İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Ölkə birinciliyində ilk günün qalibləri

Bakıda 21 yaşa qədər gənc cüdoçular arasında Azərbaycan birinciliyi keçirilir. Yarışda 100-ə yaxın cüdoçu mübarizə aparır. Yarışın ilk gününün nəticələrinə əsasən, qızlar arasında 52 kq çəki dərəcəsində Nuray Quliyeva birinci olub. Rita Əliyeva yarışı ikinci, Aynur Əfəndiyeva isə üçüncü pillədə başa vurublar. Oğlanlar arasında 55 kq çəki dərəcəsində Amin İsmayılov, Xalid Məmmədov, Mehdi Tağıyev və Laçın Zahidov fərqləniblər. 66 kq çəki  dərəcəsində İslam Rəhimov, Məhəmməd Musayev, Eltac Yusifli və Mehdi Cəfərov ilk üçlükdə qərarlaşıblar. 81 kq çəki dərəcəsində Süleyman Şükürov birinci olub. Məmməd Əzizbəyov ikinci, Nahid Tarquliyev və Əli Hacızadə üçüncü yerə layiq görülüblər. 100 kq çəkidə  Əjdər Bağırov birinci olub. Nihad Şıxəlizadə yarışı ikinci, Elşən Nəbiyev və Tamerlan Cabbarov üçüncü pillədə başa vurublar.

Ağırlıqqaldırma üzrə turnir

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başlayıb. Yarışda 150-dən çox gənc atlet iştirak edir. İlk öncə qızların yarışına start verilib. Burada 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və +81 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Maya Bağırlı, Nuray Əbilova, Malika Bikeçuyeva, Ravilya Abbasova, Milena Hüseynli, Aytən Əliyeva, Zəhra Niftəliyeva, Arzu Qədimova, Mələk Hüseynli, Nuranə Məhərrəmova qızıl medal qazanıblar.

Paytaxtımızda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları keçirilir

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Rəsmi hissədən sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Batut gimnastikası üzrə yarışda ölkəmizi qadınlar arasında Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edirlər. Tamblinq üzrə yarışda isə Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov çıxış edəcəklər. Yarışda həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar "AGF Trophy" kuboku ilə təltif ediləcəklər.

"Qarabağ"ın 1/8 finaldakı rəqibi bəlli olub

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Püşkatmanın nəticələrinə əsasən, "Qarabağ"ın da rəqibi müəyyənləşib. Azərbaycan çempionu növbəti görüşdə Almaniyanın "Bayer" klubu ilə üz-üzə gələcək. 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".