Dünya çempionatına lisenziya əldə etmiş idmançılarla görüş
İdman

Dünya çempionatına lisenziya əldə etmiş idmançılarla görüş

Mayın 15-də Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Almaniyanın Hannover şəhərində keçirilmiş beynəlxalq turnirdə iştirak etmiş güllə atıcılığı idman növü üzrə milli komandanın üzvlərini qəbul edib.

Komitəsdən verilən məlumatda bildirilir ki, görüşdə MPK-nın icraçı direktoru Eldar Babayev, prezidentin köməkçisi-idman şöbəsinin müdiri Kamal Məmmədov, milli komandanın baş məşqçisi Əfqan Əhmədov və komandanın digər üzvləri iştirak ediblər.

Komitə prezidenti İlqar Rəhimov beynəlxalq turnirdə uğurla iştirak edərək dünya çempionatına lisenziya əldə etmiş idmançıları təbrik edib. Komitə prezidenti 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatına hazırlıqlarla bağlı baş məşqçiyə müvafiq tapşırıqlar verib və komanda üzvlərinə uğurlar arzulayıb. İlqar Rəhimov bildirib ki, məqsəd növbəti Yay Paralimpiya Oyunlarına daha böyük heyətlə qatılıb ölkəmizi layiqincə təmsil etməkdir.

Güllə atıcılığı üzrə milli komandanın baş məqçisi Əfqan Əhmədov öz növbəsində komandanın hazırki fiziki və psixoloji vəziyyəti barədə məlumat verərək bildirib ki, idmançılar hazırda qarşıdan gələn dünya çempionatına hazırlıqlarını davam etdirir.

Qeyd edək ki, Almaniyanın Hannover şəhərində keçirilmiş beynəlxalq turnirdə millimiz 4 gümüş və 1 bürünc medal əldə edib.