Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

COZEF BAYDEN İSRAİLLİ HƏMKARI İLƏ RUSİYA VƏ İRANI MÜZAKİRƏ EDİB

ABŞ prezidenti Cozef Bayden israilli həmkarı İsxak Hersoqla görüşündə İran və Rusiyanı müzakirə edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Açıqlamaya əsasən, dövlət başçıları qarşılıqlı maraq doğuran əsas məsələlər, o cümlədən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanın artırılması və İranın Rusiya ilə artan müdafiə tərəfdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, Cozef Bayden “İsrail-Fələstin münaqişəsinin iki dövlətin birgə yaşaması əsasında danışıqlar yolu ilə həlli yolunun qorunub saxlanmasına”, eləcə də “israillilərə və fələstinlilərə bərabər azadlıq, firavanlıq, eləcə də təhlükəsizlik şəraitinin təmin edilməsinə sadiqliyini” təsdiqləyib.

“Prezident İordan çayının qərb sahilində təhlükəsizlik və iqtisadi vəziyyətin yaxşılaşdırılması və terror hücumlarının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb”, - deyə Ağ Evin açıqlamasında bildirilir.

Eyni zamanda, liderlər iqlim dəyişikliyi, pandemiya və ərzaq təhlükəsizliyi kimi ümumi qlobal problemlərin öhdəsindən gəlmək üçün texnoloji həllərin işlənib hazırlanması üzrə davam edən əməkdaşlığı müzakirə ediblər.

 

BMT: UKRAYNA HAZIRDA CƏHƏNNƏMİ XATIRLADIR

“Rusiyanın müharibəyə başlamasından 500 gün sonra da Ukraynada həyat cəhənnəmi xatırladır. Ölkənin bütün ərazisi atəş altındadır və burada demək olar təhlükəsiz yer qalmayıb”. “TRT” telekanalının xəbərinə görə, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo Təhlükəsizlik Şurasının iclasında bildirib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, müharibə başlayandan bəri Ukraynada 9287 mülki şəxs həlak olub, reallıqda isə ölənlərin sayı xeyli çoxdur.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanın taxıl sazişində iştirakını dayandırmasını pisləyib. Onun sözlərinə görə, Qara dəniz təşəbbüsü dünya bazarında sabitliyi təmin edir və ərzaq qiymətlərini aşağı salırdı.

Məlumat üçün qeyd edək ki, Ukrayna və Rusiya taxıl və digər ərzaq məhsullarının ən böyük ixracatçılarıdır. Bu ölkələrdən tədarük zəncirinin qırılması dünya bazarında ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

 

BELARUSA QARŞI YENİ SANKSİYALAR GƏLƏN HƏFTƏ RAZILAŞDIRILA BİLƏR

Avropa İttifaqının Belarusa qarşı yeni sanksiyaları ilə bağlı sənəd gələn həftə razılaşdırıla bilər. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə “Financial Times” nəşri avropalı diplomatlara istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Avropa Komissiyası üzv ölkələrin nümayəndələri tərəfindən gələn həftə təsdiq oluna biləcək müvafiq mətnlərin üzərində işləyir.

Yüksək rütbəli Avropa rəsmisinin sözlərinə görə, Polşanın israr etdiyi kalium sanksiyaları hələlik yeni sanksiyalar paketinə daxil edilməyəcək. Lakin onun sözlərinə görə, Aİ bu mövzuya daha sonra qayıda bilər.

İyulun 18-də Aİ ölkələrinin daimi nümayəndələrinin Brüsseldə keçirilən fövqəladə iclasında Belarusa qarşı sanksiyalar müzakirə edilib. Bildirilir ki, tədbirlər paketi indiyədək qeyri-rəsmi şəkildə razılaşdırılıb. Aİ Belarusa hərbi texnika, silah, sursat, ikili təyinatlı mallar və təyyarə hissələrinin tədarükünə iqtisadi məhdudiyyətlər qoymağı planlaşdırır.

 

DÜNYANIN ƏN BÖYÜK AYSBERQİ AKTİV HƏRƏKƏTƏ BAŞLAYIB

Təxminən 30 il əvvəl Antarktida buzlaqlarından qopmuş dünyanın ən böyük aysberqi (A23a) son vaxtlar axınla aktiv şəkildə hərəkət etməyə başlayıb və hazırda ayda təxminən 150 kilometr sürətlə hərəkət edir. Bu barədə “TRT” telekanalı  Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, hazırda aysberq Antarktida sahilləri boyunca Veddell dənizində hərəkət edir. Məlumata əsasən, sözügedən aysberqin sahəsi təxminən 4170 kvadratkilometrdir.

 Alimlərin sözlərinə görə, bu aysberqin gələcəyi bir sıra amillərdən, o cümlədən axınların təsiri, sualtı relyef çıxıntıları və meteoroloji vəziyyətdən asılıdır. Mütəxəssislər həmçinin bildiriblər ki, onun ömrünə az qalıb və aysberq əriyərək suya qarışacaq.

 

İSTANBULDA BAŞ VERMƏSİ GÖZLƏNİLƏN ZƏLZƏLƏYƏ HAZIRLIQLAR

Türkiyə hökuməti İstanbulu seysmoloqların xəbərdarlıq etdiyi mümkün dağıdıcı zəlzələ üçün hazırlamağa başlamaq niyyətindədir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

“Biz İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu və şəhərin rayon rəhbərləri ilə görüşdük, prinsipial razılığa gəldik. Gələn həftə təbii fəlakətə hazırlıq üçün işə başlayırıq”, - deyə nazir vurğulayıb.

Eyni zamanda, Mehmet Özhasekinin  sözlərinə görə, İstanbul seysmik təhlükəlilik baxımından dünyanın ən riskli on şəhəri sırasındadır.

“Zəlzələ təhlükəsi siyasətdən kənar bir mövzudur. Bir saniyə də itirə bilmərik. İstanbulda 5 milyon 800 min xüsusi bina var. Bunlardan 1,5 milyonu risk zonasında, 600 mini isə yüksək risk zonasında yerləşir”, - deyə nazir əlavə edib.

 

ABŞ NÜVƏ SUALTI QAYIĞINI KOREYA YARIMADASINA GÖNDƏRİB

ABŞ-ın rəsmi Pxenyan administrasiyasının nüvə silahı və raket buraxılışlarına qarşı 42 ildən sonra göndərdiyi ilk nüvə sualtı qayığı Cənubi Koreyaya çatıb. Bu barədə “TRT” telekanalı “Yonhap” agentliyinə istinadən xəbər verib.

Məlumata əsasən, Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, Busan limanına yan alan dünyanın ən böyük sualtı qayıqlarından biri olan “USS Kentucky” nüvə sualtı qayığı 170 metr uzunluğunda və təxminən 19 min ton ağırlığındadır.

Qeyd edilir ki, ABŞ “Şimali Koreyanı hücumlardan çəkindirmək” məqsədi ilə 1981-ci ildən bəri ilk dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərib.

“Nüvə sualtı qayığının Koreya yarımadasına yerləşdirilməsi ABŞ-ın “Genişlənmiş çəkindirmə” tədbirlərini qətiyyətlə həyata keçirəcəyinin göstəricisidir”, - deyə Cənubi Koreyanın müdafiə naziri Li Conq-Sop vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin aprel ayında Cənubi Koreya prezidenti Yun Sok-Yol ABŞ prezidenti Cozef Baydenlə “Vaşinqton bəyannaməsi”ni imzalayıb. Bu bəyannamə ilə ABŞ nüvə silahı da daxil olmaqla bütün hərbi potensialı ilə Cənubi Koreyanı müdafiə etmək üçün “Genişləndirilmiş çəkindirmə” tədbirləri görəcəyini öhdəsinə götürür.

 

FRANSADA ETİRAZÇILARIN VALİDEYNLƏRİ DƏ CƏZALANDIRILACAQ

Fransa məhkəmələri iyunun sonu və iyulun əvvəllərində iğtişaşlarda iştirak etdiklərinə görə 1000-dən çox insanı həbs cəzasına məhkum edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə naziri Erik Düpon-Moretti məlumat yayıb.

“1056 nəfər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, onlardan 742 nəfəri real cəza alıb. Orta cəza müddəti 8,2 aydır. Artıq 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib”, - deyə nazir bildirib.

Bununla yanaşı, nazir əlavə edib ki, ümumilikdə 1278 hökm çıxarılıb, bunun da 95 faizi məhkumluqdur.

Eyni zamanda, Erik Düpon-Moretti onu da əlavə edib ki, yaxın gələcəkdə övladları etiraz aksiyalarında iştirak edən valideynlərə qarşı da məhkəmə prosesləri keçiriləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.