GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MARAL TƏBRİZLİ

1987-ci ildə Təbrizdə dünyaya göz açıb. Ünlü yazar, şair, tərcüməçi və İran universitetlərinin ilk türk dili və ədəbiyyatı müəllimi kimi tanınmış Prof. dr. Əli Daşqının qızıdır. Təbriz Dövlət Universitetində ingilis dili və ədəbiyyatı üzrə ali təhsil alıb. Bir neçə il sonra Ankara Türk Dünyası Araşdırmaları Akademiyasının doktoru olaraq məzun olub.

"Bir çanta umud", "Maral gözlüm", "Könlümün sevda mahnısı", "Dovşan Bencamin" və "Ata öyüdü" kimi əsərlərini çap etdirib. Bundan əlavə, o, həm də tərcüməçidir.

 

Mənim adım Azərbaycan

Mənim adım Azərbaycan,

gözlərimdə bozqurdun səsi,

dodaqlarımda türkün bayrağı,

sözlərimdə şanlı vətənim dalğalanır...

Mənim adım ulu türk,

ölkəmin torpağı könül mahnımdır...

Təbrizimin saz tellərində can tapan,

Marağamın dalğalı

Sofi çayında çağlayan bir mahnı...

Heyyyyy, mənim şanlı bayrağım,

heyyyyy, mənim qeyrətli yurdum,

heyyyyy, mənim yaslı ay-ulduzum,

heyyyyyyyyy...

Məndə doğulan bir Vətən,

səndə ölən bir şəhidəm indi...

Sənin qoynunda ölməyə gəldim...

 

Mən türkəm,

sevməyi də bilirəm,

sevilməyi də...

Adım şanlı bayrağım,

soyadım bağrıma qazılmış səsli harayım...

Mən türkəm,

adımdan bəlli deyilmi zatən...

 

ELYAD MUSƏVİ

1985-ci ildə Salmas şəhərində dünyaya göz açıb. İlk və orta məktəbi həmin şəhərdə oxuyub. Sonra təhsilini Antropologiya ixtisası üzrə Tehran universitetində davam etdirib və burada magistraturanı da bitirib. Gənc yaşlarından ədəbiyyat və şeirlə maraqlanıb. İlk qələm təcrübələri ilə "Şəhriyar" və "Alma" şeir festivallarına qatılıb və birinci yeri qazanıb. "Ayalama" adlı dərginin baş yazarı, redaktoru olub. Elyad Musəvinin şeirləri ölkə xaricində yayınlanan dərgilərdə də çap olunub. Şeirlərdən əlavə, tənqidi, araşdırma və təhlilli yazılarla da mətbuatda çıxış edir.

Qapıdan sonra

qol saatımı bağladım

Tozlu güzgüdə

ağ birçəklərini

qara ləçək altında

gizlədir

sənə oxşayan bir qadın.

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 7 və 8 mart tarixli saylarımızda)

Yer üzündə var olan canlıların ən dözümlüsü insandır. İnsan yarandığı gündən həyatda qalmaq, güzəranını, keçimini saxlamaq üçün çarpışmaqdadır. Bu yolda çox məşəqqətlərdən keçir, əziyyətlər çəkir, dözür, uğurlar da qazanır, uğursuzluğa da tuş gəlir, amma yıxılmır, həyatına davam edir. Bu dözümlülük, tarixən qədərlə çarpışma bayatılara da təsir edir. "Fələyin dad əlindən, Olmadım şad əlindən, Yapışaydım yaxandan, çəkəydim dad əlindən", - deyibən fəryad edən və Urmunun üzüm bağındakı üzüm dənələrinin sayı qədər sinədağı olan insan dağın belə götürə bilmədiyi dərd yükünü çəkir, zülmə dözür.

Bütövlükdə bayatılarda istər qafiyə yaratmaq xatirinə, istərsə də məzmuna görə yer, məkan, yurd adlarının işlənməsinə tez-tez rast gəlinir və bu adçəkmənin qanunauyğun hal olduğu anlaşılır. Bu bayatıda isə Təbrizin adını bayatı müəllifi məhz məzmuna görə işlədib:

Saraldı bağ, dözmədi,

Bülbül güldən bezmədi,

Təbrizdən ayrı düşdüm,

Dərdimə dağ dözmədi...

Azərbaycan-türk folklorunda - daha çox nağıllarda, əfsanə və rəvayətlərdə, dastanlarda obrazı yaradılan əfsanəvi Səməndər (Feniks) quşu ümumtürk folklorunun keçərli quş obrazı, xilaskar qüvvəsi, kosmoqonik etiqadın sakral onqonudur. Səməndər, Zümrüd və ya Simurq deyirlər. Bu əfsanəvi quş qəhrəmanların dostu, darda qalanların köməkçisi, zülmətdən işıqlı dünyaya gedib gələ bilən, uzaq yolu qısa müddətə uçan nəhəng bir varlıqdır. Nağıllarda təsvir edilir ki, Zümrüd quşu xeyirxah insanlara qanadından bir tük verir. Həmin tükü oda tutanda bu quş dara düşmüş adamın dadına çatır. Rəvayətə görə, "uçarkən Səməndər quşunun qanadlarından qığılcım qopur. Bu quş ildə bir yumurta qoyub, qurbağaya oxşar bala çıxarır, özü isə alışıb yanır, həyatını balasına qurban verir. Digər rəvayətə görə, səməndər quşu odun içində yaşayır. Oddan da alışıb yanır…". Güney folklorunda Səməndər quşu obrazı ustalıqla yaradılıb:

Əzizim, oda salmaz,

O Xoydu, o da Səlmas.

Səməndər də mənimtək

Özünü oda salmaz.

Bu bayatının ikinci misrasında Güney Azərbaycanın Xoy, Səlmas şəhərlərinin adlarının çəkilməsi, son iki misrada isə Səməndər quşu haqqında miflərə işarə olunması yenə də məzmunun mükəmməl alınması məqsədilə bayatı müəllifinin yüksək sənətkarlıqla etdiyi bədii priyomdur. Bu möhtəşəm sənətkarlıq nümunəsinin 1-ci və 4-cü misralarında işlədilən "oda" sözü od, atəş isminin yönlük hal forması, 2-ci misradakı "o da" kəlməsində isə "o" işarə əvəzliyi, "da" isə bağlayıcıdır. Cinas qafiyə yaradan şair dərd içində alışıb-yanan soydaşının durumunu Səməndər quşu ilə qiyaslamaqla kifayətlənmir, hətta onun alovun, atəşin içində ondan da betər yanıb kül olduğunu vurğulayıb, eyni zamanda "oda" kəl-məsini iki formada işlədərək həm məzmunca, həm də formaca misilsiz bir bayatı-folklor nümunəsi yaratmağa nail olub. Əsasən adları bəlli olmayan istedad sahibləri - şairlər Güney folklorunun əsas janrlarından olan bayatıları yaradarkən əfsanə, nağıl və dastan motivlərindən, atalar sözlərindən də çox böyük məharətlə istifadə etmiş, bəhrələnmişlər.

Sevgi bayatılarında yar sorağına düşüb diyar-diyar gəzən sevdalıların, sevdiyinin vüsalına yetməyən, fələyin qəzəbinə tuş gələn və günü ah-vayla keçən nakamların, eşq düşmənlərinin zalımlığı üzündən ayrılıq qəhri çəkən aşiqlərin könül sızıltıları son dərəcə təsirli şəkildə bədii-poetik əksini tapır. Bu mövzulu bayatılar könüllərin sarı siminə toxunaraq aşiqləri, oxucuları dünən də duyğulandırıb, bu gün də, sabah da duyğulandıracaqdır:

Təbriz üstü Miyana,

Qızıl gülə boyana,

Oxu, bülbülüm, oxu,

Bəlkə yarım oyana...

Bu bayatının Hüseyn Kürdoğlunun baxış bucağından dəyərləndirilməsi dörd misralıq unikal sənətkarlıq örnəyinin özü qədər təsirlidir.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.