DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏSMI KIYEV: ZELENSKİ VƏ PUTİNİN GÖRÜŞÜNƏ HAZIRLIĞA BAŞLAMAQ OLAR

Rəsmi Kiyev Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş üçün hazırlıqlara başlamağı təklif edir. “Report” agentliyinin məlumatına görə, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak brifinq zamanı bəyan edib.

“Prinsipcə, prezidentlərin görüşünə hazırlığa başlamaq olar. Sənədlər paketi hazırlanıb. Biz onları artıq təqdim etmişik. Dövlət başçılarının görüşünün dəqiq nə vaxt baş tutacağı isə hələlik məlum deyil”, - deyə müşavir vurğulayıb.

Bununla yanaşı, Mixaylo Podolyak qeyd edib ki, Rusiya və Ukrayna danışıqları üzrə işçi qruplarının fəaliyyəti davam edir.

Xatırladaq ki, Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya prezidentlərin görüşü üçün kifayət qədər materialın toplandığını açıqlayıb.

 

MDB ÖLKƏLƏRİ DOLLAR VƏ AVRONU YUANLA ƏVƏZLƏYƏ BİLƏR

Qarşılıqlı hesablaşmalarda MDB ölkələri  dollar və avro əvəzinə ehtiyat valyuta kimi Çin yuanından istifadə edə bilər. “APA”nın “BelTA” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini, icraçı katib Leonid Anfimov bildirib.

“MDB ölkələri arasında qarşılıqlı ticarətə milli valyutalar və ya Birliyin üzvü olan ölkələrə qarşı qeyri-dost hərəkətlər etməyən dövlətlərin valyutaları ilə keçid tam əsaslıdır. İlk növbədə, bunlar yuan və digər valyutalardır ki, onlardan dollar və avro əvəzinə ehtiyat kimi istifadə oluna bilər”, - deyə L.Anfimov vurğulayıb.

MDB-nin icraçı katibinin fikrincə, artıq dollar erası başa çatıb və bu valyuta 2025-ci ilə qədər öz mövqelərini itirəcək - əhəmiyyətli dərəcədə olmasa da, ən azı dünya iqtisadiyyatının inkişafına təsiri kəskin şəkildə zəifləyəcək, 2030-cu ilə dollar dünyanın ehtiyat valyutası olmayacaq.

 

DMITRI PESKOV: RUSİYA KRIMI HEÇ KİMLƏ MÜZAKİRƏ ETMƏYƏCƏK

Rusiya Krımı heç kimlə müzakirə etmək niyyətində deyil. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumata əsasən, mətbuat katibinə Kiyevin hərbi yolla geri qaytarmaq çağırışları fonunda Krım regionu üzrə Ukrayna ilə razılıq əldə etmək variantlarının olub-olmamasına dair sual verilib.

Dmitri Peskov cavabında deyib: “Krım Rusiya Federasiyasının bir hissəsidir və bizim konstitusiyamıza görə, biz heç kimlə Rusiya ərazilərinin, Rusiya regionlarının taleyini müzakirə edə bilmərik, bu, istisna olunur, bu bizim konstitusiyamızda yazılıb. Danışıqların hansısa nüansını isə biz sizinlə müzakirə etməyəcəyik, deməyəcəyik”.

Bununla yanaşı, prezidentin mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb.

 

KRİSTİN LAQARD: MÜHARİBƏ AVROPADA YAŞAYIŞ XƏRCLƏRİNİ ARTIRIR

“Rusiyanın Ukraynada apardığı müharibə Avropa İttifaqı məkanının iqtisadiyyatında getdikcə artan fəsadlar doğurur”. “Report” agentliyinin məlumatına görə, bunu Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Kiprə səfəri zamanı bildirib.

Verilən xəbərə əsasən, Kristin Laqardın fikrincə, Ukrayna - Rusiya münaqişəsi pandemiyadan sonra iqtisadiyyatda gözlənilən sürətli dirçəlişi ciddi şəkildə əngəlləyib.

Eyni zamanda, Avropa Mərkəzi Bankının prezidenti regiona lazımi sərmayələrin maneəsiz yatırılması üçün müvafiq plan hazırlanmasının zəruri olduğunu da dilə gətirib.

Bununla yanaşı, Kristin Laqard Ukrayna və Rusiyanın dünya buğda bazarında 30 faizlik paya sahib olması nəzərə alınaraq ərzağın böyük ehtimalla bahalaşacağı da diqqətə çatdırıb.

 

İSRAİLDƏ TERROR AKTINI TÖRƏDƏN ŞƏXSİN KİMLİYİ BİLİNİB

İsrailin Bney Brak şəhərində terror hücumunu həyata keçirən şəxsin kimliyi məlum olub. Bu barədə “Report” İsrail mətbuatına istinadən xəbər verib.

Məlumata əsasən, həmin şəxs Samariyanın şimalındakı Yabed kəndindən olan 26 yaşlı fələstinli Dia Hamarşdır. O, martın 29-da yerli vaxtla saat 20:00 radələrində Bney Brakın Şnayim küçəsində “M16” avtomat silahından insanlara atəş açıb. Terrorçu orada üç mülki sakini öldürüb və yola davam edərək orada daha bir neçə nəfəri güllələyib.

Bildirilir ki, cinayətkar zərərsizləşdirilib. İsrailin baş naziri Naftali Bennet hücumla bağlı təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb.

Qeyd edək ki, bu, İsraildə bir həftə ərzində baş verən artıq üçüncü terror aktıdır. Belə ki, martın 27-də Hadera şəhərində odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, daha 12 israilli müxtəlif dərəcəli ağır xəsarətlər alıblar. Martın 22-də isə İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD terrorçusunun həyata keçirdiyi hücum nəticəsində beş israilli həlak olub.

 

DAVİD ARAxAMİYA: SÜLH MÜQAVİLƏSİ YALNIZ BU ŞƏRTLƏ MÜMKÜNDÜR

Rusiya ilə sülh müqaviləsinin imzalanması onların qoşunlarının fevralın 23-dən etibarən nəzarətində olan Ukrayna ərazisindən tamamilə çıxarılması şərtilə mümkündür. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya bəyan edib.

Ukrayna rəsmisi qeyd edib ki, müqavilənin şərti imzalanması və ya onun ciddi müzakirə oluna biləcəyi məqama çatanda rus ordusu ərazilərdən tamamilə getməli olacaq: “Sonra biz onu imzalamaq və təsdiqləmək üçün masaya oturacağıq. Bu, təkcə bizim tərəfimizdən deyil, beynəlxalq təminat formasında olmalıdır. Bu sənədin işlək şəkildə imzalanmasını təmin etmək vacibdir”.

Eyni zamanda, David Araxamiya vurğulayıb ki, işğalçı qüvvələr, o cümlədən Xerson vilayətinin cənubunu - Krıma “dəhliz” adlanan ərazini tərk etməli olacaqlar.

“Biz hər bir məsələ ilə bağlı ayrı-ayrılıqda qərar hazırlayırıq, lakin bütövlükdə və kompleks şəkilində nəyisə imzalaya bilərik. Əgər belə deyilsə, danışıqlar bütün mənasını itirir”, - deyə David Araxamiya əlavə edib.

 

QARA DƏNİZDƏ TAPILAN MİNALAR BMT-NI CIDDI NARAHAT EDIR

BMT Qara dənizdə minalarla bağlı xəbərlərdən son dərəcə narahatdır. “Sputnik” informasiya agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik brifinq zamanı bəyan edib.

“Biz bu hesabatları mütəmadi izləyirik. Beynəlxalq dəniz zolaqlarının hər hansı  şəkildə minalama işləri son dərəcə narahatlıq doğurur”, - deyə Stefan Dujarrik bildirib. Onun sözlərinə görə, minaların yerləşdirilməsi insanların beynəlxalq daşımalara və səyahətlərinə ciddi təsir edə bilər.

BMT rəsmisinin sözlərinə görə, sözügədən ərazilər Rusiya və Ukraynadan ərzaq ixracı üçün son dərəcə vacibdir.

Rusiya Federal Təhlükəsizlik xidməti daha öncə bəyan etmişdi ki, Ukrayna hərbçiləri Rusiya xüsusi əməliyyata başladıqdan sonra Odessa, Oçakov, Çernomorsk və Yujnı limanlarına yaxın ərazi sularında 420-yə yaxın mina quraşdırıblar.

FTX həmçinin minaların axıb getməsi səbəbindən Bosfor boğazına və oradan da Aralıq dənizi hövzəsinin dənizlərinə üzməsi ehtimalını istisna etməyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.