MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və 
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və  "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ"

XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyn Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

 

(əvvəli 1, 2, 3, 4 və 5 fevral tarixli saylarımızda)

Qərbi Midiya və ya Midiya Atropaten adı Böyük Midiya adının yerini tutur. Çünki bu yeni hökumət Böyük Midiya hökumətinin bütün ərazisində deyil, yalnız onun qərb ərazilərində (bugünkü Azərbaycanda) qurulmuşdur. Zaman keçdikcə bu ad həm xalq, həm müxtəlif qonşu xalqlar və millətlər, həm də alimlər və tarixçilər tərəfindən qısaldılmış şəkildə işlənməyə başlayır.

Atropaten övladı tərəfindən idarə olunan ölkə və dövlətə Atropaten Midiyası və ya sadə şəkildə Atropaten deyilmişdir. Qədim yunan tarixçiləri bu adı Atropatena, erməni tarixçiləri Atropatqan, farslar isə Azərbaycan yazmışlar. Bu ad ərəb istilasından sonra səs cəhətdən ərəbləşdirilərək Azərbaycan şəklinə düşmüş və daha sonralar elm aləmi, eləcə də farslar və azərbaycanlıların özləri də bu sözü Azərbaycan və ya Azərbayqan şəklində işlətmiş və bu gün də işlədirlər. Firudin İbrahimi bu həqiqəti belə göstərmişdir: - Atropatın qurduğu və sonra övladının tərəfindən genişləndirilən hökumət Midiya dövlətinin həqiqi varisi olmuşdur. Atropatın idarəsi altında olan ölkəyə Atropat Midiyası və yaxud sadəcə olaraq Atropaten deyilirdi. Yunan yazıçıları Midiya hökumətinin Atropat övladı tərəfindən idarə olunan hissəsinə Atropatena adı vermişlər. Bu ad erməni yazılarında Atropatqan, fars yazılarında Azərbayqan və ərəb yazılarında isə Azərbaycan şəklində qeyd edilmişdir.

Bu dediklərimizdən iki mühüm nəticə əldə etmək olar:

Atropat adı ən qədim dövrlərdən həm bugünkü Azərbaycan ərazilərində yaşamış bir ictimai qrupun, xalqın, elin, tayfanın adı olmuş, həm də bu torpaqlarda o zamanlar yaşayan xalqlar arasında müqəddəs və dini bir ad hesab edilsədə, siyasi məna və əhəmiyyət kəsb etməmişdir.

Midiya xalqı Kirin əli ilə müstəqilliyini itirsə də, uzun illər mübarizə apararaq müstəqilliyini qazanmağa can atmışdır. İsgəndərin hücumu ilə farsların ağalığı əlindən alındı və özləri tabe xalqa çevrildilər. Lakin elə bu zaman tarixi hadisələrdən məharətlə istifadə edən midiyalıların başçısı Atropat Midiya xalqını əsrlərdən bəri arzulayıb uğrunda qan tökdüyü müstəqilliyə çatdırdı. Bu zaman Atropat sözü dini, siyasi rəhbər və şəxsiyyətin adı olsa da, siyasi əhəmiyyət kəsb etməyə başlayır. Beləliklə, bu söz həmin dövrdən etibarən dini-siyasi rəhbər adı çərçivəsindən çıxaraq bir milləttin adını daşıdı. Çox qədim dövrlərdən müqəddəs bir ad kimi xalqın ürəyində və dilində yaşamış Atropat, yəni od gözətçisi sözü siyasi əhəmiyyət kəsb etməklə müstəqillik şüarına çevrilir. Azad və müstəqillik axtaran bir millətin adı olur. Sanki bugünkü Azərbaycan torpaqlarında çox qədim, 4-5 min il bundan əvvəl yaşamış xalqlar, ellər və tayfalar əsrlər boyu Atropat adını müqəddəs bir söz kimi ürəklərində, dillərində saxlamışlar ki, ilk fürsətdə onu yaradacaqları müstəqil dövlət və millətin adına qoysunlar. Belə də olmuşdur. Atropat adı Midiya torpaqlarında yaranan millətin adına çevrilmiş, Azərbaycan millətinin adı olmuşdur.

Atropat Midiyası və ya Midiya-Atropaten kəlməsi zaman keçdikcə qısalaraq Atropat (od gözətçisi) şəklinə düşmüşdür. Daha sonralar bu sözə "an-ən" şəkilçisi artırılaraq Atropatan şəklinə düşmüşdür ki, ermənilərdə Atropatqan, farslarda Azərbayqan və ərəblərdə Azərbican şəklində deyilmişdir.

"An-ən" şəkilçisi azı 2 min il bundan əvvəllərə kimi türk dilində "lar-lər" ilə yanaşı ismin cəm əlamətlərindən biridi. Demək, eradan əvvəl neçə min əvvəlki azərbaycanlıların türk dilində Atropatan sözünün mənası "od gözətçiləri" idi. Qeyd etmək lazımdır ki, bu şəkilçi bu mənada bugünkü türk dillərinin heç birində işlədilmir. Erməni və fars dillərində isə -"an" ismin cəm əlamətlərindəndir. Ancaq yadda saxlamaq lazımdır ki, "an" -isimlərin cəm əlaməti türk dillərində çox qədimdir və ariyalar bölgəmizə gəlmədən neçə min il əvvələ aiddir, bəlkə həmin qədim türk xalqlarının dilində erməni və sonrakı fars dilinə keçmişdir. Belə bir nəticəyə gəlinir ki, Atropatendəki "an"ın fars və erməni dillərindəki "an" ilə heç bir əlaqəsi yoxdur və çox qədim və əsl türk şəkilçisidir.

Yuxarıda dediyimiz kimi, çox ehtimal ki, İsgəndərin dövründə Midiya ölkəsinin satrapı olmuş şəxsiyyətin əsl adı Atropat deyildi. Bəlkə o şəxs Atropat tayfasına mənsub olduğu, həm də dini rəhbər vəzifəsi daşıdığı üçün bu adla adlandırılmışdır. Beləliklə də, Azərbaycan sözü bir şəxsin adından deyil, ən qədim dövrlərdən bugünkü Azərbaycan torpaqlarında əsrlər boyu yaşamış müqəddəs bir el və tayfanın adından götürülmüşdür. Belə ki, ən qədim dövrlərdən bizim ulu babalarımız odu müqəddəs bilmiş, ona pərəstiş etmiş, adını müqəddəs tutmuş və nəhayət öz millətlərini müqəddəs adla adlandırmışlar.

Bu barədə Firudin İbrahimi yazmışdır: "Bizim babalarımız oda sitayiş etdikləri üçün onu məxsus yerlərdə mühafizə edərlər. Və bu vəzifə od gözətçisi olmaq münasibətilə Atropat adlanmışdır. Sonra Midiya ərazisində müstəqil bir dövlət yaratmağa müvəffəq olan hökmdar satrap da Atropat tayfasından olduğu üçün bu müqəddəs ləqəbə sahib olmuşdur. Buna əsasən bizim əziz vətənimizin adı Azərbaycan iftixarlı millətimizin adı da azərbaycanlıdır.

Fars və farslara bağlı olan qaynaqlar və türk dili tarixinə etinasız və ya ondan xəbərsiz olan alimlər qədimdən belə göstərmişlər ki, Atropat sözü iki hissədən əmələ gəlmişdir: "Atur" (atəş, od) və "Pat" (mühafiz, gözətçi) guya farsca "payidən" sözünün kökündəndir. Fars dili baxımından bu fikir doğrudur. Lakin türk dili nöqteyi nəzərindən bu söz 3 tam başqa sözdən əmələ gəlmişdir: "At" (od) və "ur-ər" və "pat". Bu gün də azərbaycanlılar və təqribən bütün türklər arasında od sözü ot şəklində tələffüz olunur. A səsinin o səsinə çevrilməsi dilçilik baxımından təbii və adi bir fonetik hadisədir. "Ur-ər" sözü də ən qədim dövrlərdən bu günə qədər işlənmiş və işlənməkdədir. Mənası igid kişi, qoçaq deməkdir. "Pat" sözünün mənasına gəldikdə isə bugünkü Azərbaycan dilində sözün özü və ya ondan yaranmış söz olmasa da şübhəsiz ən qədim dövrlərdə bu söz dilimizdə olmuş və ya həmin dövrlərdə bölgəmizdə iltisaqi dilli xalqların dilində işlənmişdir. Şübhəsiz, bu söz və onun başqa variantları Manna və Midiya dillərində də olmuşdur. Təəssüf ki, bu barədə əlimizdə məlumat yoxdur. Ən qədim yaşayış yerlərimizin iltisaqi illərinə gəldikdə isə bu söz şumer dilində olmuşdur. Belə ki, o dildə əyalət, vilayət və şəhərlərin böyüyü və qoruyanına "Patesi" deyilərdi ki, onun "Pat" hissəsi qorumaq, mühafizə etmək mənasında idi. Şumer dilinin olduqca qədimliyini nəzərə alaraq ehtimal etmək olar ki, bu söz şumer dilindən fars dilinə keçmişdir. Həmçinin bu söz şumer dilindən qutti, lullubi, hurri, manna dillərinə keçmiş və xalqlar eyni köklü olduqları üçün bu ellərinin dilində işlənmişdir. Demək, Atropaten sözü 4 hissədən ibarət olan əsl qədim türk mənşəli sözdür. Onun birinci hissəsi od, ikinci hissəsi ər sözü, üçüncü hissəsi pat (qorumaq) feli və sonuncu hissəsi ən qədim türk dillərində ismin cəm əlamətlərindən biri idi. Bunu da qeyd edək ki, bu sözün həm fars, həm də türk dillərində eyni mənada işləndiyini güman etmək olar. Bu iki dildə belə ortaq sözlər olmuş və indi də var.

 Son zamanlar Azərbaycan sözünün qədim az adından törədiyini göstərirlər. (Məsələn, Sabir Rüstəmxanlı "Ömür" kitabı və Mahmud İsmayıl "Azərbaycan tarixi" kitabında) yəni as (az) + ər + bay + can (xan) 4 sözdən meydana gəldiyini göstərir və Asiya sözünün də buradan əmələ gəldiyini bildirirlər. Çox-çox əski dövrlərdən həmin as elindən bəzi tayfalar Azərbaycan ərazisində yaşamış və öz adlarını bu torpaqlara vermişlər.

(davamı növbəti saylarımızda)