Yeni nəşrlər
Sosial həyat

Yeni nəşrlər

Əmrah Musaoğlu hələ gənc yaşlarından ədəbiyyatın, şeirin, qəzəlin, poeziyanın həvəskarı olmuşdur. Tale elə gətirmişdir ki, o, XX əsrin sonlarında doğma ata-baba yurdundan erməni xəyanəti sayəsində didərgin düşmüş, Bakı şəhərində məskunlaşmışdır.

Söz xiridarı, ömrünün 84-cü baharını yaşayan, böyük bir mahalın ağsaqqalı sayılan Əmrah Qorçiyev 1940-cı ildə Qərbi Azərbaycanın Kalinino (keçmiş Varansovka) rayonunun Evli kəndində dünyaya göz açmışdır. Əmrahın ayaqları yenicə yer tutanda dəhşətli bir xəbər onların da ailəsini sarsıtdı. Alman faşistləri qəflətən sovetlər ölkəsinə hücum etmişdi. Əmrahın atası cəbhəyə, odlu səngərlərə yollandı.

...Quş qanadlı illər ötüb keçdi. Atasız böyüyən Əmrah Qorçiyev 1954-cü ildə kənddəki 7 illik məktəbi əla qiymətlərlə başa vurdu. O, elmə, təhsilə böyük maraq göstərirdi. Çalışırdı ki, hər bir uğurlu addımı ilə sinəsinə çalın-çarpaz dağ çəkilən, saçlarının yarısını ağ, yarısını qara hörən anasını sevindirsin.

7 illik təhsildən sonra Əmrah Qorçiyev əzəli Azərbaycan torpağı olan İrəvandakı Kənd Təsərrüfatı Texnikumuna daxil oldu və oranı fərqlənmə diplomu ilə bitirdi. Ədəbiyyata böyük həvəs göstərən Əmrahın 16 yaşında ikən "Ədəbi Ermənistan" almanaxında müxtəlif şeirləri dərc olunurdu.

Şeir, poeziya həvəskarı olduğuna görə texnikumda təhsil aldığı illərdə filologiya elmləri namizədi, yazıçı Əkbər Yerevanlı Əmrahı ədəbiyyat dərnəyinə cəlb etdi.

Əkbər müəllim Əmrah Qorçiyevə texnikumu başa vurandan sonra İrəvandakı Pedaqoji İnstituta daxil olmasını məsləhət gördü. Ancaq onun ailə vəziyyət buna imkan vermirdi.

Bir müddət keçdikdən sonra Əmrahın institut həyatı Gəncə şəhərində başladı. 5 il ali məktəbdə təhsil aldıqdan sonra hərbi xidmətə yollandı.

Hərbi xidmətdə olarkən nümunəvi qulluğu ilə komandanlığın diqqətini cəlb edən Əmrah Qorçiyev Ukraynanın Odessa şəhərinə kursa göndərildi və burada əsl hərbçi kimi püxtələşdi.

Qərargaha qayıtdıqdan sonra diviziyanın komandiri Əmraha əsgəri xidməti başa vurduqdan sonra onun yanında qalıb işləməyi təklif etdi.

Onun diqqətini Əmrahın yazdığı yazılar, çəkdiyi şəkillər çox cəlb edirdi.

Lakin Əmrahın hərbi hissədə qalmasına anası heç cür razılıq vermədi. Xidmətini başa vurduqdan sonra doğma el-obasına qayıtdı.

Əmrah Qorçiyev Gəncə Kənd Təsərrüfatı İnstitutunun Zootexnik fakültəsini fərqlənmə diplomu ilə bitirdi. O, Kalinino rayonunun İlməzli kəndində baş zootexnik kimi əmək fəaliyyətinə başladı.

1979-cu ildə isə öz kəndlərində sovxoz direktoru təyin olundu.

O, 1988-ci ilədək doğma kəndlərində sovxoz direktoru işləmiş, kənd sakinlərinin həyat tərzinin yaxşılaşmasına maksimum səy göstərmişdir. 1988-ci ildə doğma yurdundan köçkün düşən Ə.Qorçiyev 1989-2006-cı illərdə Hövsan südçülük-tərəvəzçilik birliyində heyvandarlıq şöbəsinin müdiri, baş zootexnik, Abşeron rayonunda aparıcı zootexnik, tədarük şöbəsinin müdiri, Qobustan qoyunçuluq sovxozunda direktor, Binə sovxozunda, sonra isə "Azərsun Holdinq" şirkətində baş zootexnik işləmişdir.

Hazırda təqaüddə olan Əmrah Qorçiyev yazıb-yaratmaqdan ayrılmır. Mətbuatda şeirləri, lətifələri, məqalələri, müxtəlif səpkili yazıları dərc edilir. Ayrı-ayrı illərdə iki kitabı nəşr olunmuşdu.

Onun şeirləri özünəməxsus koloriti, şirinliyi, yazı üslubu ilə seçilir.

Ə.Qorçiyevin ana haqqında yazdığı şeirini həyəcansız oxumaq mümkün deyil. Şeirdə ana qayğısı çox ustalıqla təsvir edilmişdir.

Bu günlərdə Əmrah Musaoğlunun "Tökülən yarpaqlar və ya həyatımdan səhifələr" adlı kitabı işıq üzü görmüşdür. Kitabda "Anam haqqında ballada" şeirini həyəcansız oxumaq mümkün deyildir.

Sonralar atamın gəldi cəbhədə

O "qara kağızı" - ölüm xəbəri.

Yaxınlar nə qədər ümid versə də

Çoxaldı dərd-qəmin o gündən bəri.

Əmrah Qorçiyev 44 günlük İkinci Qarabağ savaşında qüdrətli Azərbaycan ordusunun möhtəşəm zəfərinə həsr olunmuş şeirlərin də müəllifidir.

El-oba şairi olan Əmrah Qorçiyevin şeir dili xalqın təfəkküründən süzülüb gəlir. Doğulub boya-başa çatdığı mahala həsr etdiyi şeirlər oxucunu kövrəldir. Qardaş Türkiyə ilə bağlı qələmə aldığı şeirləri daha çoxdur. Əmrah Musaoğlunun bədii forma və məzmun axtarışları olan, orijinal üslubu ilə seçilən şeirləri ədəbiyyatımıza yeni nəfəs gətirir...

Qədir ASLAN,

"Respublika".