Mükəmməl Mürəkkəb Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

II Həsənin Böyük Məscidi

Dünyanın ən hündür dini binası kimi tarixə düşən II Həsənin Böyük Məscidi Mərakeşin Kasablanka şəhərində, Atlantik okeanın sahilində inşa olunub. Dənizə doğru uzanan platformanın üzərindəki məscid Mərakeş kralı II Həsən tərəfindən tikilib. "Allahın taxtı su üzərindədir, buna görə də biz suyun üzərində yeni məscid tikəcəyik" deyə əhaliyə müraciət edən kral ibadətgahı ianələr hesabına tikdirməyi qərara almış və abidənin layihəsini islam dinini qəbul etmiş fransız əsilli memar Mişel Pinsoya həvalə etmişdir. Kompleksin inşaat işlərinə 2500 mühəndis, 10000 rəssam və 6 mindən çox mərakeşli sənətkar və usta cəlb edilmişdir. 800 milyon dollara başa gələn məscidin açılışı 1989-cu ildə kralın 60 illik yubileyi ərəfəsində baş tutmuşdur.

Mərakeş memarlığının şah əsəri olan məscidin minarəsinin hündürlüyü 210 metrdir və təxminən 9 hektardan çox ərazini əhatə edir. 25 min nəfərdən çox tutuma malik olan dini kompleksin ərazisindəki meydanda 80 min insanın namaz qılması üçün yer var. Ərəb memarlığının bütün elementlərini özündə birləşdirən məbədin interyerində dəbdəbəli rəsmlər, oymalar, ərəb qrafikası, qızılı mərmərlə bəzədilmiş sütunlar və mozaikalar mövcuddur. Məkkəyə istiqamət verən 30 kilometr uzunluğunda olan lazer işıq və İtaliyadan gətirilən 50 tonluq şüşə çilçıraqlar abidəyə xüsusi gözəllik bəxş edir. "Dənizdən göyə" yüksələn bu əzəmətli məscid kompleksinə həmçinin mədrəsə, muzey, kitabxana, 50 atın saxlanılması üçün tövlə və 1000 avtomobillik yeraltı dayanacaq da daxildir.

"LEQO" muzeyi

Qeyri-adi binalardan biri olan "LEQO" ev muzeyi Danimarkanın kiçik şəhərlərindən birində - Billundda inşa olunub. Rəngarəng və konstruktor şəklində dizayn edilən binanın memarı Byark İngels olub. Muzeyin direktoru Yesper Vilğstrupun sözlərinə görə, bu unikal bina insanların bilik səviyyəsini artırmaq və yaradıcılıqlarını inkişaf etdirmək məqsədilə tikilib.

Ümumi sahəsi 12000 kvadratmetr olan 21 konstruktor blokdan ibarət binanın fasadında on mindən çox ağ keramik plitələrdən istifadə edilib. Daxili məkanı dörd hissədən ibarət muzeyin qırmızı zalı - yaradıcılıq, göy - koqnitiv, yaşıl - sosial, sarı zal isə emosional bacarıqları inkişaf etdirmək üçün nəzərdə tutulub. Burada həmçinin iki sərgi və matorik bacarıqları inkişaf etdirmək üçün dörd otaq da istifadəyə verilib. Şahmat şəklində düzülmüş düzbucaqlı bloklar gün işığının binanın içərisinə maneəsiz şəkildə daxil olmasını təmin edir. Muzeydə mağaza və restoranlar da fəaliyyət göstərir.

Fırlanan ev

İtaliyanın şimalında, mənzərəli yamacda yerləşən unikal "Fırlanan ev" italyan memarı Roberto Rossi tərəfindən layihələndirilib. Memar bu eksperimental layihəsində sıfır enerji konsepsiyasını tətbiq edib. Belə ki, xüsusi mexanizm sayəsində öz oxu ətrafında 360 dərəcə fırlanan evin damında günəş panelləri quraşdırılıb.

Enerji sərfiyyatının mümkün qədər az olması üçün "Fırlanan ev"in tikintisində polad çərçivə və taxta panel kimi yüngül materiallardan istifadə edilib. Ətraf mühiti qorumaq məqsədilə, suyun boşaldılması və qeyri-ərzaq tullantılarının saxlanması üçün isə evin yan hissəsinə xüsusi çən quraşdırılıb. Ərazidəki geotermal bulaqlar otaqların hər zaman eyni temperaturda qalmasını təmin edir. Heyrətamiz panoramik mənzərəsi olan unikal ev asanlıqla sökülə və istənilən ərazidə yenidən quraşdırıla bilir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".