoru Rafael Qrossi jurnalistlərə açıqlamasında bəyan edib.

Baş direktorun sözlərinə görə, bununla bağlı müfəttişlər artıq ölkəyə göndərilir. Mütəxəssislərin nə vaxt işə başlayacağı ilə bağlı suala cavabında Rafael Qrossi yaxın bir neçə gün ərzində yoxlamalara başlanılacağını bildirib.

Eyni zamanda, AEBA rəhbəri qeyd edib ki, müfəttişlər adətən zənginləşdirilmiş uran, plutonium və toriumu axtarırlar.

Bu yaxınlarda Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, rəsmi Kiyev “çirkli bomba”nın partlamasını yüksək zənginləşdirilmiş urandan istifadə olunan Rusiyanın zəif gücə malik olan nüvə silahının ştatsız işə salınması kimi ört-basdır etməyi planlaşdırır.

Açıqlamaya əsasən, radioaktiv izotopların havaya buraxılması Avropadakı Beynəlxalq Monitorinq Sisteminin sensorları tərəfindən qeydə alınacaq ki, bu da Kremlə qarşı kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham irəli sürməyə imkan verəcək.

 

ZELENSKİ RUSİYA İLƏ DANIŞIQLARIN İLKİN ŞƏRTİNİ AÇIQLAYIB

“Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına doğru ilk addım Rusiya qoşunlarının ərazimizdən çıxarılması olmalıdır”. “Report” agentliyinin məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Yale Universitetinin tələbələri və professor-müəllim heyətinin nümayəndələri ilə söhbəti zamanı bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna Rusiya ilə hazırkı vəziyyətdə danışıqlara hazır deyil: “Bu, ilk növbədə, Rusiya hərbçilərinin ərazimizdə olması ilə bağlıdır. Beləliklə, ilk addım onların ərazimizdən çıxması olmalıdır”.

Eyni zamanda, Volodimir Zelenski bildirib ki, qarşı tərəf könüllü olaraq Ukrayna ərazisini tərk edərsə, diplomatiya üçün daha rahat şərait yarana bilər: “Rusların hansı yolu seçdikləri onların hərbi-siyasi hakimiyyətindən asılıdır”.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə Volodimir Zelenski Rusiyanın hazırkı hakimiyyəti ilə hansısa danışıqların aparılmayacağını bildirmişdi.

 

KORONAVİRUSUN İKİ YENİ VARİANTI AŞKAR OLUNUB

Böyük Britaniyada “COVİD-19”un iki yeni variantının aşkar edildiyi açıqlanıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Açıqlamaya əsasən, “Omicron” variantının bir çox alt versiyaları aşkar olunub.

Eyni zamanda, bildirilir ki, gələcək tədqiqatlar üçün “COVİD-19” virusunun “Omicron” variantının alt versiyasına “BQ.1” və “XBB” adları verilib.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin rəsmisi Mira Çand bildirib ki, “SARS-CoV-2”nin yeni variantlarının ortaya çıxması gözlənilməz bir hal deyil. Onun sözlərinə görə, “BQ.1” və “XBB” variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. Agentlik rəsmisinin sözlərinə görə, həmişə olduğu kimi onlar vəziyyəti diqqətlə izləyirlər.

Bununla yanaşı, Mira Çand yeni variantlarla əlaqədar ən yaxşı müdafiənin “COVİD-19”a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayıb.

 

YAPONİYA QANADLI RAKETLƏR BURAXAN SUALTI QAYIQ HAZIRLAMAQ İSTƏYİR

Yaponiya hökuməti ABŞ istehsalı olan “Tomahavk” qanadlı raketlərini buraxa bilən sualtı qayığın yaradılması imkanlarını araşdırır. “Report”un verdiyi xəbərə görə, bu barədə “Yomiuri” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Yaponiya hakimiyyəti rəqibin yerüstü buraxılış qurğularına cavab zərbəsi endirməyə imkan verəcək uzaqmənzilli raketləri əldə etməyə çalışır. Eyni zamanda, rəqib üçün sualtı qayığın yerini müəyyənləşdirmək gəmi və təyyarələrlə müqayisədə daha çətin olacaq.

Bununla əlaqədar olaraq, sualtı qayığın prototipinin layihələndirilməsi və yaradılması prosesi 2024-cü maliyyə ilində başlaya bilər. Onun sınaqlarının nəticələrinə əsasən 10 il ərzində yeni sualtı qayıq silahlanmaya qəbul ediləcək.

Qəzet qeyd edib ki, yapon sualtı qayıqları hazırda əsasən qısamənzilli torpedalar və gəmi əleyhinə raketlərlə təchiz olunub ki, onlardan ən müasiri təxminən 250 kilometr məsafə qət etməyə qadirdir. Məlumata görə, “Tomahavk” raketi isə 1250 kilometrdən çox məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.