Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Köln Mərkəzi Məscidi

Avropanın ən böyük məscidi Almaniyanın Köln şəhərində inşa edilib. Ehrenfeld istiqamətində köhnə fabrikin yerində tikilən Mərkəzi Məscidin layihəsi  Dəyanət İşləri Türk İslam Birliyi (DİTİB) tərəfindən hazırlanıb. 2005-ci ildə 100-dən çox memarın iştirakı ilə keçirilən beynəlxalq müsabiqəyə təqdim olunan layihələr arasında dünyaşöhrətli memar, professor Gottfried və Paul Böhmün layihəsi birinci yerə seçilib. İnşasına 2009-cu ildə başlanan məscid maraqlı və gözəl dizayna malik tikililərdən biridir.  Təqribən 20 milyon avroya başa gələn tikintidə 4 mindən artıq insan çalışıb.

4500 kvadratmetr sahədə inşa edilən məscid bir günbəz və iki minarədən ibarətdir. Günbəzin hündürlüyü 35, minarələrinin uzunluğu isə 55 metrdir. Binanın memarı Paul Böhm nadir və çox fərqli bir üslubda tamamilə müasir bir görünüşə malik  məscid ərsəyə gətirib. Klassik Osmanlı memarlığından fərqlənən Köln Mərkəzi Məscidinin fasadı boz rəngdə dizayn edilib. Əsasən beton konstruksiyadan və əyri xətlərdən ibarət  binanın  ön tərəfində böyük şüşə səthlər quraşdırılıb. Məscidin birinci mərtəbəsində ibadət yeri ilə yanaşı, İslam dinini əks etdirən əsərlərdən ibarət kitabxana geniş fəaliyyət göstərir. Məsciddə bütün dinlərin nümayəndələrinin ziyarət edə biləcəyi  ibadət salonları var.  Fasadı balanslaşdırılmış işıqlandırma sistemi ilə təchiz edilmiş ibadət evi  daxili memarlıq baxımından bir çox məscidlərdə olduğu kimi, yuxarıya doğru daralan konusvari şəkildə inşa olunub.

Ənənəvi məscidlərdən fərqli olan binada eyni anda 2000-dən çox  insan ibadətlə məşğul ola bilər. 

 

«Bəxt köşkü» sarayı

Müasir Türkmənistanın yeni simvolu olan «Bəxt köşkü» kompleksi Aşqabadın cənub-qərb hissəsində inşa olunub. 2011-ci ildə istifadəyə verilən saray Türkmənistan hökumətinin tapşırığı ilə Türkiyənin Polimeks tikinti şirkəti tərəfindən layihələndirilib.   

Sahəsi 38.000 kvadratmetrdən çox olan 11 mərtəbəli bina hər tərəfi səkkizguşəli ulduza bənzəyən üçmərhələli nəhəng strukturdan ibarətdir. Binanın yuxarı hissəsində quraşdırılan kubun diametri 32 metrdir. Kubun mərkəzi hissəsində “Şamçıraq” adlanan  şadlıq sarayı yerləşir. Dörd giriş qapısı olan köşkün şüşə kürəsinin hər iki səthində titandan hazırlanmış Türkmənistan xəritəsi diqqəti cəlb edir. Milli ornamentlərlə bəzədilən «Bəxt köşkü»ndə yeddi banket zalı, 36 mağaza, iki kafe, toy xidmətlərinin göstərilməsi üçün məntəqələr fəaliyyət göstərir. Burada, həmçinin toy geyimləri və zinət əşyalarının icarəsi, toy avtomobillərinin dekorasiyası, foto və gözəllik salonu və 22 rahat otaqdan ibarət mehmanxana yerləşir. Üçüncü və dördüncü mərtəbələr inzibati idarə və arxivlərdən ibarətdir. Binanın altında 300 maşının yerləşəcəyi qapalı dayanacaq  var. Ağ mərmərlə üzlənmiş möhtəşəm sarayın  dörd tərəfi fəvvarələr və dekorativ bitkilərlə əhatə olunub.

Qeyri-adi və ecazkar görünüşə malik «Bəxt köşkü» 2012-ci ildə «European Property Awards»ın təşkil etdiyi «Dövlət Xidməti Memarlığı» kateqoriyasında “Beş Ulduz” mükafatına layiq görülüb.

 

«Riverside» Nəqliyyat və Texnologiya Muzeyi

Şotlandiyanın ən böyük şəhəri Qlazqoda inşa olunan  «Riverside» Nəqliyyat və Texnologiya Muzeyi dünyanın ən maraqlı muzeyləri sırasındadır. Klayd çayının yaxınlığında tikilən unikal binanın layihəsini məşhur memar Zaha Hadid hazırlayıb. “Zaha Hadid Architects” şirkəti tərəfindən layihələndirilən muzey 2011-ci ildə ictimaiyyətə təqdim edilib və böyük marağa səbəb olub. Köhnə gəmiqayırma zavodunun ərazisində, sənaye məhəlləsində dünyanı 3 dəfə dövrə vurmuş Şotlandiyanın ən qədim yelkənli gəmisi ilə üzbəüz  yerləşən  muzey şəhərin görünüşünü əhəmiyyətli dərəcədə dəyişmişdir.

Hündürlüyü 36 metr olan binanın fasadı tamamilə şüşədən hazırlanıb. Ziqzaq şəklində quraşdırılmış və üzən aysberqə bənzəyən damın tikintisində xüsusi sink panellərdən istifadə olunub.  Ultra müasir interyerdə XX əsrin əvvəlindən ortalarına qədər  nəqliyyatın bütün növləri sərgilənir. Qlazqo və Şotlandiya nəqliyyatının inkişaf tarixindən bəhs edən və 3000-dən çox eksponatı olan muzeydə skeytbordlar, lokomotivlər, uşaq arabaları, avtomobillər, hücum təyyarələri, həmçinin xüsusi stenddə bərkidilmiş, müxtəlif illərdə hazırlanmış velosipedlər də nümayiş olunur. 90-dan çox xüsusi interaktiv displeylərdən istifadə etməklə ziyarətçilər lazım olan bütün məlumatları əldə edə bilirlər. Burada, həmçinin XX əsrin əvvəllərində istehsal edilən qatara, tramvaya və ya avtobusa minmək də mümkündür.

2012-ci ilin may ayında ekspozisiya innovativ texnologiyalara görə Avropa Muzeylər Akademiyasının nüfuzlu mükafatına layiq görülüb.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».