Digər xəbərlər

"Armeniya" ərazisinin həqiqi sakinləri haqqında

Erməni saxtakarlığına tutarlı cavab

...Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Ötən əsrlərdə Azərbaycan Ermənistan tərəfindən dəfələrlə hücumlara məruz qalıb. Haylar təkcə ərazilərimizə göz dikməyiblər. Tariximizdən tutmuş musiqimizə, mətbəximizə kimi bütün dəyərlərimizə sahib olmağa çalışıblar. Özlərinin yalançı dövlətçilik siyasətini daha da genişləndirmək məqsədilə Azərbaycanın sahib olduğu bütün maddi-mədəni dəyərlərinə tamah salıblar. Əvvəlcə ərazilərimizi - əsasən, İrəvan xanlığını zəbt etdilər. Daha sonra Qarabağ torpaqlarında məskən saldılar. Beləcə, tam yerlərini rahatlayandan sonra özlərini regionun "sahibi" və "Hayastan" nümayəndələri kimi təqdim etdilər.

Qəzetimizin 13 iyun tarixli nömrəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya..." seriyasından olan kitablar barədə geniş məqalə dərc etmişdik.

Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında" kitabında tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı - Zəngəzur qəzası, Göyçə mahalı, Qarabağ torpaqları və digər ərazilərimizin haylar tərəfindən necə işğal edilməsindən söhbət açılır. Eyni zamanda, ermənilərin qondarma tarixlərini və özlərini necə qədim dövlətlərə calaq etmək istəkləri ifşa edilir.

Kitabda ümumilikdə İrəvan xanlığı və ətraf ərazilərin həqiqi sakinləri haqqında çox geniş və müfəssəl məlumat verilir. Tarixi Azərbaycan torpaqlarından zamanla mərhələli şəkildə didərgin salınan, dəfələrlə deportasiya siyasətinə məruz qalan azərbaycanlıların yaşadıqları faciələrdən bəhs edilir. Həmçinin, hayların "Armenian / Erməni" adını çox sonralar mənimsəmələri məsələsinə də toxunulur. Tarixin özündə belə, yerləri yanlış olan ermənilər bütün dövrlərin baş bəlası olub. Bu üzdəniraq millət tarix boyu bütün gəzdikləri coğrafiyalara qarşı ərazi iddiasında olublar. Yeri-yurdu məlum olmayan haylar fürsət düşən kimi özlərini qədim tarixin ən mötəbər zamanlarına da "calamağı" unutmamışlar. Lakin tarixi faktlar, sənədlər, araşdırmalar həqiqətin nədən ibarət olduğunu aydın şəkildə göstərir. Bu mənada, Kamran İmanovun haqqında söz açdığımız kitabı haylara və onların saxta tarixlərinə ən tutarlı cavabdır.

Mövzunun aktuallığını, erməni saxtakarlığını ifşa edən tarixi faktların əhatəliliyini və oxucu marağını nəzərə alaraq kitabdan həmin məqaləni təqdim edirik.

"Respublika". 

(əvvəli 11 iyul tarixli sayımızda)

İ.Dyakonovun fikrincə, amoreylər, hətta hürrilər də, burada sonralar yaşamışlar. Burada İ.Dyakonovun İ.E.Qelbə (G.J.Gelb, "Ebla and the Kish Civilization", "La Lingua di Ebla", Napoli, 1981) istinadla bir fikrini xüsusi vurğulamaq yerinə düşərdi: "…Eblait mətnlərinin toponimikası xürrit, şumer və sami mənşəli deyildir (buraya Hind-Avropa dillərini də əlavə edə bilərik), hələlik tamamilə sirr olan daha qədim etnik substratdır".

Daha sonra İ.Dyakonov yazır ki, "bəzi elmi" dairələrdə Ebla ilə qonşu olan Armanum şəhərinin adı və tez-tez mətnlərdə rast gələn "ar-miki" toponimi və ya etnonimi müstəsna marağa səbəb olmuşdur. Və həmin adla burada ermənilərin ulu babalarını görmək mümkün deyilmi? - deyə ümid yaratdı". İ.Dyakonov inandırıcı arqumentlərlə sübut edir ki, "ermənilərin III minillikdə Suriyada mövcudluğu barədə fərziyyə inandırıcı deyildir", eblait mətnlərində xatırlanan "ermənilər haqqında mif" isə "İncil şəhərləri haqqındakı mif kimi məhvə məhkumdur". İlk öncə ona görə ki, "Ebladan olan çoxsaylı şəxsi adlarda, toponimikada erməni, yaxud digər Hind-Avropa linqvistik elementinin olmasına dair heç bir işarə belə yoxdur". O da bəllidir ki, "ermənilər bütün tarixləri boyu özlərini bu cür adlandırmamışlar". Pers termini Arminiya, yunan termini Apmeviov "şübhəsiz ki, ermənilərin hayk qonşuları tərəfindən onların yaşadıqları cənub ətrafındakı hansısa toponimə görə yaradılmışdır və "bu toponimin burada daha əvvəllər, erməni etnosunun yaranmasından minilliklər öncə mövcud ola biləcəyini inkar edən səbəb yoxdur", e. ə. III minilliyin qədim Suriya şəhərinin adı ilə e.ə. VI əsrdən bizim eraya qədər yabançı ölkələrin erməni xalqına verdiyi adın oxşarlığı sadəcə bir təsadüfdür.

Öz tərəfimizdən əlavə edək ki, görkəmli alimin hay-erməni dairələrinə bu cür elmi cəhətdən əsaslandırılmış və dəqiq cavabı daha da sərt ola bilərdi, çünki e.ə. VI əsrdən bizim eraya qədər hay-ermənilər yox, toponim olan Armeniya adlanan torpaqlarda yaşayan armeniyalılar erməni adı daşıya bilərdi.

O ki qaldı ar-miki etnoniminə, İ.Dyakonovun da qeyd etdiyi kimi, çox ehtimal ki, burada Armanum şəhərinin sakinlərinin adını, yaxud hər kəsə bəlli olan sami etnonimi armi, arami, arammi terminlərini görmək lazımdır, hansılar ki, əvvəllər, yəni II minilliyin sonunda qeydə alınmış müəyyən samilər qrupuna şamil edilən arameylərə aid edilmirdi...

İş burasındadır ki, Arami etnonimi (armi, arami və s. yiyəlik forması) e.ə. II minilliyin əvvəlində amorey şəcərələrində, həmçinin İncilin qədim yəhudilərin, arameylərin və ərəblərin epiteti qismində qeyd edilmişdir və ehtimal ki, ümumiyyətlə, "nomadlar" anlamını daşıyırdı,        çünki nə amoreylər, nə yəhudilər, nə də ərəblər müasir elmdə aramey adlandırılan sami dilində danışırdılar".

Professor İ.Dyakonovun fikirləri ilə bütövlükdə razılaşaraq, hesab edirik ki, Arman, Armi adlarının mənşəyi Arameyaya qədərki Aramu termini ilə əlaqəli ola bilər, lakin bu əlaqə mütləq deyildir və bu barədə ətraflı araşdırmalar aparmaq tələb olunur. Üstəlik, professor F.Ağasioğlu (Cəlilovun) "Azər xalqı" adlı elmi işində Arman toponiminin türk xalqlarının onomastikasında geniş istifadəsini sübut edən arqumentlər irəli sürülmüş və bu etnonimin müəllif tərəfindən türk tayfalarına       aid etdiyi subarey tayfası "ermenlərin" adı olaraq qəbul edilməsi təklif olunur.

Bununla yanaşı, türk dillərində "meşə-ağac" mənasında günümüzdə də istifadə edilən bu terminin mənşəyinin "arman-orman" sözündən də qaynaqlanması istisna deyil. Bu versiya tarixçi-dilçi E.Əlili tərəfindən və mərhum türk professoru F.Kırzıoğlunun bir sıra araşdırmalarında (məsələn, "Türk tarihinde Ermeniler" kitabında) Arme / Erme termininin coğrafi anlayış kimi şərhi verilmişdi. Və nəhayət, dərc etdiyimiz bir sıra araşdırmalarımızda, biz bu terminin Nairi ittifaqından olan turan xatt tayfasına aid olduğunu göstərmişdik. Bu barədə daha sonra deyiləcək. Beləliklə, Armeniya / Arminiya və müvafiq olaraq, Armanum və Armi terminlərinin nə müasir ermənilərə, nə samilərə, nə də Hind-avropalılara heç bir aidiyyəti yoxdur.

Və bu bölmənin sonunda professor C.Kempbellin bir maraqlı fikrini sitat gətirmək istərdim: "Arminiyanın və Persiyanın erkən tarixi turan ənənələri və sənədləri sayəsində əldə edilmişdi. Eyni ilə Radjinin Tarangini tarixinin ("Kaşmir hökmdarlarının tarixi") böyük bir qismi də məhz turan mənbələrinə əsaslanırdı. Turanlı Kiçik Asiyanın sayəsində nəinki Qərbdə yunan tarixçiləri öz tarixlərini təsəvvür edə bilmişlər, həmçinin digər tarixçilər də illiriyalıların, etruskların, keltlərin qoruyub saxladığı kitabə ənənələrindən qaynaqlanmışlar. Məhz kelt və skandinav müəlliflərin qoruyub saxladığı ən qədim yazılardakı ənənələr, daha mədəni turan xalqlarının ənənələri ilhaq edilmişdi" (John Campbell "The Hittites. Their Inscriptions and their History", 1890, ingilis dilində; tərcümə bizimdir).

II. 3. Tərkibində "arm" olan hər bir terminə əl atan hay-ermənilər təbii ki, Strabonun "Coğrafiya"sında adı hallanan Armen / Armenusdan yan keçə bilməzdilər (burada qeyd etmək yerinə düşərdi ki, erməni tarixçisi S.Ayvazyanın fikrincə, "armatura" sözü də öz tərkibində "arm" birləşməsini daşıyan bütün terminlər kimi hay-erməni mənşəlidir). Strabonun qeydləri həm də ona görə maraqlıdır ki, Araz çayının etimologiyasına yenidən nəzər salmağa imkan verir. Xatırladaq ki, qızıl axtarışında olan arqonavtlara Armenin başçılığı ilə fessaliyalıların da qatıldığını təsvir edən yunan mifologiyasını əsas götürərək, Strabon yazırdı: "Rəvayətə görə, Yason fessaliyalı Armenlə Kolxama səyahəti etdiyi zaman, Xəzər dənizinə qədər gedib çıxmışdı, sonralar isə, burada mövcud olan pirlər və abidələrin də sübut etdiyi kimi, İberiyanı, Albaniyanı, həmçinin Armeniyanın və Midiyanın böyük hissəsini ziyarət etdi. Deyilənə görə, Armen əslən Armeniyadan, Bibeid gölünün yanında, Ferra və Larissanın arasında yerləşən şəhərlərdən birindən idi və guya onun yoldaşları Kalaxanı və Adiabenadan əvvəl Akilisenada və Sisparidada məskən salmışdılar. Armeniyanın adı da Armen ismindən qalmışdır" (xətt bizimdir). Şübhəsiz ki, Yason və Armen haqqında Strabonun yazdıqları mifoloji əsaslara dayanır, lakin bəzən miflər tarixdə nə vaxtsa baş verən hadisələrin reminissensiyasını, keçmişin izlərini əks etdirir. Göründüyü kimi, Makedoniya dövrünün antik müəllifləri arasında da Armeniya coğrafi adını, fessaliyalı Armenin xatirəsi ilə əlaqəli təsəvvür edənlər var. Demək ki, Armeniya adının yaranmasına görə biz Troyadan əvvəlki dövrün qəhrəmanları olan Yason və Armenə borcluyuq. Mövzunu davam edərək, Strabon Araz çayının etimologiyasını izah edir: "Belə ehtimal var ki, Armen və onun yoldaşları Arazı Peney çayına oxşarlığına görə eyni adla adlandırıb, axı Peney çayı da Araz adlandırılıb, çünki bu çay Ossanı Olimpdən qoparıb, yararaq Temney vadisini yaradıb". [2. XI, 14. 13]. Burada bəzi izahlara ehtiyac var. Fessaliyanın Peney çayı Ossa və Olimp dağlarını ayırır və Temney vadisinə axın edir. Bəs bu oxşarlıq nədən ibarətdir? Söhbət ondan gedir ki, qədim Fessaliya pelasqların məskəni olub və bir sıra mənbələrə əsasən, köçəri qəbilə olan pelasqlar turan Xatt qəbilələri ilə əlaqəlidirlər. Və belə bir ehtimal irəli sürülür ki, etruskların əsli pelasqlara dayanır. Demək ki, Kiçik Asiyanın Araz çayı və Fessaliyanın Peneyi çayı arasındakı oxşarlıq sadəcə onların adındadır. Qeyd etmək yerinə düşərdi ki, məlum olan tarixi mətnlərdə Araz çayının adının ən qədim mənbəyi e.ə. VIII-VII əsrlərə dayanan Assuriya çarı Sennaxerimin kitabələridir. Bu mətnlərdə qeyd olunur ki, "qələbə qazandıqdan və Babilin fəthindən sonra bu şəhərin sakinlərindən bir qismini Araz çayının sahillərinə köçürdüm". Araz çayının adı həmin məlumatda "Arakhti" kimi keçir (Austen Layard "Discoveries at Nineven and Babylon", N.-Y., 1853). Başqa sözlə desək, Araz hidroniminin adı 2800 il bundan əvvəl qeyd olunmuşdur. Sözügedən çay adlarının oxşarlığına aydınlıq gətirmək, bu oxşarlığın təsadüfi olmadığını anlamaq üçün qədim Fessaliya diyarına qayıtmağımız zəruridir. Araşdırmalarımız onu göstərdi ki, turan mənşəli pelasqların məkanı olan bu torpaqlarda həqiqətən də Armeniya / Ormeniya adlı şəhər var idi və indi Peney adlanan Araz çayı da məhz bu ərazilərdən axırdı. Beləliklə, fessaliyalı Armenin adı Araz çayının da mövcud olduğu Armeniya şəhərinə qoyulmuşdu, Armen və onun yoldaşları Anadolu dağlarından qaynaqlanan çaya da Araz adını vermişlər. Strabonun təsvir etdiyi bu mifoloji süjetdən belə bir açıq-aydın nəticə çıxarmaq olar ki, nə Strabonun özü, nə də ondan sonrakı antik müəlliflər "Armeniya / Arminiya" toponimini nə o dövrün armen (armin) etnosu, nə də indiki hay-erməni etnosu ilə bağlamırdılar. Və bununla da "Armeniya" coğrafi termininin yaranması və antik mətnlərdə adı getməsi hay-erməni etnosunun və erməni dilinin yaranmasını tarixi səhnədə "Armeniya" coğrafi adının peyda olması ilə əlaqələndirən müasir tarixçilərin mülahizələrini təkzib edir. Tanınmış rus alimi İ.Dyakonov da hesab edirdi ki, bu mülahizə "sadəlövhdür və təminedici deyil" (İ.M.Dğəkonov "Predıstoriə armənskoqo naroda". Er., 1968).

(davamı növbəti saylarımızda)