Ölkəmizdə idman davamlı inkişaf edir
İdman

Ölkəmizdə idman davamlı inkişaf edir

Ölkəmiz hər bir sahədə olduğu kimi, idmanda da lider qismində çıxış edir. Lakin hələ müstəqilliyimizin ilk illərində  digər sahələr kimi, idman sahəsi də bərbad halda idi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi tədbirlər sayəsində idman da inkişaf etdi. Belə ki, 1993-cü ildə Heydər Əliyev dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş idmançılarımızı qəbul edib. Görüş zamanı Ümummilli Lider bildirib ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının üzə çıxarılmasına  xidmət etməlidir. Heydər Əliyev idmanın inkişafı üçün geniş imkanlar yaradılacağını vurğulayaraq, əlavə edib ki,  bu siyasət həm milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bundan 4 il sonra  Ulu Öndər İlham Əliyevi Milli Olimpiya Komitəsinin prezidenti təyin edib. Bununla da gələcək uğurların başlanğıcı qoyulub. Bu əvəzsiz qayğının ardınca idmançılarımız Sidney Yay Olimpiya Oyunlarında ilk böyük uğurlarını qazanıblar. Prezident İlham Əliyev idmanla bağlı deyib: "Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olanların sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır". 

Ümummilli Liderin adını daşıyan fond da idman sahəsində əvəzsiz işlər görür. Belə ki, müxtəlif tədbirlər, müsabiqələr, uşaq və yeniyetmələrdə idmana marağın artırılması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə inşa olunan orta məktəb və məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar yaradılır.

2016-cı ildən təsis olunan Bakı marafonunda hər il 10 mindən çox iştirakçı yarışır. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. İştirakçıların arasında  ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olub. Bu il də təkrarlanan yarışda 18 yaşından yuxarı 19.500 nəfər, həmçinin Qarabağ qaziləri və fiziki qüsurlu şəxslər də iştirak edib. Yarışa birinci startda daun sindromlu və fiziki məhdudiyyətli şəxslər başlayıb, növbəti startda isə digər iştirakçılar yarışa qoşulub. Yarış çərçivəsində builki şüar isə "Küləyə qalib gəl" olub.

Ölkəmizdə keçirilən ən mötəbər yarışlardan biri də "Bakı-2015" Avropa Oyunlarıdır. Çox qısa zaman ərzində yarış üçün lazım olan avadanlıqlar təşkil edilərək layiqincə həyata keçirilib. Qeyd edək ki, buraya 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya olmaqla 30 idman növü daxildir. 17 gün davam edən yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Oyunlara evsahibliyi edən ölkəmiz yarışlara 289 idmançı ilə qatılıb. Nəticədə 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb.

Azərbaycan 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatına, 2016-cı ildə şahmat üzrə dünya çempionatına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə də evsahibliyi edib. Nəhayət, 2016-cı ildən başlayaraq Formula-1 oyunları ölkəmizə gəlib. Dünyada ən çox pərəstişkara sahib olan bu yarışın Bakı görüntüləri ilə ahəng təşkil etməsi ölkəmizin iqtisadi və turizm sahəsində inkişafına böyük töhfələr verir. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi yarışın paytaxtda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir.

Azərbaycan təkcə evsahibliyi etdiyi yarışlarda yox, həmçinin xaricdə də böyük nailiyyətlər əldə edib. Cari il avqustun 14-də başlayan Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında ölkəmiz 4-cü yerdə qərar alıb. Nəticədə millimiz yarışı 62 medalla başa vurub. İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni 288 medalla (149 qızıl, 89 gümüş, 50 bürünc) Rusiya yığması göstərib. Belarus millisi 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan isə 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü yeri tutub. Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə keçiriləcək.

İyunun 26-da Polşada keçirilən III Avropa Oyunlarında isə ölkəmiz 101 idmançı ilə yarışa qatılıb. Millimiz ümumilikdə 11 medal qazanıb. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub.

Bununla yanaşı, ötən gün Misirin paytaxtı Qahirədə baş tutan "Pharaoh's Cup" beynəlxalq turnirində 6 medal qazanılıb. Bunlardan 4-ü qızıl, 1-i gümüş, 1-i isə bürünc olub.

Ölkəmiz bir sıra yüksək səviyyəli yarışlara evsahibliyi etməyə davam edir. Bu il mayın 14-də atıcılıq üzrə "Dünya Kuboku 2023" keçirilib. Sonuncu gün kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi baş tutub. Nəticədə Çin idmançısı Yu Heng Li 33 xalla birinci, Fransa təmsilçisi Klemen Besua 32 xalla ikinci, Florian Peter 27 xalla üçüncü yeri tutub. Yarışdan sonra jurnalistlərə müsahibə verən yarışçılar  oyunlarda yaradılmış şəraitə görə təşəkkür ediblər. Çinli qalib Yu Heng Li 7 il əvvəl Bakı Atıcılıq Mərkəzində olduğunu bildirib: "Təltifetmə mərasimindən sonra könüllülərdən və qonaqlardan özümə qarşı xüsusi sevgi gördüm. Yaxınlaşıb şəkil çəkdirir, təbrik edirdilər. Düşünmürəm ki, bu, Olimpiadada iki dəfə bürünc medal aldığıma görədir. Bu gün bizim ölkəmizdə Analar Günüdür. Aldığım qızıl medalı anama həsr edirəm".

Kubokun son yarışı qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə olub. Almaniyalı Liza Müller 448.9 xalla bürünc, Norveç komandasının üzvü Canett Heqq Duestad 463.6 xalla gümüş, Böyük britaniyalı Şona Makintoş isə 467 xalla son qızıl medalçılar olub.

Ölkəmizin idman sahəsindəki bu uğurları idmana dövlət qayğısının əyani təcəssümüdür.

Töhfə SƏMƏDOVA,

"Respublika".