“OceanGate” şirkəti sosial şəbəkə hesablarını sildi
Dünya xəbərləri

“OceanGate” şirkəti sosial şəbəkə hesablarını sildi

Atlantik okeanında batan “Titan” sualtı gəmisinin sahibi olan özəl Amerika şirkəti “OceanGate Expeditions” bütün sosial şəbəkə hesablarını silib.

"Respublika" xəbər verir ki, şirkətin bundan əvvəl “Facebook”, “Instagram”, “Twitter” və “LinkedIn”də hesabları var idi, lakin ötən gün onlara giriş etmək mümkün olmayıb.

Qeyd edək ki, şirkətin internet saytında daha əvvəl araşdırma və kommersiya fəaliyyətini dayandırdığına dair bildiriş yerləşdirilmişdi.

Xatırladaq ki, iyunun 19-da “OceanGate Expeditions” şirkəti turistləri “Titanik”in batdığı sualtı əraziyə apardığı zaman əlaqənin kəsildiyi açıqlanmışdı. Üç gün sonra ABŞ Sahil Mühafizəsinin Şimal-şərq bölməsi “Titanik” yaxınlığında dağıntıların aşkar edildiyini bildirdi və bunların “Titan”ın hissələri olduğu təsdiqləndi. Araşdırmalar zamanı məlum oldu ki, sualtı qayıq okeanın dərinliklərində partlayıb və bütün sərnişinləri ölüb. “Titan”ın göyərtəsində “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raş, fransız akvanavt Pol-Henri Narjolet, təyyarə satışı ilə məşğul olan “Action Aviation” şirkətinin sahibi britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olub.