DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN SERBİYANI ÖLKƏSİNİN ƏN ETİBARLI MÜTTƏFİQİ ADLANDIRIB

“Serblər əsrlər boyu Rusiyanın ən etibarlı müttəfiqləri olublar, Moskva bunu bilir, xatırlayır və dəyər verir”. “Report” agentliyinin məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Rusiya və Serbiyanın münasibətləri xüsusi xarakter daşıyır və tarixən dərin köklərə bağlıdır. Mən həmişə bu barədə xüsusi səmimiliklə danışıram, çünki əsrlər boyu  serblər Rusiyanın ən etibarlı müttəfiqləri olublar, biz bunu bilirik, xatırlayırıq və dəyər veririk”, - deyə Rusiya prezidenti qeyd edib.

Məlumata əsasən, Serbiya Avropa İttifaqına üzv olmaq istəyən yeganə ölkədir ki, Rusiyanın Ukraynaya hücumunu pisləyən BMT ölkələrinin əksəriyyətinə qoşulsa da, yekdilliklə Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edib.

Bununla yanaşı, rəsmi Belqrad Avropanın yeganə paytaxtıdır ki, burada təkcə Ukraynaya dəstək üçün müharibə əleyhinə mitinqlər deyil, həm də Putin və Rusiyaya dəstək məqsədilə minlərlə insanın yürüşləri keçirilir.

Aİ-DƏ SU QITLIĞI MÜNAQİŞƏLƏRƏ SƏBƏB OLA BİLƏR

Avropa İttifaqı ölkələri arasında su ehtiyatlarının çatışmazlığı ilə bağlı fikir ayrılığı münaqişəyə çevrilə bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri Avropa Komissiyasının məxfi sənədinə istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, tez-tez baş verən quraqlıqların əsrin sonunadək Avropa İttifaqının iqtisadi artımını yeddi faiz azaldacağı, infrastruktura, səhiyyəyə və iqtisadiyyata zərər vuracağı gözlənilir.

Eyni zamanda, Avropa Komissiyası su qıtlığını həyatın bütün aspektlərini təhdid edən problem hesab edir: “Bu risklər müxtəlif formalarda özünü göstərəcək. Su ehtiyatları uğrunda artan rəqabət həm dövlətlər daxilində, həm də transsərhəd su ehtiyatları uğrunda münaqişələrə səbəb olacaq.

Məlumata görə, artıq bəzi Avropa ölkələri quraqlığın fəsadları ilə üzləşib, su ilə bağlı münaqişələr qeydə alınıb. Fevralın əvvəlində İspaniyanın Kataloniya hökuməti quraqlıq səbəbindən regionun əksər hissəsində fövqəladə vəziyyət rejimi elan edib, sudan istifadəyə məhdudiyyətlər qoyulub.

Su qıtlığı həmçinin Kataloniya və Araqon muxtariyyətləri arasında Ebro çayı ilə bağlı münaqişəyə səbəb olub. Ötən ilin martında isə Fransada yeni su anbarlarının tikintisinə qarşı irimiqyaslı etiraz aksiyaları keçirilib.

UKRAYNAYA YARDIMLA BAĞLI ALTERNATİV QANUN LAYİHƏSİ TƏQDİM OLUNACAQ

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı alternativ qanun layihəsi təqdim etməyi planlaşdırır. “CNN” telekanalının xəbərinə görə, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin rəhbəri Maykl Makkol bəyan edib.

Komitə rəhbərinin sözlərinə görə, qanun layihəsi martın 22-də Konqres hökumətin maliyyələşdirilməsi məsələsini həll etdikdən sonra təqdim olunacaq.

Eyni zamanda, Maykl Makkol Nümayəndələr Palatasının spikeri Mayk Consonun belə bir təşəbbüsü dəstəkləyəcəyini irəli sürüb.

Xatırladaq ki, daha öncə “CNN” ABŞ-ın Ukraynaya 60 milyard dollar məbləğində yardımı ehtiva edən yeni qanun layihəsinin martın sonunda və ya apreldə hazırlana biləcəyinə dair məlumat yaymışdı.

İŞİD ÜZVLƏRİNİN SİNAQOQA HÜCUMUNUN QARŞISI ALINIB

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva sinaqoqlarından birində silahlı hücumun qarşısını alıb, onu hazırlayan İŞİD terror qruplaşmasının üzvləri Kaluqa vilayətində zərərsizləşdirilib. “TASS” agentliyinin xəbərinə görə, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“İŞİD-in Əfqanıstandakı “Vilayət Xorasan” qruplaşmasının üzvləri Moskvada sinaqoqlardan birinə qarşı terror aktı törətməyi planlaşdırıb”, - deyə açıqlamada qeyd edilib.

Eyni zamanda, bildirilib ki, terrorçular məlumat toplayarkən təhlükəsizlik orqanlarının diqqətini çəkiblər. Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, terror təşkilatının üzvləri odlu silahdan istifadə etməklə sinaqoq prixodlarına hücum hazırlayıblar.

Qeyd edilib ki, terrorçular saxlanılarkən FTX-nin əməkdaşlarına silahlı müqavimət göstəriblər və nəticədə cavab atəşi ilə zərərsizləşdiriliblər.

ÇEXİYA İLƏ SLOVAKİYANIN FİKİR AYRILIĞI SƏBƏBİNDƏN ARALARI DƏYİB

Çexiya Slovakiya ilə Nazirlər Kabinetinin növbəti birgə iclasını Rusiya və Ukraynaya münasibətdə fikir ayrılıqları səbəbindən yaranan münaqişəyə görə ləğv edib. Bu barədə “BBC” agentliyinin xəbərində bildirilir.

Agentlik qeyd edib ki, belə görüşlər mütəmadi olaraq keçirilir və son dərəcə yaxın əlaqələrə malik, eləcə də müəyyən müddət öncə vahid dövlət şəklində olan iki ölkə üçün bu görüşlərin ləğvi olduqca qeyri-adi haldır.

Məlumata görə, münaqişə Slovakiyanın xarici işlər naziri Yuray Blanarın Antalyada keçirilən diplomatik sammit çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra yaranıb.

Bildirilir ki, Slovakiya qonşusu tərəfindən bu danışıqlara görə ciddi şəkildə tənqid edilib. Slovakiyanın baş naziri Robert Fitso isə ölkəsinin suveren xarici siyasət yürüdən, “dünyanın dörd bir tərəfi ilə” qarşılıqlı əlaqədə olan ölkə olduğunu diqqətə çatdırıb.

“BBC” qeyd edir ki, Çexiya və Slovakiyanın Rusiyaya qarşı siyasəti və Ukraynaya dəstəyi indi, demək olar ki, diametral şəkildə əksdir.

FRANSA HƏRBÇİLƏRİ SENEQALI DA TƏRK EDİR

Fransa silahlı qüvvələri dəniz piyadalarını Seneqaldan çıxarmağa başlayıb. “Sputnik” informasiya agentliyinin məlumatına görə, dəniz piyadalarının ölkədən çıxarılması prosesi iyunun sonundan gec olmayaraq başa çatacaq.

Verilən xəbərə əsasən, Fransanın Seneqaldakı hərbi kontingentinin sayı 500 əsgərdən 260-a enəcək. Nəşrin məlumatına görə, Seneqalda qalan fransalı hərbçilər yerli əsgərlərin təlimi ilə məşğul olacaqlar.

Xatırladaq ki, 2022-ci ildə Fransa prezidenti Emmanuel Makron Qərbi Afrikanın Sahel regionunda on il əvvəl başladılan “Barxan” əməliyyatının başa çatdığını elan edib. O, həmçinin Fransanın bu ölkədə hərbi mövcudluğunu saxlamaqla, bölgədəki hərbi hissələrdə islahatların başlayacağını bildirmişdi.

Məlumat üçün qeyd edək ki, Mali və Niger hakimiyyətinin tələbi ilə həmin ölkələrin ərazisində yerləşən fransız qoşunları tamamilə çıxarılıb.

OKEAN SULARININ TEMPERATURU REKORD HƏDDƏ ÇATIB

Okeanların temperaturu fevral ayında rekord həddə - yəni 21,06 dərəcəyə qədər yüksəlib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının iqlim dəyişikliyi üzrə xidməti “Copernicus” məlumat yayıb.

Bildirilir ki, bundan əvvəlki rekord 2023-cü ilin avqustunda suyun temperaturu 20,98 dərəcə səviyyəsinə qalxdığı zaman qeydə alınıb. Bu il, ümumiyyətlə, fevral ayında müşahidələr tarixində ən isti ay olub.

Məlumata görə, temperaturun artması Sakit okeanı gözlənildiyindən daha isti edən “El Ninyo” iqlim hadisəsi ilə əlaqədardır. Lakin bu, ilk növbədə okeanın şərq hissəsinin səth sularına təsir edir.

“Daha təəccüblüsü odur ki, dəniz səthinin temperaturu Atlantik okeanın tropik hissəsi və Hind okeanının mərkəzindən uzaq bölgələrdə rekord səviyyədədir”, - deyə Redinq Universitetindən iqlimşünas Riçard Allan qeyd edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.