DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BRİTANİYA RƏSMİSİNDƏN NÜVƏ MÜHARİBƏSİ İLƏ BAĞLI XƏBƏRDARLIQ

Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Stiven Lavqrouv mümkün nüvə müharibəsi riski barədə xəbərdarlıq edib. “Teleqraf.com”un xəbərinə görə, o, nüvə müharibəsinin təsadüfən başlaya biləcəyini diqqətə çatıdırıb.

Müşavir dünyanın yeni və təhlükəli dövrə qədəm qoyduğunu, həmçinin Qərbin Çin və ya Rusiya ilə təsadüfən nüvə müharibəsinə getməsi ehtimalının olduğunu vurğulayıb.

Qərbin Çin və Rusiya ilə əlaqəni kəsdiyini qeyd edən Stiven Lavqrouv, bu vəziyyətin nüvə münaqişəsinin təsadüfən başlama riski yarada biləcəyini iddia edib.

Eyni zamanda, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinə müraciət edən Lavqrouv NATO-nun strateji sabitliyinin risk altında olduğunu da bildirib.

“Çinin nüvə modernləşdirilməsi proqramı ilə bağlı açıq narahatlıqlarımız mövcuddur. Bu proqram sayəsində Çin arsenalındakı nüvə silah sistemlərinin həm sayını, həm də növünü artıracaq”, - deyə Böyük Britaniyanın təhlükəsizlik müşaviri fikrini yekunlaşdırıb.

 

YAPONİYA HÖKUMƏTİNDƏN RUSİYAYA ÇAĞIRIŞ

Yaponiya hökuməti Rusiyanı Kuril adalarının cənub rayonlarında hərbi təlim keçirməkdən imtina etməyə çağırıb. “Report” agentliyinin məlumatına görə, bunu Yaponiya hökuməti baş katibinin müavini Yosixiko İsodazaki bildirib.

“İyulun 27-də diplomatik kanallar vasitəsilə Rusiyaya regionda, o cümlədən şimal rayonlarında hərbi təlimlə bağlı təqdimat göndərmişik. Çünki bu təlimin keçirilməsi ölkəmizin ərazi məsələsi ilə bağlı mövqeyinə ziddir”, - deyə hökumət rəsmisi qeyd edib.

Yosixiko İsodazakinin sözlərinə görə, Rusiya hərbçilərinin regionda, xüsusi ilə Ukraynada davam edən müharibə fonunda belə fəallaşması rəsmi Tokionun narahatlığına səbəb olub.

Məlumata əsasən, bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyi bölgədə “Vostok-2022” adı altında təlimlər keçirilməsinin planlaşdırıldığını açıqlamışdı. Təlimlərin avqustun 30-dan sentyabr 5-dək Şərq Hərbi Dairəsinin 13 poliqonunda keçirilməsi nəzərdə tutulur.

 

İRANDA YENİ TƏDQİQAT REAKTORU INŞA OLUNACAQ

Yaxın həftələrdə İranın İsfahan şəhərində tədqiqat reaktorunun tikintisi rəsmi olaraq başlayacaq. “APA”nın xəbərinə görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, layihə tamamilə yerli mütəxəssislərin səyi ilə baş tutacaq. O, deyib: “Layihə nüvə enerjisi istehsalımızın tədqiqat, qiymətləndirmə, sınaq və təminat zəncirini tamamlayacaq".

Eyni zamanda, 10 min meqavat nüvə enerjisinin istehsal edilməsinin planlaşdırıldığını vurğulayan Məhəmməd İslami qeyd edib ki, İranın nüvə proqramlarının əsas məqsədi yerli elektrik stansiyalarının gücünü artırmaqdır. “Davamlı nüvə enerjisi istehsalı 1000 meqavata bərabərdir və biz 2000 meqavat nüvə enerjisi istehsal edirik və 10 min meqavat yeni nüvə enerjisi istehsal etməyi planlaşdırırıq”, - deyə o əlavə edib.

Nüvə enerjisi proqramında beynəlxalq və yerli tərəfdaşlığı alqışladıqlarını bildirən təşkilat rəhbəri qeyd edib ki, bu istiqamətdə beynəlxalq tərəfdaşlıq əlaqələrindən istifadə edəcəklər, lakin heç kimdən asılı olmayacaqlar.

 

MARSA HELİKOPTERLƏR GÖNDƏRİLƏCƏK

NASA Marsa iki ədəd xırda helikopter yollamaq niyyətindədir. “Report”un verdiyi xəbərə görə, bu məlumatı NASA-nın mətbuat xidməti yayıb. Bildirilib ki, həmin helikopterlər Yerə Marsın dağlarından və torpağından nümunələr gətirmək üçün göndərilir.

“Helikopterlərdən birinin 2027-ci ilin payızında, o birinin isə 2028-ci ilin yayında göndərilməsi planlaşdırılır. Onların Marsdan dağ-qaya və torpaq nümunələrinin xüsusi raketlərə yükləyəcəyi gözlənilir. Həmin yükün 2033-cü ildə Yerə qayıdacağı nəzərdə tutulub", - deyə açıqlamada qeyd olunur.

Məlumata əsasən, mini helikopterlərin çəkisi 1,8 kiloqram təşkil edir. Onlara təkərlər və tutma qolları quraşdırılacaq. Helikopterin layihələndirilməsi bu ilin oktyabrında başlayacaq. Bu mərhələnin 12 aya yaxın sürəcəyi gözlənilir.

Xatırladaq ki, hazırda Marsda NASA-nın “Perseverance” adlı uçan aparatı fəaliyyət göstərir. O, 2021-ci ilin fevralında Qırmızı planetə göndərilib. Həmin aparatın tapşırığı Marsda torpaq və qaya nümunələri götürüb onları tədqiq etməkdir.

 

ABŞ VƏ ÇİN ARASINDA GƏRGİNLİK ARTIB

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər edəcəyi xəbəri yayılandan sonra Vaşinqton-Pekin arasında gərginlik artıb. Bu barədə “Teleqraf.com” məlumat yayıb.

Verilən xəbərə əsasən, Çin rəsmiləri Nensi Pelosinin mümkün səfərinin Çin-ABŞ münasibətlərinin təməlinə ciddi zərbə vuracağını bildirərək bu səfərin qəti əleyhinədirlər.

Eyni zamanda, qeyd edilir ki, ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisi isə artıq Cənubi Çin dənizinə yerləşdirilib. Çinin bununla bağlı reaksiyası isə gecikməyib.

Belə ki, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bildirib ki, Cənubi Çin dənizi və Asiya regionunun sülh və sabitliyinə kimin ən böyük təhlükə olduğu aydındır.

Məlumat üçün qeyd edək ki, Nensi Pelosinin aprelin 10-da Tayvana səfəri “COVID-19” testinin müsbət çıxması səbəbindən təxirə salınıb. Təxirə salınmış səfərin tezliklə baş tutacağı ilə bağlı xəbərlər isə hələlik öz təsdiqini tapmayıb.

 

KİM ÇEN IN ÖLKƏSİNİN ABŞ-LA İSTƏNİLƏN QARŞIDURMAYA HAZIR OLDUĞUNU BİLDİRİB

Şimali Koreya ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır. “Trend” xəbər verir ki, bunu Şimali Koreyanın lideri Kim Çen In Koreya Müharibəsinin başa çatmasının ildönümü ilə bağlı çıxışı zamanı bəyan edib.

“Bir daha vurğulayıram ki, Koreya Xalq Demokratik Respublikası ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır", - deyə Kim Çen In vurğulayıb. Onun sözlərinə görə, rəsmi Pxenyan zərurət yaranarsa, nüvə qüvvəsini səfərbər etməyə hazırdır.

Eyni zamanda, KXDR lideri əlavə edib ki, ABŞ Şimali Koreyanın fundamental maraqlarını kobud şəkildə pozmağa və onun təhlükəsizliyinə qəsd etməyə davam edərsə, bu, böyük böhrana səbəb olacaq.

 

QRENLANDİYADA BİR NEÇƏ GÜNƏ 30 MİLYARD TON BUZ ƏRİYİB

İsti hava səbəbindən Qrenlandiyanın  buz ehtiyatlarının əhəmiyyətli bir hissəsi əriyib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Gizmodo” nəşri məlumat yayıb.

Bildirilir ki, iyulun əvvəlində Qrenlandiyada bir neçə gün ərzində güclü istilər müşahidə edilib. Ölkənin bəzi yerlərində temperatur 15,5 dərəcə ətrafında olub ki, bu da iyul ayı üçün normadan 10 dərəcə yüksəkdir.

Məlumata əsasən, bu qeyri-adi yüksək temperaturlar Qrenlandiyanın buz təbəqəsində geniş yayılmış qar və buzların əriməsinə səbəb olub. Cəmi bir neçə gün ərzində - iyulun 15-dən 17-dək buz təbəqəsi təxminən 18 milyard, iyulun 20-dən 23-dək isə 30 milyard tonadək su itirib.

Verilən xəbərə görə, ötən həftə buzların ərimə sürəti zəiflədi və iqlim normasına yaxınlaşdı, lakin bu artım hələ də klimatoloqları narahat edir. Alimlərin sözlərinə görə, Qrenlandiyada bütün buzlar ərisə, dəniz səviyyəsi təxminən 8 metr qalxacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.