DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KREML: PUTİNİN QƏRB LİDERLƏRİ İLƏ GÖRÜŞMƏYƏ EHTİYACI YOXDUR

“Hazırda Rusiya prezidenti Vladimir Putinlə Qərb ölkələrinin liderləri arasında görüşə ehtiyac yoxdur, elə bir ehtiyac yarananda təmaslar baş tutacaq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin “G20”nin son sammitində şəxsən iştirakdan imtina etməsini şərh edərkən bildirib.

Mətbuat katibinin sözlərinə görə, sözügedən görüş gündəliyə konstruktiv heç nə əlavə edə bilməz.

Eyni zamanda, Kreml rəsmisi diqqətə çatdırıb ki, Vladimir Putinin beynəlxalq cədvəli “konstruktiv olan və Rusiyanın maraqlarına cavab verən istiqamətlərdə olduqca aktivdir”.

“Sözügedən centlmenlərlə görüşmək vaxtı gələndə bu, mütləq həyata keçiriləcək”, - deyə mətbuat katibi əlavə edib.

 

AKTIVLƏRIN TRANSFERI İRANA QARŞI SANKSİYALARIN LƏĞVİ ANLAMINA GƏLMIR

Tehranın 6 milyard dollarlıq aktivlərinin transferi İrana qarşı sanksiyaların ləğvinə səbəb olmayacaq. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Məlumata əsasən, İrana qarşı heç bir s

anksiya ləğv edilməyib və bu ölkəyə sanksiya yüngülləşdirilməsi tətbiq olunmayacaq.

Bununla yanaşı, diqqətə çatdırılıb ki, ötən həftə ABŞ dövlət katibi Entoni Blinken məhbus mübadiləsi sazişinin bir hissəsi olaraq İranın dondurulmuş aktivlərinin Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə verib. Bu pullar humanitar məqsədlər üçün istifadə ediləcək.

Vurğulanıb ki, bu vəsaitlər birbaşa İrana çatdırılmayacaq və aktivlər hesaba köçürüldükdən sonra ABŞ Qətərdə ondan necə və nə vaxt istifadə edildiyini izləyə biləcək.

Xatırladaq ki, Ağ Ev hələ avqustun 10-da Tehranla məhbusların mübadiləsi ilə bağlı razılığa gəldiyini təsdiqləyib. Avqustun 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani Çafi isə bildirib ki, əsirlərin mübadiləsi və İranın aktivlərinin transferinə dair razılaşmalar iki ay ərzində həyata keçiriləcək.

 

ÜST: TÜRK COĞRAFİYASINDA QIZILCAYA YOLUXMA HALLARI KƏSKİN ARTIB

Türk dünyası coğrafiyasında son bir il ərzində qızılcaya yoluxma həllarında artım müşahidə olunur. “Report” agentliyinin “Haber Global”a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında qeyd olunur.

Məlumata əsasən, qızılcaya ən çox yoluxma Türkiyədə qeydə alınıb. Son bir il ərzində qardaş ölkədə qızılcaya 2986 nəfər yoluxub. Eyni zamanda, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da artım müşahidə olunur.

Eyni zamanda, xatırladılır ki, ÜST-ün əvvəlki hesabatına görə Türkiyədə qızılcaya 1543 yoluxma qeydə alınıb. Yəni göstərici bir il ərzində təxminən 2 dəfə artıb.

Bununla yanaşı, mütəxəssislər bildiriblər ki, yoluxmanın qarşısını almaq məqsədilə peyvəndlənməyə ehtiyac var.

 

“META” DAHA GÜCLÜ SÜNİ İNTELLEKT MODELİ HAZIRLAYIR

ABŞ-ın “Meta” şirkəti yeni, daha güclü süni intellekt modeli yaratmaq üzərində işləyir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, yeni model digər şirkətlərə mürəkkəb mətn, analitik və digər nəticələr verən xidmətlər yaratmağa kömək edəcək.

Həmçinin şirkət hazırda bu iş üçün lazım olan məlumat mərkəzlərini qurur və bu növ süni intellekt təlimi üçün istifadə edilən “Nvidia”nın ən qabaqcıl çipi olan daha çox “H100”ləri əldə edir.

Şirkət gələn il hazır olacağına ümid etdiyi yeni süni intellekt modelinin cəmi iki ay əvvəl buraxdığı “Llama 2” adlanan modeldən bir neçə dəfə güclü olacağını planlaşdırır.

Mənbələr onu da bildiriblər ki, “Meta” 2024-cü ilin əvvəlində “böyük dil modeli” kimi tanınan yeni süni intellekt sisteminin təliminə başlamağı planlaşdırıb.

 

NATO SON ILLƏRIN ƏN BÖYÜK HƏRBİ TƏL

İMLƏRİNƏ HAZIRLAŞIR

NATO “Soyuq müharibə” dövründən bəri ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır. Bu barədə “Financial Times”  qəzeti məlumat yayıb.

Verilən xəbərə görə, “Sabit müdafiəçi” adlanan təlimlərə ən azı 41 min əsgər və 50-dən çox gəminin cəlb ediləcəyi, eləcə də 700-ə qədər döyüş atışının həyata keçiriləcəyi gözlənilir.

Eyni zamanda, nəşr bildirib ki, plana əsasən, qoşunlara daha real ssenarilər yaratmaq üçün real həyatda olan coğrafi məlumatlardan istifadə edilə bilər.

Bildirilir ki, təlimin məqsədi alyansa üzv olan ölkələrdən birinə qarşı yönəlmiş “Rusiyanın hücumunu” dəf etmək cəhdini həyata keçirməkdir. İddialara görə, NATO bu manevrləri Moskvaya alyansın müharibəyə hazır olduğunu nümayiş etdirməyin əsas hissəsi kimi qiymətləndirir.

Nəşrin məlumatına əsasən, təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Təlimlərdə NATO-nun 31 üzvü ilə yanaşı, İsveç də iştirak edəcək.

 

LİVİYADA DAŞQINLAR NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 6 MİN NƏFƏRƏ ÇATIB

Liviyanın şərqindəki baş verən seldə ölənlərin sayı 6 min nəfərə çatıb, itkin düşənlərinin sayı isə təxminən 10 mindir. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Ölkənin şərqindəki hökumətin baş naziri Usamə Hammad jurnalistlərə verdiyi açıqlamada təkcə Derna şəhərində ölənlərin sayının 3 mindən çox olduğunu bildirib.

Bölgədəki hökumətin daxili işlər naziri  Derna şəhərində güclü yağışlar nəticəsində həyatını itirən 2800-dən çox insanın cəsədinin tapıldığını, itkin düşənlərin sayının isə 7 minə çatdığını bəyan edib.

Derna bələdiyyə nümayəndəsi Əhməd Emdur açıqlamasında şəhərdə bina və yaşayış evlərinin su altında qaldığını, infrastrukturun sel suları tərəfindən yuyulduğunu, əsas yolların dağıldığını, dövlət və özəl sektorda böyük itkilərin olduğunu vurğulayıb.

Liviya Milli Birlik Hökumətinin sözçüsü Muhammed Hammude baş verən sel fəlakəti ilə bağlı açıqlamasında deyib: “Meteoroloji məlumatlar Cəbəl əl-Əxdar bölgəsində qeydə alınan yağışın miqdarının təxminən 400 millimetr olduğunu göstərdi. Bu, Liviyada son 40 ildən çox müddətdə qeydə alınan ən yüksək yağış miqdarıdır”.

 

RUSİYADA SƏRNİŞİN TƏYYARƏsi ƏKİN SAHƏSİNƏ QƏZA ENİŞİ EDİB

Rusiyada Soçidən Omsk istiqamətində hərəkət edən sərnişin təyyarəsi Novosibirsk vilayətinin Ubinskoye kəndində torpaq sahəyə eniş etmək məcburiyyətində qalıb. Bu barədə “TASS” agentliyinə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.

“Məlumata görə, təyyarə Ubinskoye kəndi ərazisində torpaq yola enib. Zərərçəkmiş yoxdur, məlumat dəqiqləşdirilir”, - deyə nazirliyin mətbuat xidməti açıqlayıb.

Qeyd olunub ki, “Ural Hava Yolları”na məxsus hava gəmisinin göyərtəsində 156 sərnişin olub.

Eyni zamanda, xəbər verilir ki, Novosibirsk yaxınlığındakı əkin sahəsinə qəza eniş edən sərnişin təyyarəsinin mühərriklərindən biri səmada yanıb. “Airbus” təyyarəsinin Novosibirsk vilayətində əkin sahəsinə təcili enişinin ilkin səbəbi hidravlik sistemin nasazlığıdır. Təyyarənin gövdəsi dağılmayıb, insanlar yardıma ehtiyac olmadan məneəsiz şəkildə hava laynerini tərk edə biliblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.