İSVEÇ TÜRKİYƏYƏ GÖRƏ YENİ QANUN QƏBUL EDİB
İsveçin baş naziri Ulf Kristersson yeni terrorla mübarizə qanunu qəbul etdiklərini və ən qısa zamanda NATO-ya üzv olmaq istədiklərini bəyan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir NATO üzvlüyünə müraciət prosesinin bir hissəsi olaraq terrorla mübarizədə addımlar atdıqlarını dilə gətirib.
Bununla yanaşı, Ulf Kristersson yeni qanunun tezliklə qüvvəyə minəcəyini deyib: “Yeni qanun bizim daha güclü müttəfiq olduğumuzu sübut etməyə kömək edəcək”.
Baş nazir İsveçin NATO üzvlüyünün 5 həftə sonra alyansın Vilnüsdə keçiriləcək sammitində ciddi qəbul edilməsinin lazım olduğunu vurğulayıb. “Ötənilki sammitdən bəri 29 müttəfiq İsveçin üzvlüyünü ratifikasiya edib. Yalnız Türkiyə və Macarıstan qalır. İsveç Türkiyə ilə terrorla mübarizə mövzusunda razılaşma əldə edib”, - deyə Kristersson əlavə edib.
Eyni zamanda, baş nazir yeni terrorla mübarizə qanununda terror təşkilatına qoşulma, onu təbliğ etmə və dəstəkləmənin qeyri-qanuni sayılacağını açıqlayıb: “İsveç Türkiyəyə və onun milli təhlükəsizliyinə qarşı təhdidlərlə bağlı bu ölkənin yanındadır və PKK başda olmaqla bütün terror təşkilatlarını pisləyir”.
NATO XİN BAŞÇILARI UKRAYNA VƏ KOSOVODAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİR
Ukrayna və Kosovodakı vəziyyət NATO ölkələrinin xarici işlər nazirlərinin Osloda keçirilən ikigünlük görüşünün əsas mövzusudur. “Trend” agentliyinin məlumatına görə, çərşənbə günü başlayan görüş qeyri-rəsmi xarakter daşıdığı üçün onun proqramının qalan hissəsi rəsmən elan edilməyib.
Verilən xəbərə görə, Brüsseldəki diplomatik mənbələr və Avropa mediasının məlumatına əsasən, iştirakçılar, həmçinin alyansın iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq və hərbi xərclərin artırılması məsələlərini müzakirə edəcəklər.
Eyni zamanda, “Politico” qəzetinin yazdığına görə, görüşdə, hərbi münaqişə səbəbindən alyansa daxil ola bilməyən Ukraynaya Vilnüs sammitində nə vəd edilə biləcəyi məsələsi də diqqət mərkəzindədir.
Bildirilir ki, görüş zamanı NATO-nun Ukraynaya növbəti hərbi yardımı da müzakirə mövzusudur. 2022-ci ilin fevral ayının sonundan indiyədək alyansın heç bir iclası bu məsələ müzakirə olunmadan keçirilməyib.
RUSİYANIN ALMANİYADAKI DÖRD KONSULLUĞU FƏALİYYƏTİNİ DAYANDIRIR
Almaniya hökuməti bu ölkədə fəaliyyət göstərən beş Rusiya konsulluğundan dördünü bağlamaq niyyətindədir. Bu barədə “Report” agentliyi Almaniya hökumətinin bəyanatına istinadən xəbər verib
Məlumata əsasən, rəsmi Berlin artıq Rusiyanın Almaniyadakı Baş Konsulluğunun ilin sonunadək bağlanmasının zəruriliyi barədə rəsmi Moskvanı məlumatlandırıb.
Bununla yanaşı, qərara görə, Almaniyanın Kalininqrad, Novosibirsk və Yekaterinburqdakı konsulluqları da bağlanacaq.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Rusiyanın Berlindəki bir konsulluğuna və səfirliyinə işləməyə icazə verildiyini açıqlayıb.
Mətbuat katibi bu qərarın rəsmi Moskvanın Rusiyada fəaliyyət göstərən Almaniya müəssisələrinin əməkdaşlarının sayının 350 nəfərə qədər endirilməsi qərarına cavab olaraq qəbul edildiyini bildirib.
AEBA İRANIN MƏXFİ NÜVƏ OBYEKTLƏRİNDƏ TƏHQİQAT APARIR
İranda fəaliyyət göstərən üç məxfi nüvə təsisatı ilə bağlı təhqiqatlar davam edir. “Report” agentliyinin xəbərinə görə, bunu Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb.
AEBA rəhbərinin sözlərinə görə, agentliyin İrandakı nüvə proqramının vəziyyəti ilə bağlı hesabatı yaxın günlərdə dərc olunacaq. “İranla bir sıra məsələlər üzərində işləyirik. Biz onların bəziləri üzrə irəliləyiş əldə etsək də, bəziləri hələ də sual altındadır. Belə demək mümkünsə, çox mürəkkəb problemlər toplusudur. Üç fərqli yerdə vəziyyətə aydınlıq gətirməliyik”, - deyə Rafael Qrossi əlavə edib.
Bununla yanaşı, baş direktor qeyd edib ki, Tehranda imzalanan birgə bəyannaməyə əsasən agentliyin müfəttişlərinin İranda zəruri fəaliyyətlərinin davam etdirməsi ilə bağlı razılıq əldə olunmuşdur və bura AEBA-nın əlavə monitorinq imkanlarına sahib olmaq məsələsi də daxildir.
CON KİRBİ: RUSİYA ƏRAZİLƏRİNƏ EDİLƏN HÜCUMLARI DƏSTƏKLƏMİRİK
Cozef Bayden administrasiyası Ukraynaya açıq şəkildə, həmçinin ayrılıqda Rusiya ərazilərinə hücumları dəstəkləmədiyini bildirib. “CNN” telekanalının verdiyi xəbərə görə, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə kordinatoru Con Kirbi Moskvaya edilmiş dron hücumlarına münasibət bildirərkən qeyd edib.
“Biz Ukrayna təfərinə ölkə ərazisini müdafiə etmələri üçün lazım olanları verməyə davam edirik, lakin biz Rusiyanın daxilinə hücumları dəstəkləmirik. Biz onları Rusiyanın daxilinə hücumları mümkün etmək və ya buna cəsarətləndirmək istəmirik, çünki biz müharibənin daha da eskalasiyasını istəmirik”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.
Eyni zamanda, Con Kirbi Ukraynanın dron hücumlarının arxasında olub-olmaması ilə bağlı məlumat olmadığını, ABŞ-ın hələ də baş verənləri anlamağa çalışdığını əlavə edib.
Con Kirbi həmçinin Ukrayna rəsmil
əri tərəfindən ABŞ hərbi vasitələrindən Rusiyanın daxilinə zərbə endirmək üçün istifadə edilməyəcəyi təminatı verildiyini xatırladıb.
İRAN-ƏFQANISTAN SƏRHƏDİNDƏ VƏZİYYƏT STABİLLƏŞİB
İran və Əfqanıstan dövlət sərhədində vəziyyət stabilləşib. “Tasnim” xəbər agentliyinin məlumatına görə, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi bildirib. Nazirin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yaranan insidentə görə sərhəddə baş verən toqquşmalar dayanıb, İran və Əfqanıstan sərhədində vəziyyət normallaşıb.
Bununla yanaşı, nazir ölkə sərhədindəki insidenti şərh edərkən qeyd edib ki, vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var. Bunlardan ən əsası bir sıra dövlət məmurlarının səriştəsizliyi və əfqan sərhədçilərinin peşəkarlığının aşağı səviyyədə olmasıdır.
Eyni zamanda, İranlı nazir Əfqanıstan rəsmilərinə ehtiyatlı olmağı, əfqan sərhədçilərini gərginlik yaratmamaq barədə xəbərdar etməyi tövsiyə edib.
Xatırladaq ki, son günlərdə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində İran sərhədçiləri ilə “Taliban” qüvvələri arasında toqquşmalar baş verib. İran mətbuatının yaydığı xəbərə əsasən, qarşıdurma zamanı bir iranlı sərhədçi həlak olub.
ALİMDƏN QARA DƏNİZLƏ BAĞLI XƏBƏRDARLIQ
Türkiyəli alim, geoloq Osman Bektaş Qara dəniz yaxınlığında yaşayan hər kəsi gözləyən təhlükədən danışıb. Bu barədə “Report” agentliyinin məlumatında qeyd olunur.
Alim hesab edir ki, dənizin məhv olmasının qarşısını almaq və ya bunu dayandırmaq mümkün deyil. O qeyd edib ki, qlobal istiləşmə onun strukturuna təsir edir.
Osman Bektaşın sözlərinə görə, Qara dəniz üç qatdan ibarətdir. Onun dibində zəhərli qazlar mövcuddur və ortada temperaturun səkkiz dərəcədən yüksək olmayan ara təbəqəsi var. Məhz o, kondisioner rolunu oynayır və yuxarıda oksigenlə zəngin, balıq və digər dəniz canlıları yaşayır.
Eyni zamanda, Osman Bektaş qlobal istiləşmə səbəbiylə orta “qoruyucu” təbəqənin incəlməyə başladığını açıqlayıb.
“Zəhərli qazlarla zəngin olan alt təbəqə gələcəkdə üst təbəqə ilə qarışacaq və dənizə yaxın yaşayanları təhdid edəcək. Artıq bunu düzəltmək mümkün deyil”, - deyə Türkiyəli alim vurğulayıb.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.