DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AVROPA PARLAMENTİ UKRAYNA İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDİB

Avropa Parlamenti Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən qətnamə qəbul edib. “Report” agentliyinin məlumatına görə, bu barədə qurumun açıqlamasında bildirilir.

Verilən xəbərə əsasən, 489 deputat qətnamənin leyhinə, 36 deputat əleyhinə səs verib, 49 deputat isə bitərəf qalıb.

Qeyd olunur ki, sənəddə Rusiyanın hərbi əməliyyatları dərhal dayandırmasının, habelə qoşun və texnikasını Ukraynadan çıxarmasının vacibliyi vurğulanıb. Sənəddə, həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyünə dəstək ifadə olunub.

Eyni zamanda, avropalı deputatlar rəsmi Kiyevə hərbi yardımın artırılmasının vacibliyini qeyd ediblər.

Bununla yanaşı, parlamentarilər Avropa İttifaqına üzv dövlətlərin Ukraynaya zirehli döyüş maşınları, zirehli transportyorlar, müdafiə sistemləri və döyüş sursatları vermək qərarını dəstəkləyiblər.

 

SÜLEYMAN SOYLU: QƏRB TÜRKİYƏYƏ QARŞI PSİXOLOJİ MÜHARİBƏ APARIR

Qərb ölkələri heç bir sübut təqdim etmədən terror təhlükəsi bəhanəsi ilə diplomatik nümayəndəliklərini bağlayaraq Türkiyəyə qarşı psixoloji müharibə aparırlar. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan edib.

“ABŞ və Qərb bizim müstəqil və azad olmağımızı istəmir. Onlar 60 milyon turist qəbul etməyi planlaşdırdığımızı və 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız gün bu psixoloji müharibəyə başladılar”, - deyə nazir vurğulayıb.

Eyni zamanda, Süleyman Soylu əlavə edib ki, terror aktları ehtimalını açıq şəkildə bəyan edən və bu cür hadisələrin baş verə biləcəyi yerləri açıqlayan ölkələrin heç biri Türkiyənin təhlükəsizlik qurumları ilə əlaqə saxlamayıb.

Məlumat üçün qeyd edək ki, fevralın 1-də Böyük Britaniya, Niderland və Almaniya Türkiyənin İstanbul şəhərində terror təhlükəsini əsas göstərərək bu şəhərdəki baş konsulluqlarını bağlayıb.

 

PAKİSTANDA TÖRƏDİLƏN TERROR AKTINA GÖRƏ 23 NƏFƏR HƏBS EDİLİB

Pakistan hüquq-mühafizə orqanları Pişəvər şəhərində məsciddə baş verən partlayışda şübhəli bilinən 23 nəfəri saxlayıb. “Report” xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şübhəlilər arasında həm Pişəvər sakinləri, həm də Əfqanıstanla sərhəd zonalardan olanlar da var.

Bundan əvvəl şəhərin polis rəisi qeyd edib ki, hüquq-mühafizə orqanları artıq həbslərə səbəb olan ciddi sübutlar əldə ediblər. O, terrorçuya “içəridən” kiminsə kömək etdiyini də istisna etməyib.

Xatırladaq ki, məsciddə partlayış yanvarın 30-da baş verib. Pakistan təhlükəsizlik rəsmilərinin məlumatına görə, kamikadze partlayıcı qurğunu məsciddə günorta namazı zamanı işə salıb. 101 nəfərin öldüyü, təxminən 200 nəfərin yaralandığı, ölənlərin böyük əksəriyyətinin polis əməkdaşları olduğu bildirilir.

Qeyd edək ki, hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması üzərinə götürüb.

 

RUSİYADAN ÇİNƏ AVTONƏQLİYYAT DƏHLİZİNİN TİKİNTİSİNƏ BAŞLANILIB

Monqolustanda Rusiyadan Çinə avtonəqliyyat dəhlizinin tikintisinə başlanılıb və yol “Tsaqanur” və “Dayan” sərhəd keçidlərini birləşdirəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Monqolustanın “Aysi” informasiya portalı məlumat yayıb.

“Fevralın 1-dən Monqolustan-Rusiya sərhədi yaxınlığında yerləşən “Tsaqanur”da azad ticarət zonası fəaliyyətə başlayıb. Fevralın 2-də isə bu keçid məntəqəsinin Monqolustan-Çin sərhədi yaxınlığındakı “Dayan” sərhəd keçid məntəqəsi ilə birləşdirilməsi üzrə işlərə başlanılıb”, - deyə açıqlamada qeyd edilib.

Bununla yanaşı, portalın məlumatına görə, söhbət Monqolustan ərazisindən Rusiyadan Çinə gedən ən qısa yol marşrutundan gedir.

Qeyd edilir ki, uzunluğu 745 kilometr olan tranzit dəhlizi Bayan-Ulgiy və Xodov vilayətlərindən keçəcək və Novosibirskdən Urumçiyə uzanan 4500 kilometrlik beynəlxalq avtomobil yolunun bir hissəsinə çevriləcək.

 

KXDR ABŞ-IN İSTƏNİLƏN HƏRBİ ƏMƏLİYYATINA SƏRT CAVAB VERƏCƏYİNİ VƏD EDİB

Şimali Koreya Xarici İşlər Nazirliyi əmin edib ki, KXDR Amerika Birləşmiş Ştatlarının istənilən hərbi əməliyyatına “ən sərt şəkildə cavab” verəcək. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Eyni zamanda, KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına görə, Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət ABŞ-a görə “qırmızı xətt”ə çatıb.

Şimali Koreya “nüvə bombasınə qarşı nüvə bombası” prinsipi ilə fəaliyyət göstərəcək”, - deyə Şimali Koreyanın Xarici İşlər Nazirliyi bildirib.

Həmçinin qeyd olunur ki, KXDR-in ABŞ və onun müttəfiqlərinə qarşı dəqiq strategiyası mövcuddur. Xarici İşlər Nazirliyində qeyd edilib ki, Vaşinqton düşmənçilik siyasətini davam etdirdiyi müddətdə dialoqdan söhbət gedə bilməz.

 

Aİ-DƏ İSLAMOFOBİYA İLƏ MÜBARİZƏ ÜZRƏ KOORDİNATOR TƏYİN EDİLIB

Avropa İttifaqında (Aİ) 18 aydır boş qalan müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliklə mübarizə koordinatoru vəzifəsinə Marion Lalisse təyin edilib. “Teleqraf.com” xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Komissiyası açıqlayıb.

Bildirilir ki, Marion Lalisse Şərq və Afrika Tədqiqatları Məktəbinin, Avropa Kollecinin və Tuluza-Mirail Universitetinin məzunudur. O, Yəməndəki müvəqqəti işlər vəkili və Aİ səfirinin müavini vəzifələrində çalışıb.

Avropa İttifaqının təcrübəli dövlət qulluqçusu olan M.Lalisse ittifaq ölkələri daxilində və müsəlman dünyasında geniş spektrli vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edib, burada dəyərli təcrübə qazanıb.

Aİ hesab edir ki, ərəb dilini bilən fransız Marion Lalisse ittifaqa üzv ölkələr, Avropa qurumları, vətəndaş cəmiyyəti və akademik dairələrlə işləyəcək və koordinator bu sahədə çalışan təşkilatlar üçün əsas əlaqə nöqtəsi olacaq.

Qeyd edək ki, Avropada antimüsəlman əhvali-ruhiyyəsinin artdığı bir vaxtda Aİ bu mövqeyi boş qoyduğu üçün tənqid edilib.

 

PARKİNSON XƏSTƏLİYININ MÜALICƏSINDƏ UĞURLU SINAQLAR KEÇIRILIB

Çin alimlərinin Parkinson xəstəliyinə qarşı hazırladıqları terapiya təsirli nəticə verib. “TRT” telekanalının “South China Morning Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Çinin Kunmin Elm və Texnologiya Universitetinin alimləri meymun beyninə kök hüceyrələri köçürərək Parkinson xəstəliyinin əlamətlərini aradan qaldırmağa nail olublar.

Tədqiqatçılar kök hüceyrə transplantasiyasının Parkinson xəstəliyi səbəbiylə beyin funksiyaları hərəkət edə bilməyəcək dərəcədə pozulan heyvanların 2-3 həftə ərzində ayağa qalxıb hərəkət edə, hətta öz yeməklərini özləri yeyə biləcəklərini qeyd ediblər. 5 il izlənilən heyvanlarda müalicə effektinin qalıcı olduğu müşahidə edilib.

Alimlər müalicə üçün insan göbək bağından əldə etdikləri mezenximal kök hüceyrələrinə dopamini sintez etməyə imkan verən üç geni köçürüblər. Alimlər gələcəkdə müalicənin təhlükəsizliyi və tətbiqi ilə bağlı ayrıntılar üzərində işləyəcəklər. Daha sonra insanlar üzərində genişmiqyaslı klinik sınaqların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, dünyada 60 yaşdan yuxarı insanların ən azı 1 faizində müşahidə edilən Parkinson xəstəliyi dövrün ən çox görünən degenerativ beyin xəstəliyidir. Səbəbi hələ bilinməyən bu xəstəliyin beyində bədənin hərəkətlərini tənzimləyən dopamin fermentini ifraz edən sinir hüceyrələrinin azalması ilə əlaqələndirilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.