DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİLİN MÜDAFİƏ NAZİRİ: ÇOXCƏBHƏLİ MÜHARİBƏDƏ DÖYÜŞÜRÜK

Qəzza zolağında davam edən müharibə ərzində İsrailə yeddi istiqamətdən hücum olunub və İsrail ordusu onlardan altısını dəf edib. “Trend” agentliyinin məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qallant bəyan edib.

Eyni zamanda, İsrailin çoxcəbhəli müharibədə döyüşdüyünü vurğulayan müdafiə naziri, ölkəsinin Qəzza, Livan, Suriya (İordaniya çayının Qərb sahili), İraq, Yəmən və İran olmaqla yeddi istiqamətdən hücuma məruz qaldığını diqqətə çatdırıb.

“Biz bunların altısına artıq cavab vermişik və aydın şəkildə bildirirəm: bizə qarşı hərəkət edən hər kəs potensial hədəfdir, heç kim toxunulmazlığa malik deyil”, - deyə Yoav Qallant Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında qeyd edib.

Bununla yanaşı, nazir Qəzzadakı müharibənin hədəflərinin əldə olunması üçün qətiyyət, güc və milli birliyin vacib olduğunu dilə gətirib: “Bu, milli səviyyədə, dəyərlər, birlik baxımından daha güclü olanın sağ qaldığı döyüşdür”.

ÜST-DƏN QLOBAL QIZILCA TƏHLÜKƏSİ İLƏ BAĞLI XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsinin qalmağa davam edəcəyini açıqlayıb. Təşkilatdan “Report” agentliyinə verilən məlumata görə, “COVID-19” pandemiyası ilə əlaqədar dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb.

Bildirilir ki, bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 faiz, ölüm halları isə 43 faiz artıb.

Yeni hesablamalara əsasən, bu vəziyyət çoxluq uşaqlar təşkil etməklə təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 minə çatması deməkdir. Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır.

Məlumata görə, qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını alıb.

TÜRKİYƏNİN GÜNDƏLİK NEFT HASİLATINDA ARTIM MÜŞAHİDƏ OLUNUR

Türkiyənin Şırnak vilayəti ərazilərində yerləşən Qabar dağında gündəlik neft hasilatı 30 min bareli keçib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar paytaxt Ankarada gənclərlə görüşərək Qara dəniz təbii qazından Qabar neftinə qədər bir çox mövzuda sualları cavablandırıb.

A.Bayraktar yaxın 30 ildə Türkiyəni energetika sahəsində xaricə asılılıqdan xilas etməyi hədəflədiklərini bildirib.

Cümhuriyyət tarixində ən böyük təbii qaz kəşfinin 21 avqust 2020-ci ildə Qara dənizdəki Sakarya qaz yatağında edildiyini xatırladan Alparslan Bayraktar bu yerin tam hasilata keçəcəyi təqdirdə Türkiyənin ehtiyacının 25-30 faizini ödəyə biləcəyini diqqətə çatdırıb.

Alparslan Bayraktar Qabarda kəşf edilən neft yatağına toxunaraq deyib: “Hazırda gündəlik hasilatımız 30 min bareli keçib. Qabar kimi  öz quru sərhədlərimiz daxilində təbii qazla bağlı müxtəlif yataqları kəşf edərək Türkiyənin bu sahədə xarici asılılığına son qoyacağıq”.

YAPONİYA ABŞ-LA “PATRİOT” RAKETLƏRİ İLƏ BAĞLI DANIŞIQLARA BAŞLAYIR

Yaponiya və ABŞ nümayəndələri 2024-cü ilin əvvəlində Yaponiya silahlı qüvvələrində “Patriot” müdafiə sistemləri üçün mövcud olan raketlərin Amerika tərəfinə verilməsi məsələsi ilə bağlı məsləhətləşmələrə başlayacaqlar. “Report” xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb. Bildirilir ki, ilk növbədə təyyarələrin və qanadlı raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş “PAC-2” raketlərinin tədarükünün əlaqələndirilməsinə başlamaq planlaşdırılır. Gələcəkdə Yaponiya ABŞ-ni ballistik raketlərə qarşı mübarizədə istifadə olunan “PAC-3” raketləri ilə təmin edəcək.

Qeyd edək ki, Yaponiya hökuməti dekabrın 22-də müdafiə ixracı qaydalarını yüngülləşdirərək “Patriot” raketlərinin ABŞ-a və 155 mm-lik artilleriya mərmilərinin Böyük Britaniyaya göndərilməsinə icazə verib. O vaxta qədər Tokio ABŞ-a yalnız müdafiə avadanlığı komponentlərini ixrac edə bilərdi.

TÜRKİYƏYƏ QARŞI XAİN HÜCUMUN ARXASINDA HANSI ÖLKƏLƏR DAYANIR?

Bir neçə gün öncə İraqın şimalında Türkiyə ordusunun 12 hərbçisini şəhid edən PKK terror təşkilatının istifadə etdiyi silah və texnika yenidən müzakirə mövzusuna çevrilib. “Teleqraf.com”un xəbərinə görə, Türkiyə mətbuatı PKK-nın belə bir hücumu həyata keçirmək üçün xarici ölkələrdən dəstək aldığına diqqət çəkib.

Məlumata əsasən, son illər bölgədə aparılan əməliyyatlar zamanı terrorçuların gizləndiyi mağaralardan ələ keçirilən silah və texnikanın mənşəyi bu şübhələri təsdiqləyir. PKK mağaralarında tapılan silahlar arasında ABŞ və İsveç istehsalı silahlar üstünlük təşkil edir.

İsveç PKK-ya verilən radiodinləmə və radar sistemləri ilə yanaşı, terror təşkilatına böyük həcmdə tibbi avadanlıq, həmçinin gecəgörmə döyüş cihazları təmin edən ölkədir. Lakin İsveçin PKK-ya verdiyi daha bir silah da var. PKK İsveç istehsalı “AT-4” tank əleyhinə raketdən də Türkiyəyə qarşı geniş istifadə edir.

Piyada birləşmələrinin zirehli texnikaları və istehkamlarını məhv etmək üçün nəzərdə tutulan silah PKK terror təşkilatı tərəfindən hər cür hücumda istifadə olunur. Son hücumun görüntülərində terrorçuların uzunlüləli silahlardan, qumbaraatanlardan və reaktiv yaylım atəşi sistemlərindən istifadə etdiyi məlum olub.

Aİ-DƏN SIĞINACAQ İSTƏYƏNLƏRİN SAYI KƏSKİN ŞƏKİLDƏ ARTIB

Avropa İttifaqına (Aİ) ilin sonuna kimi sığınacaqla bağlı bir milyondan çox müraciət daxil olacağı gözlənilir. Doqquz ay ərzində 937 minə yaxın belə müraciət qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur. “Report” agentliyinin xəbərinə görə, bu barədə Aİ-nin Sığınacaq Agentliyi məlumat yayıb.

Sığınacaq Agentliyinin direktoru Nina Qreqori hesab edir ki, yüksəliş tendensiyası 2024-cü ildə də davam edəcək. Təkcə oktyabr ayında agentlik təxminən 123 min müraciət qeydə alıb ki, bu da son 7 ildə ən yüksək aylıq göstəricidir.

Verilən xəbərə görə, əsas istiqamət, ötən il olduğu kimi, yenə də Almaniyadır. Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi bildirib ki, Avropada sığınacaq axtaranların ümumi sayının üçdə biri - 325 min nəfər Almaniyada qalmaq üçün müraciət edib. Bu, ötən illə müqayisədə 52 faiz daha çoxdur.

Eyni zamanda, Ukraynadan gələn qaçqınların sayı isə artmaqda davam edir, doqquz ayda bu say 320 min nəfər artıb. Hazırda Avropada müvəqqəti müdafiədən yararlana bilən 4,16 milyon ukraynalı var. Bunlardan 1,17 milyonu Almaniyada, bir milyona yaxını isə Polşadadır.

ÇİNİN SÜNİ İNTELLEKTDƏN İSTİFADƏ ETMƏSİ ABŞ-I CİDDİ NARAHAT EDİR

ABŞ Çinin əvvəllər heç vaxt olmayan miqyasda Amerika vətəndaşlarından müxtəlif növ məlumatlar toplamaq üçün süni intellektdən istifadə etməsindən narahatdır. Bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, FTB və digər qurumlar Çinin süni intellektdən amerikalılar haqqında məlumat toplamaq və saxlamaq üçün indiyədək heç vaxt mümkün olmayan miqyasda istifadə edə biləcəyi qənaətindədir.

Eyni zamanda, qəzet vurğulayıb ki, məsələ son bir il ərzində o qədər kəskinləşib ki, FTB direktoru və Qərb kəşfiyyat orqanlarının başçıları oktyabrda texnologiya liderləri ilə görüş keçiriblər.

Bununla yanaşı, qəzet bildirib ki, Vaşinqtonun iddialarına görə, Pekin toplanmış məlumatlardan ABŞ casuslarını müəyyən etmək, həmçinin Amerika administrasiyasının rəsmilərinə nəzarət üçün də istifadə edə bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.