DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN TÜRKİYƏDƏ YENİ KONSTİTUSİYANIN HAZIRLANACAĞINI BILDIRIB

Türkiyədə yeni konstitusiya hazırlana bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, onun höku

məti bu məsələni yenidən gündəmə gətirmək niyyətindədir.

“Biz hamımız məhkəmə sistemimizin terror təşkilatlarına qarşı apardığı mübarizənin şahidiyik. Türkiyə üçün milli iradə ilə hazırlanmış güclü bir konstitusiya istəyirik. Bununla bağlı məhkəmə nümayəndələrimizdən töhfə gözləyirik”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda, prezident qeyd edib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq: “Türkiyə Cümhuriyyətinin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq”.

Bununla yanaşı, Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddəları özündə ehtiva edəcək.

 

STOLTENBERQ: Aİ NATO-nun KÖMƏYİ OLMADAN QİTƏNİ QORUYA BİLMƏYƏCƏK

Avropa İttifaqı digər NATO ölkələrinin köməyi olmadan qitəni təkbaşına müdafiə edə bilməyəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

“Avropa İttifaqının müdafiə sahəsindəki səylərini alqışlayırıq. Biz bir-birini təkrarlamaqdan və rəqabətdən qaçmalıyıq, çünki Aİ qitəni qoruya bilmir. NATO-nun müdafiə xərclərinin 80 faizi Aİ-yə daxil olmayan müttəfiqlərdən gəlir. Bu, həm də coğrafiya ilə bağlıdır. ABŞ, Kanada və Böyük Britaniya Avropanın müdafiəsi üçün həlledici rol oynayır”, - deyə NATO-nun baş katibi vurğulayıb.

Yens Stoltenberqin sözlərinə görə, Şimali Amerika ilə Avropa arasında əlaqəni zəiflətmək cəhdləri yalnız NATO-nun deyil, həm də qitənin parçalanmasına gətirib çıxaracaq.

“Ukraynadakı müharibədən bir şey öyrənmişiksə, bu, Şimali Amerika və Avropanın bir yerdə olmasıdır”, - deyə Stoltenberq əlavə edib.

Eyni zamanda, baş katib əlavə edib ki, ABŞ, Kanada və Böyük Britaniya 2014-cü ildən Ukrayna hərbçilərinə təlim keçib və hazırda Ukraynaya əhəmiyyətli dəstək verirlər. Alyans rəhbərinin sözlərinə görə, Kiyevə yardımın 78 faizi Aİ üzvü olmayan NATO müttəfiqlərinin payına düşür.

 

MƏHKƏMƏ İMRAN XANIN HƏBSİNİ QANUNİ HESAB EDİB

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanın məhkəmə binasında həbs edilməsini təsdiqləyib. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Dawn” qəzeti xəbər verib.

Məlumata əsasən, hüquq-mühafizə orqanları Pakistanın milli hesabat bürosu tərəfindən 2023-cü il mayın 1-də keçmiş baş nazirin həbsinə order əsasında hərəkət ediblər.

Verilən xəbərə görə, İmran Xan korrupsiyada və ona, eləcə də həyat yoldaşına məxsus “Al Qadir Trust” fondundan çirkli pulların yuyulmasında istifadə etməkdə ittiham olunur.

Nəşr bildirib ki, İmran Xanın rəhbərlik etdiyi hökumət Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılması üçün adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi almaqda ittiham olunur.

 

İRANIN ETİRAZÇI QADINLARI MÜKAFATA LAYİQ GÖRÜLÜB

İranın etirazçı qadınları azadlıq və demokratiya uğrunda davamlı, fədakar mübarizəsinə görə ABŞ-ın siyasi və vətəndaş azadlıqlarını dəstəkləyən “Freedom House” qeyri-hökumət təşkilatının 2022-ci il üzrə mükafatı ilə təltif olunublar. “Report” agentliyinin “İran İnternational” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın başçısı Maykl Abramoits bildirib.

Təşkilat rəhbəri mükafatın təqdim edilmə mərasimində İranın etirazçı qadınlarının inanılmaz cəsarətindən danışaraq deyib: “İranlı qadınlar insan hüquqlarının pozulması və repressiyalarla tez-tez üzləşirlər. Onların azadlıq uğrunda cəsarətli mübarizəsini beynəlxalq ictimaiyyət dəstəkləməlidir”.

Mərasimdə çıxış edən ABŞ-ın dövlət katibi Entoni Blinken vurğulayıb ki, yüz minlərlə iranlı qadın, ən amansız repressiyalara baxmayaraq, aylardır öz həmkarlarının dəstəyi ilə konstitusiya hüquqlarını tələb edir.

Dövlət katibi ABŞ-ın İran xalqının internetə çıxışına kömək etmək üçün göstərdiyi səylərə toxunaraq, bunu etirazçıların ölkə daxilində insan hüquqlarının pozuntuları barədə məlumat verməsi üçün mühüm alət adlandırıb.

 

ABŞ-dan TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK SEÇKİLƏRƏ MÜNASİBƏT

ABŞ mayın 14-də Türkiyədə keçiriləcək seçkilərin nəticələrinin ikitərəfli münasibətlərə təsir etməyəcəyini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel jurnalistlərə açıqlamasında bildirib.

Dövlət rəsmisinə “Türkiyədə həftəsonu keçiriləcək prezident və parlament seçkiləri Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcək?” sualı verilib.

ABŞ rəsmisi çıxışına “təsir etməyəcək” deyərək başlayıb: "Türkiyə xalqı tərəfindən hansı hökumətin seçilməsindən asılı olmayaraq, birlikdə, bu əlaqələri dərinləşdirməyə, bir sıra əməkdaşlıq istiqamətləri və ortaq prioritetlər üzərində işləməyə davam edəcəyik".

Rəsmi nümayəndə Türkiyənin mühüm NATO müttəfiqi olduğunu və ABŞ üçün vacib olan bir sıra məsələlərdə əvəzsiz rol oynadığını diqqətə çatdırıb.

Bununla yanaşı, Vedant Patel əlavə edib ki, ABŞ seçkilərdə tərəf tutmur: “Bizim yeganə ümidimiz demokratik prosesə əsaslanan azad və ədalətli seçki görməkdir”.

 

SERBİYA PREZİDENTİ ÖLKƏ VƏTƏNDAŞLARINI SİLAHLARI TƏHVİL VERMƏYƏ ÇAĞIRIB

Serbiya prezidenti Aleksandar Vuçiç vətəndaşları qeyri-qanuni silahlarını  könüllü şəkildə təhvil verməyə çağırıb. Dövlət başçısı qanunsuz silahların bir ay müddətinə polis bölmələri tərəfindən qəbul ediləcəyini, verilən müddət bitdikdən sonra isə polisin evlərə basqın etməyə başlayacağını bəyan edib.

Məlumata əsasən, qanunsuz silahlanmanın 90 faiz azaldılmasını hədəflədiklərini qeyd edən Serbiya prezidenti silah əldə etmək icazəsi olan 50 min nəfərin isə davamlı yoxlamalardan keçəcəyini qeyd edib.

Eyni zamanda, Serbiya ərazisindəki 1800 məktəbdə artıq polis əməkdaşları xidmətə başlayıb. Həmçinin polislərin meydanlarda, əsas küçələrdə, qatar və avtobus stansiyaları kimi insanların çox olduğu yerlərdə xidmət apardığı bildirilib.

Xatırladaq ki, mayın 3-də paytaxt Belqraddakı məktəbdə 14 yaşlı şagirdin silahlı hücumu nəticəsində 9 nəfərin həlak olmasından sonra ölkə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib. Mayın 5-nə keçən gecə isə Belqrad yaxınlığındakı Mladenvaçda silahlı şəxs  yolboyu avtomobildən ətrafdakı insanlara atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

NASA: YERƏ 76 METRLİK ASTEROİD YAXINLAŞIR

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2023 HT4 asteroidinin mayın 12-də Yerin yaxınlığından keçəcəyini açıqlayıb. “Report” xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, göy cisminin uzunluğu 76 metrdir. Asteroid Yerdən təxminən 6,08 milyon kilometr məsafədə uçacaq. O, saatda 32 min kilometrdən çox sürətlə hərəkət edir.

NASA mütəxəssisləri adətən potensial təhlükəli astronomik obyektlərin statusunu onlar Yerə 7,5 milyon kilometrdən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 metrdən çox olsa verirlər. Belə cisimlər quruya düşsələr dağıntılara, okeana düşsələr sunamiyə səbəb ola bilər.

Qeyd edilir ki, 2023 NT4 asteroidi hər iki meyara cavab vermədiyi üçün potensial təhlükəli hesab edilmir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.