DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: ÇOX CİDDİ TƏBİİ FƏLAKƏTLƏRDƏN BİRİ İLƏ ÜZLƏŞMİŞİK

“Bəşəriyyətin çox ciddi təbii fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”. “Report" agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 21-də Osmaniyədəki çıxışı zamanı bəyan edib.

Ərdoğanın sözlərinə görə, dövlət zəlzələdə dəyən ziyanın aradan qaldırılması üçün əlindən gələni edir. Prezident bildirib ki, hazırda bütün imkanlar səfərbər edilib və axtarış-xilasetmə tədbirləri davam edir.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, bəzi layihələr icra olunmasa oxşar hadisələr təkrarlana bilər: “Hər birimiz bu təbii fəlakətdən dərs çıxarmalıyıq. Müxalifət bizə irad tutur. Lakin görünən odur ki, nəzərdə tutduğumuz layihələrin icrası doğru qərardır”.

Ərdoğan həmçinin bildirib ki, dağılmış ərazilər müasir standartlara uyğun bərpa olunacaq. “Dövlətlə millət arasında fitnə salmaq istəyənlərə imkan vermək olmaz. Zəlzələdən istifadə edib Türkiyə əleyhinə çıxanlara qulaq asmaq lazım deyil. Əvvəlki fəlakətlərdə kimsəni tək qoymadığımız kimi, bu gün də xalqımızın yanında olacağıq”, - deyə Türkiyə lideri vurğulayıb.

 

ÇİNDƏN NÜVƏ TƏHLÜKƏSIZLIYI ILƏ BAĞLI XƏBƏRDARLIQ

Çin dünya ictimaiyyətini nüvə müharibəsində heç bir qalibin ola bilməyəcəyini diqqətə çatdıraraq, bu müharibənin heç vaxt başladılmaması ilə bağlı konsensusa ciddi şəkildə riayət etməyə çağırıb. “Teleqraf.com” xəbər verir ki, bu barədə Çinin Qlobal Təhlükəsizlik Konsepsiyasında qeyd olunur.

Məlumata əsasən, sənəddə nüvə silahına malik 5 dövlətin başçılarının nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı 2022-ci ilin yanvarında dərc edilmiş birgə bəyanatının saxlanılmasının zəruriliyi vurğulanır.

Eyni zamanda, nüvə müharibəsi riskini azaltmaq üçün nüvə ölkələri arasında dialoq və əməkdaşlığın gücləndirilməsinin önəminə diqqət çəkilir. Ədalətli, birgə və qarşılıqlı faydalı beynəlxalq nüvə təhlükəsizliyi sisteminin yaradılması üçün nüvə təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsinin zəruriliyi də qeyd olunur.

Fevralın 21-də “Sinxua” agentliyinin dərc etdiyi konsepsiyada Çin qlobal təhlükəsizliyin 6 prinsipini qeyd edib və bu sahədə beynəlxalq əməkdaşlıq üçün 20 prioritet istiqamət irəli sürüb.

 

BELARUS LİTVA İLƏ SƏRHƏDƏ QOŞUN YIĞIR

Belarus fevralın 20-də gecə saatlarından etibarən Litva ilə sərhədə hərbi texnika yığmağa başlayıb. “Report”un məlumatına görə, sərhədə yığılan nəqliyyat vasitələrinin ümumi sayı 74 ədəddir.

Verilən xəbərə əsasən, buraya 35 ədəd piyadaların döyüş maşını, 21 “Ural”, 3 “UAZ”, 8 “KamAz”, 2 yanacaq daşıyan avtomobil və kran daxildir.

Eyni zamanda, qeyd olunub ki, 120-ci briqadanın 358-ci ayrı-ayrı mexanikləşdirilmiş batalyonun hərbçiləri Litva ilə sərhədə doğru irəliləyiblər. Hərbçilərə hansı tapşırıqların verildiyi məlum deyil.

Belarus Müdafiə Nazirliyinin açıqlamasına görə, bu, Belarus Silahlı Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədi daşıyır.

 

İNGILTƏRƏDƏ BİR SIRA ŞİRKƏTLƏR DÖRDGÜNLÜK İŞ HƏFTƏSİNƏ KEÇƏCƏK

Böyük Britaniyanın 18 şirkəti, o cümlədən təhsil, informasiya texnologiyaları və maliyyə sahəsindəki bir neçə şirkət ötən il aparılan təcrübənin nəticələrinə əsasən daimi əsasda dördgünlük iş rejiminə keçəcəklərini açıqlayıb. Bu barədə “Trend” agentliyi “Financial Times” qəzetinə istinadən xəbər verib.

Məlumata əsasən, ötən ilin ortalarında başladılmış qısaldılmış iş həftəsi pilot layihəsində ümumilikdə 61 şirkət iştirak edib.

Qəzetin xəbərinə görə, 2022-ci ilin ikinci yarısında bu şirkətlərin gəliri orta hesabla üçdə bir dəfədən çox artıb. İşdən çıxarılmaların və tükənmə həddinə qədər çalışanların sayı əhəmiyyətli dərəcədə azalıb. Həmçinin əməkdaşların 40 faizi daha az stres keçirdiklərini açıqlayıb.

Bildirilir ki, şirkətlər qısaldılmış iş həftəsini müxtəlif cür tətbiq ediblər. Belə ki, bəziləri cümə gününü istirahət günü elan edib, digərləri isə əməkdaşların iş vaxtının 80 faizini çevik qrafiklə işləməsinə imkan verib.

Qeyd edək ki, təcrübə Oksford və Kembric universitetlərinin, Boston kollecinin, “4-Day Week” qrupundan olan fəalların və “Autonomy” analitik mərkəzinin təşəbbüsü ilə baş tutub.

 

NATO-NUN BAŞ KATİBİ PUTİNİN QƏRARINA MÜNASİBƏT BİLDİRİB

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyasının Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsində (START) iştirakını dayandırmaq qərarından təəssüfləndiyini bildirib və Moskvanı bu addımı yenidən nəzərdən keçirməyə çağırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Rusiyanın Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsində iştirakını dayandırmaq qərarından təəssüflənirəm. Mən Rusiyanı bu qərara yenidən baxmağa və mövcud razılaşmaya qayıtmağa çağırıram”, - deyə NATO-nun baş katibi Brüsseldə mətbuat konfransında bildirib.

Baş ktibin sözlərinə görə, START qərarı ilə silahlara nəzarətin bütün arxitekturası aradan qaldırılıb.

Eyni zamanda, Yens Stoltenberq vurğulayıb ki, daha çox silah və daha az nəzarəti olan silah dünyanı daha təhlükəli bir yerə çevirir.

Qeyd edək ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını bəyan edib.

 

UKRAYNANIN XİN BAŞÇISI: ÇİNİN TƏQDİM ETDİYİ SÜLH MODELİNİ TƏHLİL ETMƏLIYİK

“Çinin xarici işlər naziri Van İ bizə ölkəsinin sülh modelini təqdim edib. Ukrayna detalları təhlil etməlidir”. “Report”un xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

XİN başçısının sözlərinə əsasən, prezident Volodimir Zelenskinin irəli sürdüyü sülh düsturu Ukrayna üçün prioritet olaraq qalır.

Eyni zamanda, D.Kuleba vurğulayıb ki, Ukrayna öz azadlığı uğrunda mübarizəni davam etdirəcək.

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında Van İ Çinin Ukrayna ilə bağlı sülh planını açıqlasa da, detallar barədə danışmayıb.

 

İRAN AVROPA İTTİFAQINA SANKSİYALAR TƏTBİQ ETMƏK NİYYƏTİNDƏDİR

İran hakimiyyəti Avropa İttifaqının Tehrana qarşı  məhdudlaşdırıcı tədbirlərinə cavab olaraq öz sanksiyalarını tətbiq etmək niyyətindədir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran XİN-nin sözçüsü Naser Kanani Aİ-nin bəzi iranlılara və İran şirkətlərinə qarşı tətbiq etdiyi son sanksiyalara münasibət bildirib. Onun sözlərinə görə, İran İslam Respublikası sanksiyalara cavab olaraq tezliklə əks-sanksiya siyahısını açıqlayacaq.

Məlumat üçün qeyd edək ki, bazar ertəsi Aİ Şurası İranda insan haqlarının pozulması iddiası ilə İrana qarşı yeni sanksiyalar tətbiq edərək, daha 32 fiziki şəxsi və iki qurumu qara siyahıya salıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.